11 iyun 2024 17:20
786

Hacıqabul rayonunda 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib FOTO

11 iyun 2024-cü il tarixində Hacıqabul rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə  "Milli Qurtuluş Günü - müasir dövrümüzün qürur salnaməsi” adlı tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək Ümummilli Liderin ruhuna öz ehtiramlarını bildirdilər. Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni azərbaycan partiyasının banisi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

“İki sahil” xəbər verir ki,  tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov bildirdi ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən əlamətdar və möhtəşəm hadisələrindən biridir. Qətiyyətlə demək olar ki, Milli Qurtuluş Günü müasir dövrümüzün qürur salnaməsidir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, dərin ictimai-siyasi və iqtisadi böhran aradan qaldırıldı, ölkəmiz inkişaf yoluna çıxdı. Məhz bu tarixin 1997-ci ildə Milli Məclis tərəfindən Milli Qurtuluş Günü elan olunması haqqında qərar qəbul edilib.

1990-cı illərin əvvəlində müstəqilliyini elan etmiş Azərbaycanda dərin böhran hökm sürürdü. Bir tərəfdən Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, digər tərəfindən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Bu proses 1993-cü ilin iyun ayında özünün kulminasiya nöqtəsinə çatdı və ovaxtkı hakimiyyətin səriştəsiz siyasəti nəticəsində Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Azərbaycanı bu təhlükəli vəziyyətdən yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Naxçıvandan Bakıya gəldi və iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi.

Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi və müstəqilliyimizin dönməzliyi təmin olundu. Bu səbəbdən də 15 iyun tarixi haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Təbii ki, müasir Azərbacanın bütün nailiyyətlərinin əsasında Ulu Öndərin müəyyənləşdirdiyi  siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş siyasəti davam edir. Bu siyasət Heydər Əliyevin müəyyənləşdirdiyi davamlı inkişaf yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Xüsusilə Ulu Öndərin Qarabağın işğaldan azad edilməsi istiqamətindəki gərgin mübarizəsinin Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən şərəflə yerinə yetirilməsi bir daha göstərdi ki, Azərbaycan dövləti əmin əllərdədir.

YAP fəlları Hacıqabul rayon Uşaq Musiqi Məktəbinin müəllimi Vüsalə Səfərova və Navahı qəsəbə 2 saylı tam orta məktəbin direktoru Zaur Qasımov çıxış etdilər.

Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov çıxış edərək qeyd etdi ki, 15 iyun-Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Eyni zamanda, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsindən qalib çıxma tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan –Ulu Öndər Heydər Əliyevdir.

Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətləri yalnız Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlamaqla, dövləti iflas olmaqdan xilas etməklə bitmir. Eyni zamanda, sonrakı illərdə bu dövləti möhkəmləndirərək bölgənin sabit və inkişaf edən ölkəsinə çevirdi. Qısa müddətdə inkişaf edən Azərbaycan şərtlər qəbul edən ölkədən şərtlər diktə edən ölkəyə çevrildi. Sonrakı illərdə böyük şəxsiyyət dövlət quruculuğunun konsepsiyasını işləyib hazırladı. 1993-cü ilin iyun ayından götürülən siyasi xəttin əsas üstün cəhətlərindən olan demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl, məqsədyönlü tədbirlərin reallaşdırılması ölkəmizdə demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olmasına zəmin yaratdı. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə «Əsrin müqaviləsi» və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi.

Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən illər ərzində daha da güclənib, dünyada nüfuzlu dövlətə çevrilib: “2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, işğalçı ordu məğlub oldu. Bu Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Təbii ki, bu Zəfərdə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz də mühüm rol oynadı. Beləliklə, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Ümummilli Liderin qurduğu dünyəvi Azərbaycan dövləti öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Hazırda regionumuzda yeni reallıqların müəllifi olan Azərbaycanın gələcəkdə daha böyük nailiyyətlər qazanacağı şübhəsizdir. Dövlətimizin məqsədi Cənubi Qafqazı sülh və əməkdaşlıq məkanına çevirməkdir. Birmənalı şəkildə söyləmək olar ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır. Qurtuluş məfkurəsi bundan sonra da uğurlarımızın əsasında dayanacaq”.

Tədbirin sonunda bir qrup partiya fəallarına YAP Hacıqabul rayon təşkilatının Fəxri Fərmanları təqdim olundu.