25 oktyabr 2026 14:53
114

Qubadlı Zəfərin, milli iradənin və tarixi ədalətin təntənəsidir

Azərbaycanın müasir tarixində elə günlər var ki, həmin tarixlər xalqın yaddaşına yalnız təqvim günü kimi deyil, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsi kimi həkk olunur. 25 Oktyabr – Qubadlı şəhəri günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün xalqımızın doğma torpaqlarına bağlılığını, Azərbaycan Ordusunun qəhrəmanlığını və dövlətimizin qətiyyətli siyasətini özündə birləşdirən böyük Zəfərin rəmzidir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qubadlı şəhərinin azad edilməsinin əhəmiyyətini ifadə edən fikirləri bu tarixi hadisənin mahiyyətini aydın şəkildə ortaya qoyur: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.

Bu sözlər təkcə hərbi qələbənin deyil, həm də uzun illər doğma yurd həsrəti ilə yaşayan minlərlə insanın arzularının gerçəkləşməsinin ifadəsidir. Qubadlı Azərbaycan xalqının tarixi yaddaşında özünəməxsus yeri olan, qədim yaşayış ənənələri, zəngin təbiəti və mədəni irsi ilə seçilən ərazilərimizdəndir. Qarabağ yaylasının cənub-şərqində, ölkəmizin cənub-qərbində yerləşən rayonun strateji mövqeyi onun hərbi, iqtisadi və coğrafi əhəmiyyətini artırır.

Qubadlı 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində rayonun əhalisi doğma yurdlarından didərgin düşdü, yaşayış məntəqələri dağıntılara məruz qaldı, tarixi-mədəni irsə ciddi ziyan vuruldu. Bununla yanaşı, rəsmi İrəvanın işğal olunmuş ərazilərdə həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq hüququn prinsiplərinə zidd olmaqla, bölgənin demoqrafik mənzərəsini dəyişdirməyə yönəlmişdi. Lakin heç bir qanunsuz addım Azərbaycan xalqının öz torpaqlarına qayıtmaq iradəsini sarsıda bilmədi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni mərhələnin əsasını qoydu. Prezident İlham Əliyevin rəhbərliyi, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsi və Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti sayəsində torpaqlarımız ardıcıl olaraq işğaldan azad edildi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad olunması hərbi əməliyyatların gedişində mühüm dönüş nöqtələrindən biri oldu. Bu qələbə düşmənin müdafiə mövqelərinə ciddi zərbə vurdu və Azərbaycan Ordusunun sonrakı uğurları üçün əlverişli şərait yaratdı. Noyabrın 9-dək rayonun digər yaşayış məntəqələrinin də azad edilməsi ilə Qubadlı torpaqlarında işğala son qoyuldu.

Qubadlının azadlığı Azərbaycan dövlətinin beynəlxalq hüquqa əsaslanan mövqeyinin, ərazi bütövlüyü prinsipinə sadiqliyinin və xalqımızın milli birliyinin təntənəsi idi. Bu Zəfər sübut etdi ki, xalqın iradəsi, dövlətin gücü və ordunun qəhrəmanlığı bir məqsəd ətrafında birləşəndə ən çətin tarixi vəzifələri belə yerinə yetirmək mümkündür.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıya səfəri və şəhərdə Azərbaycan bayrağını ucaltması xüsusi tarixi məna daşıyır. Üçrəngli bayrağımızın doğma torpaqda dalğalanması Azərbaycanın suverenliyinin, dövlətçilik iradəsinin və əbədi qayıdışın rəmzinə çevrildi. Bu hadisə Qubadlının taleyində yeni səhifə açmaqla yanaşı, bütün xalqımıza qələbənin sevincini bir daha yaşatdı.

Bu gün 25 Oktyabr – Qubadlı şəhəri günü dövlət səviyyəsində qeyd olunan əlamətdar tarixlər sırasındadır. İşğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi tarixi Zəfərin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qubadlının azadlığı şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin misilsiz qəhrəmanlığı hesabına qazanılıb. Buna görə də bu tarixi günün hər bir anı şəhidlərimizin əziz xatirəsinə ehtiram, qazilərimizə minnətdarlıq və Vətən qarşısında məsuliyyət hissi ilə yaşanmalıdır.

Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinə başlamışdır. Qubadlıda həyata keçirilən yenidənqurma tədbirləri dövlətimizin gücünü, gələcəyə hesablanmış inkişaf strategiyasını və Böyük Qayıdış siyasətinin ardıcıl icrasını nümayiş etdirir.

25 Oktyabr – Qubadlı şəhəri günü bizə bir daha xatırladır ki, torpağa sahiblik yalnız coğrafi məkanla deyil, tarixi yaddaş, milli kimlik və dövlətçilik iradəsi ilə müəyyən olunur. Qubadlı Azərbaycan xalqının əyilməz ruhunun, Müzəffər Ordumuzun qəhrəmanlığının və tarixi ədalətin bərpasının parlaq təcəssümüdür. Bu Zəfər salnaməsi gələcək nəsillər üçün daim qürur mənbəyi olacaqdır.

İlqar İlyasov

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri