Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərini əhatə edir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlərdə multikulturalizm ənənələrinin qorunması, müxtəlif dini və etnik qrupların vahid cəmiyyət daxilində birliyi, beynəlxalq münasibətlərdə ədalət prinsipinin təmin olunması və müstəqilliyin qətiyyətlə müdafiəsi bir-birini tamamlayan məsələlər kimi ön plana çıxır.
Bu sözləri "İki sahil"ə Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, müasir dünyada mədəniyyətlər və dinlər arasında münasibətlərin mürəkkəbləşdiyi, müxtəlif regionlarda münaqişələrin və qarşıdurmaların davam etdiyi bir şəraitdə dialoqun təşviqi xüsusi əhəmiyyət daşıyır: “Belə bir dövrdə Azərbaycanın bu istiqamətdə ardıcıl siyasət yürütməsi, beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və fərqli mədəniyyətlərin nümayəndələrini bir araya gətirməsi ölkəmizin qlobal əməkdaşlığa verdiyi töhfənin ifadəsidir. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın bu sahədəki mövqeyinin yalnız tarixi ənənələrə deyil, həm də müasir dövlətçilik prinsiplərinə əsaslandığını bir daha nümayiş etdirir. Azərbaycan tarixən Avropa ilə Asiyanın qovşağında yerləşərək müxtəlif sivilizasiyalar arasında əlaqələrin inkişafında mühüm rol oynayıb. Lakin ölkəmizin mədəniyyətlərarası dialoq sahəsindəki mövqeyini müəyyən edən əsas amil təkcə coğrafi mövqeyi deyil. Xalqımızın əsrlər boyu yaşatdığı tolerantlıq ənənələri, dini və etnik müxtəlifliyə hörmət, qarşılıqlı anlaşma və birgəyaşayış mədəniyyəti bu dəyərlərin milli həyat tərzimizin ayrılmaz hissəsinə çevrilməsini təmin edib. Prezident İlham Əliyev çıxışında xüsusi vurğulayıb ki, mədəniyyətlərarası və dinlərarası münasibətlərlə bağlı məsələlər Azərbaycanın gündəliyində əsas prioritetlər sırasındadır. Bu yanaşma göstərir ki, multikulturalizm ölkəmizdə yalnız tarixi irs kimi qorunmur, eyni zamanda cəmiyyətin sabitliyinə, dövlətin güclənməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edən mühüm istiqamət kimi inkişaf etdirilir”.
Deputat bildirib ki, Azərbaycanın uğurlu və sabit inkişafının əsas səbəblərindən biri də cəmiyyətdə mövcud olan həmrəylikdir: “Müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələrinin ölkəmizin Konstitusiyasına uyğun olaraq bərabər hüquqlardan istifadə etməsi, cəmiyyətin həyatında iştirak etməsi və vahid ailə kimi yaşaması ölkəmizdə formalaşmış ictimai münasibətlərin mahiyyətini ifadə edir. Bu, eyni zamanda, dövlətin bütün vətəndaşların hüquq və azadlıqlarının qorunmasına əsaslanan siyasətinin nəticəsidir. Bu gün dünyanın müxtəlif bölgələrində dini və etnik fərqlərin qarşıdurma vasitəsinə çevrildiyi, dözümsüzlük və ayrı-seçkilik meyillərinin gücləndiyi bir şəraitdə Azərbaycanın təcrübəsi xüsusi aktuallıq qazanır. Ölkəmizin yanaşması göstərir ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri arasında qarşılıqlı hörmətin təmin olunması, hüquq bərabərliyinin qorunması və ümumi dövlətçilik maraqlarının möhkəmləndirilməsi sabit cəmiyyətin əsas şərtlərindəndir. Azərbaycanın bu sahədəki mövqeyi beynəlxalq müstəvidə də ardıcıl şəkildə ifadə olunur. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları fərqli sivilizasiyaların nümayəndələri arasında fikir mübadiləsi üçün geniş imkanlar yaradır. Belə tədbirlərin əsas məqsədi yalnız müxtəliflik haqqında danışmaq deyil, həm də qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, ortaq problemlərin müzakirəsi və əməkdaşlığın inkişafı üçün real zəmin formalaşdırmaqdır”.
