15 iyun 2024 01:58
289

Qurban bayramında necə qidalanaq? - Dietoloqdan MƏSLƏHƏT

Türkiyənin Memorial Antalya Xəstəxanasının Qidalanma və Pəhriz şöbəsinin həkim-dietoloqu Berna Ertuğ Qurban bayramında qidalanma ilə diqqət yetirilməli olan məqamları açıqlayıb. Bayramda səhər yeməyinin əhəmiyyətinə toxunan Ərtuğ, həddindən artıq ət istehlakından qaynaqlanan həzm sistemi problemlərinin qarşısını almaq üçün yumurta, pendir, pomidor, göyərti kimi həzm edilməsi nisbətən asan olan qidaların istehlak edilməsini tövsiyə edib.

Berna Ertuğ, yeməklərdə ölçülü olunmasının vacibliyini vurğulayıb: "Sevdiyiniz yeməklərin dadını çıxarın, lakin porsiya ölçülərinə diqqət edin. Bədənin toxluq hissini yaşaması üçün yavaş yeyin. Bu yolla həddindən artıq yemədən özünüzü həm tox, həm də rahat hiss edəcəksiniz. Yağsız ət kəsimlərindən yeməyi üstün tutun. Görünən yağları çıxarın və bol yağda qızartmaq əvəzinə közdə və ya sobada bişirmək kimi daha sağlam bişirmə üsullarını seçin. Bu, zərərli yağ qəbulunu azaltmağa kömək edəcəkdir. Bayram ərzində ət istehlakı miqdarında çox diqqətli olunmalıdır. Yeməklərdə 2-3 küftə qədər (60-90 qram) ət istehlakı gündəlik ət ehtiyacınızı qarşılayacaqdır".

Lifli qidalanmanın önəminə də toxunan Ertuğ, bunları qeyd edib: "Qurban Bayramı süfrələrinizdə lif baxımından zəngin qidalara yer verin. Qəhvəyi düyü, tam buğda çörəyi və kinoa kimi tam taxıllar həzmi tənzimləməyə kömək edir. Həmçinin xurma, əncir, ispanaq  kimi meyvə və tərəvəzlər mükəmməl lif mənbələridir. Su istehlakına diqqət yetirin. Bayram ərzində maye qəbulunu nəzərdən qaçırmaq asandır. Ancaq xüsusilə isti havalarda susuz qalmamaq çox önəmlidir. Şirin içkilər əvəzinə su və ya bitki çayları seçin. Həddindən artıq kalori qəbuluna töhfə verə biləcəkləri üçün qazlı içkilərin və qızardılmış qidaların qəbulunu məhdudlaşdırın."

Dietoloq bildirib ki, şirniyyat istəyini azaltmağa çalışın: “Şirniyyatlar xüsusilə bayramların ayrılmaz bir hissəsidir. Daha kiçik porsiyaları seçin, başqaları ilə paylaşın və ya təzə meyvə salatları kimi daha sağlam alternativlərə üstünlük verin. Fiziki fəaliyyətə davam edin. Qurban Bayramında aktiv bir həyat tərzini qorumaq çox önəmlidir. Ailə yürüşləri, açıq hava oyunları və ya idman kimi fiziki fəaliyyətlərə qatılın. Sevdiklərinizi də iştirak etməyə təşviq edin, çünki bu, artıq kaloriləri yandırarkən eyni zamanda, əlaqələri gücləndirməyə də kömək edir”.

Nigar Orucova, “İki sahil”