26 oktyabr 2026 15:30
117

Ermənistan priroritetlərini düzgün müəyyənləşdirməlidir

Ermənistan priroritetləri düzgün müəyyənləşdirməlidir. Cənab Prezident İlham Əliyevin ən son çıxışlarından əsas başlıqlar çıxartsaq üç istiqamət özünü aydın göstərir. Birincisi sülh kövrəkdir, ikincisi 2018-ci ildən öncəki üç hakimiyyətin də üzərində məsuliyyət var, üçüncüsü isə Ermənistanın indiki baş nazirindən sülh göyərçini obrazının yaradılması. Ən son məsələyə ilk reaksiya verək ki, bu gün Paşinyan müxalifəti "məhv etməsi" ilə öyünür. O zaman Paşinyandan demokrat obrazı yaradanlar da bu bəyanat qarşısında məsuliyyət daşıyırlar. 

Ermənistan üçün dövlət olaraq da, xalq olaraq da ən böyük səhv bir dövlətin və xalqın mövcudluğu və inkişafı üçün əsas amil olan təhlükəsizlik məsələsinin reallıqlara deyil, uydurma xəyallara əsaslanaraq təşkil edilməsi və müəyyənləşdirilməsidir. Bu baxımdan, təhlükəsizlik amilinin Qarabağ məsələsi ətrafında qurulması Ermənistanı boşluqlarla və acı reallıqlarla üz-üzə qoydu. Bu baxımdan, Ermənistanın indiki rəhbərliyinin sülh gündəliyi ilə bağlı ziddiyyətli açıqlamalar verməsi fundamentdən səhv olan bir yanaşmanın hələ də irəli aparıldığını göstərir.

Lakin digər önəmli amil ondan ibarətdir ki, Ermənistanda hakimiyyətdə olan bütün fiqurlar bu məsələni öz siyasi kürsüləri ilə birbaşa əlaqələndirərək siyasi hakimiyyətlərini uzatmaq və davamlı etmək istiqamətində addımlar atırlar. İndiki baş nazir Nikol Paşinyan da sələflərindən fərqlənmir.
Sülh gündəliyi ilə bağlı dəyişkən mövqenin müşahidə olunması, birinci növbədə, Ermənistanın özü üçün təhlükəlidir. Bu isə ondan xəbər verir ki, baş nazir sülhün praktiki əhəmiyyətini düzgün dərk etmir.

Azərbaycanla Ermənistan arasında əldə edilən nəticələr son dərəcə mühüm nəticələrdir. Bu nəticələri hansısa siyasi kampaniyanın alətinə çevirmək son dərəcə absurd və yanlış, həmçinin təhlükəli tendensiyadır. Nikol Paşinyan sələfləri kimi, regionda sülhün əldə olunması ilə bağlı nəticələri öz siyasi gündəliyinin predmetinə çevirməklə zaman qazanmağa çalışır. Düşünürəm ki, həqiqətən sülh əldə etmək istəyən tərəf bu qədər ziddiyyətli açıqlamalar verməməlidir. Bu isə ondan xəbər verir ki, Ermənistan hələ də illüziyalarla yaşayır.

Zaman baxımından dəyişkən rəqəmlərin və fiqurların səsləndirilməsi xarici havadarlara olan ümiddən xəbər verir.
Sülh, ilk növbədə, Ermənistan tərəfi üçün vacibdir. Sülh təkcə Azərbaycan üçün deyil, bütün region üçün önəmli olan məsələdir.
Ermənistanla Azərbaycan arasında sülhün baş tutmaması regionda digər problemlər üçün də zəmin formalaşdırır. Bu baxımdan, Ermənistan addım atarkən özü qədər Azərbaycanı da, həmçinin bütövlükdə regionu da düşünməlidir. 

Rusiya Ermənistanın dəmir yolları məsələsinə sadəcə ikitərəfli münasibətlərin komponenti kimi deyil, həm də mövqe rəqabətinin tərkib hissəsi, daha dəqiq isə Qərblə iqtisadi inteqrasiya və regional tranzit rəqabəti prizmasından baxır. Siyasi normallaşma və nəqliyyat layihələrinin reallaşdırılması paralel proseslər kimi nəzərdən keçirilir. TRIPP-in inkişafı və dəmir yolu əlaqələrinin bərpası iqtisadi dayaqları gücləndirəcək. İqtisadi sferaya keçid hərbi komponentdən istifadəni uzaqlaşdıracaq. 

Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə birgə keçirilən mətbuat konfransında çıxışı zamanı xarici işlər nazirimiz cənab Ceyhun Bayramov da bildirdi ki, Ermənistan daxilində gedən siyasi prosesləri müşahidə edirik və Azərbaycan sülh məsələsinə son nöqtəni qoymağa hazırdır. Deməli, prosesdə qəti arxayınlaşma mövcud olmadığı qədər, daha önəmlisi qətiyyət davam edir. Bununla paralel olaraq xoş niyyət göstərən tərəfik. Bu niyyətdən də, mərhələdən də rasional istifadə vacibdir. 

Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq