10 sentyabr 2026 18:35
89

Rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi əsas hədəflərdəndir - TƏHLİL

Prezident İlham Əliyevin iştirakı ilə paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışı  da bu məqsədə xidmət edir 

Azərbaycanda qeyri-neft-qaz sektorunun şaxələndirilməsi və sənayeləşmə siyasətinin dərinləşdirilməsi cari ildə də iqtisadiyyatın əsas prioritet istiqamətlərindən biri kimi diqqətdədir. Sənaye potensialının gücləndirilməsi və rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi istiqamətində atılan addımlar davamlıdır. Sənayeləşmə prosesinin nəticələrindən biri də ölkədə daha dayanıqlı istehsal və təchizat zəncirlərinin formalaşmasıdır. Bu ilin yanvarında dövlət başçısı İlham Əliyevin imzaladığı Fərmana əsasən yaradılan Qərb Sənaye Parkı sənayeləşmənin regional miqyasda genişləndirilməsinin bariz nümunəsidir. Parkın yaradılmasında əsas məqsəd ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, habelə regionlarda iqtisadi fəallığın və məşğulluğun daha da artırılmasıdır. Qərb Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazi kimi müəyyənləşəcək.

Avqust ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində  Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak etdilər. Ölkəmizdə hazırda 8 sənaye parkı (Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Balaxanı Sənaye Parkı) fəaliyyət göstərir. 2026-cı ilin iyulun 1-ə olan məlumata görə, sənaye parklarında ümumilikdə 21,4 milyard manatlıq məhsul istehsal edilib, bunun da 6,7 milyard manatlıq hissəsi ixrac olunub.

Sənaye zonaları biznes subyektlərinin innovativliyinin və istehsalın səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan məhsul istehsalının təşviqində, ixrac potensialının genişləndirilməsində, eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Yerli istehsalın genişləndirilməsi həm daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, həm də Azərbaycan məhsullarının xarici bazarlara çıxışının artırılmasına imkan yaradır. Prezident İlham Əliyevin  sentyabrın 10-da paytaxtın Qaradağ rayonunda  açılışında iştirak etdiyi “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsi də bu məqsədə xidmət edir.  Belə ki, müəssisədə həm yerli bazar, həm də xarici ölkələrdən gətirilən xammal və materiallardan istifadə olunmaqla kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal ediləcək. On bir hektara yaxın ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyaları tətbiq olunacaq. Məhsullar daxili bazarla yanaşı, Gürcüstana, Qazaxıstana, Rusiyaya, Yaxın Şərq ölkələrinə və digər dövlətlərə ixrac ediləcək. Burada 240 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır. Müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Layihənin ümumi investisiya dəyəri 27 milyon manatdır.

   Azərbaycan rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə olaraq  beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz liderliyini qoruyur.   Sabitliyin, normal iqtisadi mühitin mövcudluğunun təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirməsi  ölkəmizin investisiya cəlbediciliyini qorumasında əhəmiyyətli rol oynayır. Hazırda ölkədə reallaşdırılan irimiqyaslı yaşıl enerji, infrastruktur və regional layihələr xarici investorların marağını daha da artırır. Dövlətimizin başçısı İlham Əliyevin çağırışlarında bu məqam xüsusi vurğulanır ki, qeyri-neft sektoru və əldə olunan iqtisadi artımlar ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə,  bütün bu amillər  iqtisadi inkişafımızı təmin edəcək.

2003-cü ildən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurlu nəticələri göz önundədir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, son illərdə   ölkə iqtisadiyyatına 350 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları  qeyri-neft sektorunun payına düşür. Yeni texnologiyaların tətbiqi şəraitində işin keyfiyyətini və səmərəliliyini artırmaq mümkündür və bu, son illərin uğurlu nəticələrində özünün aydın ifadəsini tapır. Azərbaycanda davamlı beynəlxalq investisiya forumlarının təşkili ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasını gücləndirir, qeyri-neft sektorunun inkişafına təkan verir və xarici sərmayələrin cəlb olunması üçün etibarlı dövlət-özəl tərəfdaşlıq platforması yaradır. Bu kimi tədbirlər ölkənin iqtisadi imkanlarını beynəlxalq biznes ictimaiyyətinə birbaşa təqdim edir, sənaye, yaşıl enerji, nəqliyyat və logistika kimi sahələrə xarici kapitalın yönləndirilməsini asanlaşdırır, xarici investorlara qlobal maliyyə institutları ilə uzunmüddətli əlaqələr qurmağa geniş  imkanlar yaradır. Qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və layihələrin müzakirəsi, ölkəyə yeni investisiyaların cəlb olunması hazırkı dövrün əsas çağırışlarındandır. Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm verir, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atır. Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün geniş və əlverişli imkanlar yaratmışdır.  Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər.

Reallıq budur ki, Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulub.  Ümummilli Lider Heydər Əliyevin  böyük səyləri nəticəsində  imzalanmış “Əsrin müqaviləsi” qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə yazılıb, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaranıb. Azərbaycan həm bu günün enerji təhlükəsizliyini möhkəmləndirir, həm də sabahın yaşıl iqtisadiyyatını qurur. Ölkəmizdə qanunun aliliyinin təminatı, hökm sürən siyasi sabitlik və sərmayələrin qorunması iqtisadi siyasətimiz üçün fundamental amil rolunu oynayır və investorlar üçün uzunmüddətli etimad mühiti yaradır. Yaradılmış infrastruktur və hüquqi təminatlar əsasında Azərbaycan biznes layihələrini dəstəkləməyə, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqları irəli aparmağa tam hazırdır.

Ulu Öndər  Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirməklə Azərbaycanın iqtisadi inkişafının yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. Möhkəm təmələ əsaslanan iqtisadi siyasətimiz hər bir  hədəfə zamanında və yüksək səviyyədə nail olunmasına stimul verir. Son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını prioritet məsələ kimi qarşıya qoyan dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq rayonlar arasında ixtisaslaşma həyata keçirildi. Bu gün böyük inamla qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimiz də bu sahələrin inkişafı üçün böyük potensiala malikdir. Böyük Qayıdışın gerçəkləşməsindən sonra ölkəmizin dayanıqlı inkişafının, ən əsası isə bütün dövrlər üçün aktuallığını qoruyan ərzaq təhlükəsizliyinin təmini üçün geniş imkanlar yaranacaq. Biznesin inkişafına, investisiya iqliminin sağlamlığı naminə həyata keçirilən layihələrin əhəmiyyətinə görə islahatçı ölkə adlandırılan Azərbaycan dövrün çağırışlarını yüksək səviyyədə çavablandırır.

Qısa təhlil bu qənaətə gəlməyə  əsas verir ki,  Azərbaycanın  iqtisadi və investisiya potensialının beynəlxalq səviyyədə təşviqi, əlverişli biznes və investisiya mühitinin daha da təkmilləşdirilməsi, xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafının təmin olunması və ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasının gücləndirilməsi dövlətin sosial-iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir. Bu gün bütün regionlarımızın, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadəni özündə ehtiva edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” uğurla icra edilir. Ümumilikdə dövlətimizin başçısının ölkəmizin dayanıqlı inkişafının təmin edilməsinə yönələn addımları ardıcıllığı ilə diqqəti cəlb edir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının uğurlu icrası əldə olunan nəticələrdən aydın görünür.  

 Yeganə Əliyeva, “İki sahil”