Parlamentari söyləyib ki, Prezident İlham Əliyevin çıxışında milli birlik məsələsinə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil: “Dövlətimizin başçısı Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı dövründə, eləcə də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda yaşayan bütün etnik qrupların və dinlərin nümayəndələrinin vahid amal ətrafında birləşərək milli kimliyimizin qorunması, ədalətin bərpası və ərazi bütövlüyümüzün təmin olunması uğrunda mübarizə apardıqlarını vurğulayıb. Bu birlik Azərbaycan xalqının tarixində mühüm yer tutan mənəvi və siyasi hadisədir. Uzun illər davam edən işğal, münaqişənin yaratdığı ağır nəticələr və tarixi ədalətin bərpası zərurəti xalqımızı ümumi məqsəd ətrafında birləşdirən əsas amillərdən olub. Müxtəlif etnik mənsubiyyətə və dini etiqada malik vətəndaşlarımızın Vətənin müdafiəsində eyni mövqedən çıxış etməsi Azərbaycanın dövlətçilik təməllərinin möhkəmliyini nümayiş etdirib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan Ordusunun qəhrəmanlığının və yüksək peşəkarlığının, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin, xalqımızın sarsılmaz iradəsinin və milli həmrəyliyinin nəticəsidir. Bu qələbə dövlətimizin hərbi qüdrətini nümayiş etdirməklə yanaşı, cəmiyyətin bütün təbəqələrinin ümummilli məqsəd naminə birləşmək bacarığını da ortaya qoydu. Müharibə dövründə nümayiş etdirilən həmrəylik Azərbaycanın yalnız hərbi deyil, həm də mənəvi üstünlüyünün mühüm göstəricisinə çevrildi. Ölkə başçımızın milli birliyi qələbənin rəmzi kimi səciyyələndirməsi məhz bu baxımdan böyük məna daşıyır. Çünki milli birlik yalnız müəyyən tarixi mərhələdə meydana çıxan həmrəylik deyil, dövlətin davamlı inkişafını və təhlükəsizliyini təmin edən strateji amildir. Cəmiyyətin vahid dövlətçilik dəyərləri ətrafında birləşməsi, vətəndaşların ölkənin gələcəyi üçün ortaq məsuliyyət daşıması müstəqilliyin qorunmasının əsas şərtlərindəndir. Azərbaycanın multikulturalizm modeli ilə milli həmrəyliyi arasında mövcud olan bağlılıq da burada özünü aydın göstərir. Müxtəliflik ölkəmizin ictimai həyatının təbii xüsusiyyətidir, milli birlik isə həmin müxtəlifliyi ümumi məqsəd ətrafında birləşdirən mənəvi-siyasi qüvvədir. Bu iki amilin uzlaşması Azərbaycan dövlətinin gücünü artırır, cəmiyyətin daxili sabitliyini möhkəmləndirir və xarici təhdidlər qarşısında milli iradənin vahid şəkildə ifadəsinə imkan yaradır”.
S.Salmanova vurğuıayıb ki, Prezident İlham Əliyevin çıxışında beynəlxalq münasibətlərdə ikili standartlara qarşı mübarizənin davam etdiriləcəyinə diqqəti çəkib: “Dövlət başçımız hesab edir ki, bu cür yanaşmalar beynəlxalq münasibətlər sistemindən tamamilə çıxarılmalıdır. Çünki beynəlxalq hüququn prinsipləri ayrı-ayrı dövlətlərin siyasi maraqlarından asılı olaraq fərqli şəkildə tətbiq edildikdə ədalət anlayışı zərər görür, beynəlxalq institutlara etimad zəifləyir və münaqişələrin həlli daha da çətinləşir. Azərbaycanın müasir tarixində yaşanan hadisələr bu məsələnin nə qədər əhəmiyyətli olduğunu göstərir. Torpaqlarımızın uzun müddət işğal altında qalması, münaqişənin həlli istiqamətində beynəlxalq səylərin nəticəsiz qalması və beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl tətbiq edilməməsi ölkəmizin üzləşdiyi əsas problemlərdən olub. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə milli iradəsini ortaya qoydu, beynəlxalq hüquqa əsaslanan mövqeyinin həyata keçirilməsinə nail oldu. Bu gün ikili standartlara qarşı prinsipial mövqenin müdafiəsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması, bütün ölkələrə münasibətdə eyni meyarların tətbiqi beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün vacibdir. Bu yanaşma yalnız Azərbaycanın milli maraqlarına deyil, beynəlxalq münasibətlər sistemində ədalətin və bərabərliyin möhkəmləndirilməsi məqsədinə də xidmət edir”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın müstəqillik dövründə öz həyat tərzini qoruyub saxlaması və daha da gücləndirməsi barədə fikirləri də ölkəmizin keçdiyi inkişaf yolunun mühüm xüsusiyyətlərini əks etdirir: “Müstəqilliyin bərpasından ötən 35 il ərzində Azərbaycan müxtəlif mərhələlərdən keçib, mürəkkəb siyasi və iqtisadi sınaqlarla üzləşib. Bu dövrün böyük hissəsində əsas məqsəd ərazi bütövlüyümüzün bərpası, Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi olub. Həmin strateji məqsədin həyata keçirilməsi Azərbaycanın qarşısında yeni imkanlar açıb. Bu gün ölkəmiz suverenliyini tam təmin etmiş dövlət kimi öz inkişafının növbəti mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, infrastrukturun yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi bu mərhələnin əsas istiqamətlərindəndir. Bütün bunlar müstəqilliyin yalnız siyasi-hüquqi status deyil, həm də xalqın öz gələcəyini sərbəst müəyyənləşdirmək imkanı olduğunu göstərir”.
O həmçinin vurğulayıb ki, dövlət başçısının mümkün risklərin əsasən ölkə hüdudlarından kənarda formalaşdığına dair fikri müasir geosiyasi şəraitdə xüsusi əhəmiyyət daşıyır: “Beynəlxalq münasibətlərdə gərginliyin artması, regional münaqişələrin davam etməsi və müxtəlif güc mərkəzləri arasında rəqabətin dərinləşməsi hər bir dövlətdən daim ayıq-sayıq olmağı, milli təhlükəsizliyini möhkəmləndirməyi və müstəqilliyini qorumağa hazır olmağı tələb edir. Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasət dövlət suverenliyinin etibarlı təminatına əsaslanır. Güclü ordu, iqtisadi dayanıqlıq, milli maraqlara söykənən xarici siyasət və cəmiyyətin həmrəyliyi müstəqilliyin qorunmasının başlıca dayaqlarıdır. Eyni zamanda, Azərbaycanın sülh və əməkdaşlıq təşəbbüslərində iştirakı göstərir ki, təhlükəsizliyin möhkəmləndirilməsi ilə beynəlxalq dialoqun inkişafı bir-birini tamamlayan istiqamətlərdir. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirilən fikirlər bütövlükdə Azərbaycanın dövlətçilik təcrübəsinin əsas məntiqini ortaya qoyur. Multikulturalizm cəmiyyətin daxili harmoniyasını, milli birlik dövlətin bütövlüyünü, müstəqil siyasət isə ölkənin öz gələcəyini müəyyənləşdirmək hüququnu təmin edən əsas amillərdir. Beynəlxalq münasibətlərdə ədalət və bərabərlik prinsiplərinin müdafiəsi isə bu yanaşmanın qlobal müstəvidəki davamıdır. Beləliklə, Prezident İlham Əliyevin forumun açılış mərasimindəki çıxışı Azərbaycanın yalnız mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfəni deyil, həm də öz milli dəyərlərini, suverenliyini və dövlətçilik maraqlarını qətiyyətlə qoruyan ölkə kimi mövqeyini əks etdirir. Azərbaycanın tarixi təcrübəsi göstərir ki, müxtəlifliyə hörmət, milli həmrəylik, müstəqilliyə sədaqət və beynəlxalq münasibətlərdə ədalətə əsaslanan yanaşma dayanıqlı inkişafın mühüm şərtləridir”.
Kamran Bayramov: VII Forum Azərbaycanın multikulturalizm ənənələrini nümayiş etdirir