27 oktyabr 2026 23:15
123

Həmrəylikdən doğan tərəfdaşlıq

Azərbaycanın beynəlxalq əməkdaşlıq siyasətində xüsusi yer tutan istiqamətlərindən biri də ayrılmaz parçası olduğu İslam dünyası ilə münasibətlərin möhkəmləndirilməsi və qarşılıqlı əlaqələrin inkişafıdır. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan 1991-ci ildə bu quruma üzv olmaqla İslam dünyasının böyük birliyinə qoşulub. Müstəqilliyini bərpa etmiş postsovet respublikaları arasında təşkilata ilk üzv qəbul olunan ölkə kimi Azərbaycan həmin dövrdən etibarən İslam dövlətləri ilə siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrini genişləndirməyə başlayıb. Ölkəmiz təşkilatın müxtəlif tədbirlərində fəal iştirak etməklə yanaşı, üzv dövlətlər arasında həmrəyliyin gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və birgə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib.

İƏT-in Azərbaycan üçün əhəmiyyəti yalnız üzv dövlətlərlə əlaqələrin inkişafı ilə məhdudlaşmır. Təşkilat Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin dəstəklənməsi, ərazi bütövlüyü və suverenliyinin müdafiəsi baxımından mühüm platformalardan biri olub. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və Azərbaycan ərazilərinin uzun illər işğal altında saxlanılması dövründə İƏT prinsipial mövqe nümayiş etdirərək ərazi bütövlüyümüzü dəstəkləyib. Təşkilatın qəbul etdiyi müxtəlif sənədlərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü pislənilib, işğal olunmuş ərazilərin azad edilməsi, məcburi köçkünlərin doğma yurdlarına qayıtması və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli məsələləri diqqətə çatdırılıb.

Azərbaycan öz növbəsində İƏT-in məqsəd və prinsiplərinin həyata keçirilməsinə, üzv dövlətlər arasında əlaqələrin genişləndirilməsinə və İslam dünyasının qarşılaşdığı ümumi problemlərin həllinə davamlı töhfələr verib. Ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, həmin ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi bu siyasətin əyani nümunələridir.

Azərbaycanın İslam dünyası ilə əməkdaşlığının mühüm istiqamətlərindən biri də islamofobiyaya qarşı mübarizədir. Ölkəmiz beynəlxalq platformalarda islamofobiyanın müxtəlif təzahürlərinə qarşı ardıcıl və prinsipial mövqe nümayiş etdirir, İslam dininin terrorizm və ekstremizmlə eyniləşdirilməsinin yolverilməz olduğunu vurğulayır. Azərbaycanın yanaşmasına görə, dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmətin, dialoqun və anlaşmanın möhkəmləndirilməsi beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasının mühüm şərtlərindən biridir.

Bu istiqamətdə ölkəmizin həyata keçirdiyi təşəbbüslər İslam dünyası ilə yanaşı, digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafına da xidmət edir. Azərbaycan multikulturalizm və dini tolerantlıq ənənələrini qoruyaraq, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin dinc yanaşı yaşadığı məkan kimi beynəlxalq aləmdə tanınır.

Oktyabrın 26-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İsmayıl Ould Şeyx Əhmədin Prezident İlham Əliyevlə görüşündə səsləndirilən fikirlər də bu əməkdaşlığın əhəmiyyətini bir daha ön plana çıxardı. Görüş zamanı ölkəmizin təşkilat çərçivəsində həyata keçirilən fəaliyyətləri, İslam dünyası ilə əməkdaşlığın genişləndirilməsi və qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlər diqqət mərkəzində oldu.

Dövlətimizin başçısı Azərbaycanın İƏT-in həmişə fəal üzvü olduğunu vurğulayaraq, bu siyasətin gələcəkdə də davam etdiriləcəyini bildirdi. Prezident İlham Əliyev təşkilat çərçivəsində ölkəmizdə bir çox siyasi, iqtisadi və idman tədbirlərinin keçirildiyini xatırlatdı. Prezidentin fikrincə, bu tədbirlər Azərbaycanın İslam dünyası ilə əlaqələrinin inkişafına, üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə və ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına mühüm töhfə verib.

Görüşdə Azərbaycanın gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcəyi də qeyd olundu. Prezident İlham Əliyev tədbirə hazırlıq işlərinin fəal şəkildə davam etdirildiyini bildirdi. Şübhəsiz, bu mühüm beynəlxalq toplantının Azərbaycanda keçirilməsi ölkəmizin təşkilat daxilində artan rolunun, İslam dünyasında qazandığı nüfuzun və üzv dövlətlərlə əməkdaşlığın inkişafına verdiyi töhfələrin göstəricisidir.

Azərbaycanın İƏT-in Zirvə görüşünə ev sahibliyi etməsi həm də İslam dünyasının qarşılaşdığı aktual məsələlərin müzakirəsi, dövlətlər arasında siyasi dialoqun genişləndirilməsi və birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bütün bunlar göstərir ki, Azərbaycan İslam dünyası ilə münasibətlərini yalnız tarixi və dini bağlılıq əsasında deyil, həm də qarşılıqlı maraqlar, beynəlxalq hüquqa hörmət və ortaq inkişaf məqsədləri üzərində qurur. Azərbaycanın təşkilat çərçivəsində fəal iştirakı, irəli sürdüyü təşəbbüslər və qarşıdakı Zirvə görüşünə hazırlığı isə İslam dünyasında əməkdaşlığın və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən ardıcıl siyasətin ifadəsidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”