26 oktyabr 2026 18:30
135

Böhranlardan regional güc statusuna - ŞƏRH

Oktyabrın 2-də Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın müasir dövlətçilik tarixinin konseptual təhlilini bir daha diqqətə çatdırdı, ölkəmizin regionda və dünyada hansı miqyasda inkişaf yolu keçdiyini aydın göstərdi

XX əsrin sonuncu onilliyi Azərbaycan üçün dövlətçiliyin qorunub saxlanılması və ya tamamilə məhv olması ilə nəticələnə biləcək həlledici sınaq dövrü idi. Sovet İttifaqının dağılma prosesi fonunda baş qaldıran geosiyasi böhranlar, daxili siyasi qeyri-sabitlik və hərbi təcavüz ölkəni dərin fəlakətə sürükləmişdi. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin təqdim etdiyi tarixi xronologiya və siyasi təhlil dövrün əsas çağırışlarını, o dövrün səhvlərini və sonradan həyata keçirilən strateji xilasetmə siyasətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının vurğuladığı kimi, müasir Azərbaycan tarixinin başlanğıc mərhələsi xarici təzyiqlər və daxili siyasi səriştəsizlik kimi ikiqat təhlükə ilə səciyyələnir.

Belə ki, tarixi faktlar göstərir ki, Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından dərhal sonra – 1987-ci ilin noyabrında erməni millətçiləri tərəfindən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi qaldırıldı. Bu təşəbbüs o dövrkü sovet rəhbərliyi, xüsusilə Mixail Qorbaçov tərəfindən dəstəkləndi. Daxildə isə səriştəsiz idarəçilik nəticəsində vəziyyət fəlakət həddinə çatmışdı. İqtisadiyyat tamamilə çökmüş, inflyasiya 1000 faizi keçmiş, ölkədə enerji (qaz və elektrik enerjisi) böhranı yaranmışdı. Torpaqların işğal olunduğu bir dövrdə iqtidarın daxildə vətəndaş müharibəsi başlaması və sonradan məsuliyyətdən qaçaraq fərarilik etməsi dövlətçiliyi iflic vəziyyətə salmışdı. Səriştəsiz xarici siyasət ucbatından Azərbaycan dünyada təcavüzkar kimi təqdim olunur, ölkəyə qarşı sanksiyalar (məsələn, ABŞ Konqresinin qəbul etdiyi 907-ci düzəliş) tətbiq edilirdi. Humanitar böhran dərinləşmişdi - 8 milyonluq əhalinin 1 milyonu qaçqın və məcburi köçkün kimi çadırlarda yaşamağa məcbur qalmışdı. Prezident İlham Əliyev qurultayda bütün bunlarla bağlı deyib: “Faktiki olaraq sovet rəhbərliyi o vaxt öz qərarını vermişdi. Azərbaycanda isə hakimiyyətdə oturan satqın rəhbərlər və bütövlükdə satqın rəhbərlik, sadəcə olaraq, onların əlində bir alət idi. Təsəvvür edin, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın”.

Azərbaycanın parçalanma təhlükəsi ilə üzləşdiyi ağır bir dövrdə – 1993-cü ilin iyununda Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin həyatında köklü dönüş başlandı. Ölkədaxili silahlı qarşıdurmaların, separatçılıq meyillərinin və dövlət çevrilişinə cəhdlərin qarşısı qətiyyətlə alındı. Hakimiyyət və xalq birliyi təmin edilərək vətəndaş qarşıdurmasına son qoyuldu. Dövlət başçısının dediyi kimi: “Ondan sonrakı dövr də çox çətin idi və sınaqlarla dolu idi. Ancaq Heydər Əliyev kimi qətiyyətli, cəsarətli dahi şəxsiyyət bütün bunların qabağında dura bilmişdi və Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, Azərbaycanın parçalanmaqdan xilas edilməsində onun amili aparıcı rol oynamışdır. Həm separatçılıq, həm parçalanma təhlükələri, dövlət çevrilişinə iki cəhd, iqtisadi çətinliklər - bütün bunlar o vaxt reallıq idi”.

Aparılan ardıcıl diplomatik iş nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxarıldı. BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və ATƏT səviyyəsində Azərbaycanın haqlı mövqeyini əks etdirən qərar və qətnamələr qəbul olundu. Xəzinənin boş olduğu və xarici investisiyaya kəskin ehtiyac duyulduğu bir vaxtda, atəşkəsin elan edilməsindən bir neçə ay sonra - 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı. Bu addım ölkəyə böyük investisiya axını təmin etməklə yanaşı, iqtisadi müstəqilliyin təməlini qoydu.

Ulu Öndərin müəyyən etdiyi müstəqillik, dövlətçilik və güclü hərbi potensial prinsiplərinə əsaslanan strateji xətt 2003-cü ildən etibarən uğurla davam etdirilir. İqtisadi müstəqilliyini tam təmin etmiş, beynəlxalq münasibətlər sistemində mühüm söz sahibinə çevrilmiş və öz taleyini öz əli ilə yazan Azərbaycan 1990-cı illərin əvvəllərindəki dərin böhranları və beynəlxalq təcridi aradan qaldıraraq bölgənin qətiyyətli və nüfuzlu aktoruna çevrilmişdir. Bu uğurun təməlində xalqın iradəsi, liderə olan inam və dəyişməz dövlətçilik strategiyası dayanır. Ölkə başçısı bununla bağlı qeyd edib: “Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları. Yəni yığcam formada bunu təsvir etmək üçün dediyim amillər, məncə, kifayətdir”.

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyi keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Qlobal analitik mərkəzlərin və aparıcı ekspertlərin qiymətləndirmələrinə görə, Azərbaycan artıq regional çərçivəni aşaraq orta güc dövləti (middle power) kateqoriyasına daxil edilmişdir. Bu statusun formalaşması təsadüfi xarakter daşımır, əksinə, siyasi suverenlik və iqtisadi müstəqilliyin təmin olunması istiqamətində həyata keçirilən uzunmüddətli strateji tədbirlərin nəticəsidir. Orta güc statusunun əsas fundamentini iqtisadi müstəqilliyin tam təmin olunması təşkil edir. Xarici maliyyə institutlarından asılılığın aradan qaldırılması, strateji valyuta ehtiyatlarının formalaşdırılması və milli gəlirlərin şaxələndirilməsi dövlətin iqtisadi qərarları müstəqil şəkildə qəbul etməsinə imkan yaratmışdır.

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı Azərbaycanın Zəfərdən sonrakı inkişaf mərhələsinin əsas xüsusiyyətlərini və qarşıdakı prioritetləri müəyyənləşdirən mühüm siyasi mesajlarla zəngin idi. Bu mesajların mərkəzində güclü dövlətin qorunması, milli maraqların müdafiəsi və əldə olunmuş tarixi nəticələrin davamlı inkişafla möhkəmləndirilməsi dayanır. Bu, bir daha sübut edir ki, xalqımızın və dövlətimizin gələcəyi etibarlı əllərdədir. Siyasi qətiyyət, ideoloji bütövlük, iqtisadi qüdrət və xalq-iqtidar birliyi Azərbaycanın qarşısında duran bütün maneələri aşmağa, hədəflərinə çatmağa tam imkan verir. Ulu Öndər Heydər Əliyevin ideyalarından qaynaqlanan və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edən Azərbaycan dövləti hər zaman qalib, güclü və suveren olaraq qalacaqdır.

Sevinc Azadi, “İki sahil”