11 sentyabr 2026 12:15
128

Xəzərin son durumu: Regional fəlakət və qlobal səssizlik

Yaranmış çağırışlar və Xəzəryanı ölkələrin əməkdaşlığının zərurəti bu günlərdə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsində (CW4) müzakirə olunub

Xəzər dənizinin səviyyəsinin enməsi prosesi son illərdə hiss olunacaq dərəcədə sürətlənib. İqlim dəyişikliyi - temperaturun yüksəlməsi və külək istiqamətlərinin dəyişməsi, - eləcə də Xəzər hövzəsinin əsas çaylarının axınının azalması kimi texnogen amillər su itkisinin əsas səbəbləridir. Ekoloji problemlər və biomüxtəlifliyin deqradasiyası ilə yanaşı, Xəzərin dayazlaşması naviqasiya təhlükəsizliyinə xeyli dərəcədə təsir edir, həmçinin üzən vasitələrin yüklənməsini azaltmaq məcburiyyəti ucbatından gəmiçiliyin rentabellik səviyyəsini aşağı salır. Yaranmış çağırışlar və Xəzəryanı ölkələrin əməkdaşlığının zərurəti bu günlərdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsində (CW4) müzakirə olunub.

Bildirək ki, 1996-cı ildən hazırkı dövrədək Xəzərin səviyyəsi 2,3 metrdən çox enib və bu proses davam etməkdədir. Mütəxəssislərin fikrincə, əsas səbəb su balansının pozulması ilə bağlıdır. Xəzər dənizi əsasən çay axınları ilə qidalanan qapalı su hövzəsidir və son illərdə tez-tez baş verən quraqlıqlar, yüksək buxarlanma və yağıntılar, eləcə də çay axınları vasitəsilə təbii su həcminin kifayət qədər bərpa olunmaması səbəbindən dayazlaşma prosesləri əhəmiyyətli dərəcədə sürətlənib. Qlobal iqlim prosesləri və Xəzərə xas olan tsikliklik - su səviyyəsinin dövr etməsi ilə yanaşı, dayazlaşma dinamikasına antropogen və texnogen amillər də təsir göstərir. Bunlardan ən əsası Xəzərə daxil olan ümumi su axınının təxminən 85 faizini təmin edən Rusiyanın Volqa çayının məcrasının hidrotexniki qurğularla tənzimlənməsidir. Hələ Sovet dövründə onun üzərində doqquz nəhəng su anbarı tikilib, son illərdə isə burada kənd təsərrüfatı ehtiyacları və su təchizatı üçün həddindən artıq su götürülməsi müşahidə olunur. Oxşar proseslər Xəzər hövzəsinin digər iki vacib arteriyası olan Ural və Kür çaylarında da qeydə alınıb.

Dayazlaşan Xəzər: Səylər birləşdirilmədən problemin həlli mümkün deyil

“Xəzər dənizinin səviyyəsinin enməsi hər il region üçün daha həyəcanverici amilə çevrilir və Azərbaycan bu məsələni regional və beynəlxalq gündəliyin daha yüksək səviyyəsinə qaldırmaq, habelə Xəzəryanı dövlətlər arasında dialoqu möhkəmləndirmək istiqamətində iş aparır”. Bu fikri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev CW4-ün açılış mərasimində söyləyib. Yaranmış vəziyyət Xəzəryanı regionun bütün beş dövləti tərəfindən birgə müzakirələrin, tədqiqatların aparılması və kollektiv tədbirlərin görülməsi zərurətini artırır. Forumun iştirakçısı, BMT-nin Layihələrə Xidmət İdarəsinin (UNOPS) Avstriya üzrə Çoxölkəli İdarəsinin direktoru Simonetta Siliqato bildirib ki, regional əməkdaşlığın Xəzər dənizinin praktiki idarə olunmasının ayrılmaz hissəsinə çevrilməsi üçün məlumat və bilik mübadiləsini yaxşılaşdıracaq, eləcə də dayanıqlı maliyyələşməni təmin edəcək təsisatlara ehtiyac var. Arzulanan effekti əldə etmək üçün hökumət strukturları ilə yanaşı, bu prosesə tədqiqat institutlarını, beynəlxalq maliyyə təşkilatlarını, yerli icmaları və özəl sektoru da cəlb etmək lazımdır. Ekspert xatırladıb ki, UNOPS xətti ilə Dünya Bankı ilə birgə və Qlobal Ekoloji Fondun maliyyələşdirməsi ilə Azərbaycanda «Blueing the Caspian Sea» (Xəzər dənizinin dirçəldilməsi) layihəsi həyata keçirilir. Qazaxıstan və Türkmənistanda da birgə planlaşdırma üçün ümumi elmi baza yaradılır. «Lakin baş verənləri həqiqətən anlamaq istəyiriksə, məlumat mübadiləsi aparmalı, qarşılıqlı əlaqə qurmalı və birgə planlar hazırlamalıyıq», — deyə S.Siliqato qeyd edib və regional səviyyədə müqayisə oluna bilən monitorinq sistemlərinin, ümumi məlumat bazalarının və informasiya mübadiləsi platformalarının yaradılmasının aktuallığını vurğulayıb.

Ekspertlər hesab edirlər ki, mənfi ssenarilər gerçəkləşəcəyi təqdirdə, yaxın onilliklərdə region ölkələri infrastruktura, limanlara, nəqliyyata, yerli iqtisadiyyata və əhalinin dolanışıq vasitələrinə birbaşa təsir edəcək dramatik dəyişikliklərlə üzləşə bilərlər. Dayazlaşmanın artması ekosistemlər üçün də birbaşa təhlükə yaradır. Məsələn, nərə balıqları yay və payız yaşayış mühitinin 45 faizinə qədərini itirir və ənənəvi kürü tökmə yerlərindən məhrum olurlar. Həmçinin Xəzər suitisi populyasiyası üçün də risklər artır. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun sözlərinə görə, suyun səviyyəsinin enməsi minus 30 metr göstəricisinə qədər davam edərsə, uzunmüddətli perspektivdə Azərbaycan akvatoriyasında dənizin sahil xəttindən geri çəkilməsi Nabran və Şabranda 4-5 kilometr, Səngəçal-Ələt zonasında 10-12 kilometr, Lənkəran-Astara zonasında isə 2-3 kilometr təşkil edə bilər.

Ümid etmək qalır ki, həm dənizin səviyyəsinin qalxması ilə müşayiət olunan təbii əks-tsiklin başlaması, həm də region ölkələri arasında Xəzərə, xüsusən də Volqa hövzəsindən şirin su axınının artırılması barədə razılaşmaların əldə olunması sayəsində bu cür faciəvi ssenarinin qarşısını almaq mümkün olacaq. Sevindirici haldır ki, son üç ilin monitorinqi səviyyənin düşmə sürətinin bir qədər zəiflədiyini göstərir. Proseslərin kulminasiya nöqtəsində illik azalma 25–30 sm təşkil edirdisə, son vaxtlar bu göstərici 17–20 sm həddində qalır.

Naviqasiya təhlükəsizliyini təmin etmək xüsusilə vacibdir

Xüsusilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dayanıqlı inkişaf və tullantıların idarə olunması üzrə direktoru Ələkbər Əzizlinin qeyd etdiyi kimi, dayazlaşma gəmiçilik üçün yeni çağırışlar yaradır: “Su səviyyəsinin enməsi davam edərsə, biz yalnız kanalları dərinləşdirməklə kifayətlənməyib, həm də pirs adlandırılan körpüləri uzatmalı olacağıq. Bu şəraitdə gəmiçilik şirkəti kimi bizim üçün naviqasiya təhlükəsizliyini təmin etmək xüsusilə vacibdir: biz naviqasiya xəritələrinə yenidən baxırıq və kapitanları zəruri dəyişikliklər barədə vaxtında məlumatlandırırıq”. Direktorun sözlərinə görə, suyun səviyyəsinin düşməsi ticarət donanmasının yüklənməsinə birbaşa təsir edir. Xüsusən də ASCO-nun bərələrindən biri bu gün Qazaxıstandan əvvəlki yük həcminin yalnız 80 faizini qəbul edə bilir. Bu, təkcə ASCO üçün maliyyə itkilərinə gətirib çıxarmır, həm də Orta Dəhliz marşrutlarına və böyük imkanlardan istifadə edən müştərilərə mənfi təsir göstərir. Batmış qazma qurğuları və kəmərlərlə bağlı risklər də mövcuddur. Suyun səviyyəsinin enməsi bu tür obyektlərlə toqquşma zamanı gəmi korpuslarının zədələnməsi təhlükəsini artırır.

Lakin ümumilikdə Xəzərdəki mənfi proseslər Azərbaycana nisbətən az təsir edir. Ələt portu akvatoriyasının işlək vəziyyətdə saxlanılması üçün aparılan sistemli işlər sayəsində farvaterlərin dərinlik göstəriciləri orta hesabla 6,9-7 metr həddində saxlanılır. Oxşar dibdərinləşdirmə işləri Dübəndi dəniz neft terminalında da aparılıb; 2010-cu ilin mart ayında istismara verilmiş Zığ ərazisindəki quru yük limanında da vəziyyət stabildir. Öz növbəsində, “AZCON Holding”-in strukturuna daxil olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ötən ilin iyul ayında Bakı Gəmiqayırma Zavodunun akvatoriyasında və yanaşma kanalında dibdərinləşdirmə işlərini uğurla yerinə yetirib. İşlər 80 000 kvadratmetr ərazini əhatə edib, nəticədə akvatoriyanın ümumi dərinliyi 9 metrə çatıb.

Yekun olaraq, Xəzər dənizində suyun səviyyəsinin enməsi yalnız ekoloji böhran deyil, bütün regionun iqtisadi və sosial gələcəyini təhdid edən birbaşa təhlükədir. Aral faciəsinin təkrar olunmaması üçün Xəzəryanı ölkələr ləngimədən vahid fəaliyyət planı hazırlamalı, su resurslarından birgə və məsuliyyətlə istifadə etməlidirlər.

Sevinc Azadi, “İki sahil”