Rusiyanın “Rospotrebnadzor” qurumu bir sıra gürcü istehsalçılarının spirtli içkilərinin idxalına və satışına qadağa qoyub.
“İki sahil” xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilir ki, Avrasiya İqtisadi Komissiyası Şurasının qərarı əsasında müvəqqəti sanitar tədbir müəyyən edilib. Bu tədbir təsdiq edilmiş orqanoleptik, fiziki-kimyəvi və təhlükəsizlik tələblərinə cavab verməyən məhsulların ölkəyə idxalının və satışının dayandırılmasını nəzərdə tutur.
Qərara əsasən, Gürcüstanın “TELIANI VELI” ASC, “TBILVINO” ASC, “WINEMAN” MMC-dən şərab, “Georgian Brewing Company” ASC-dən pivə və “BRATYA ASKANELI” MMC-dən şərab və konyak məhsullarının, eləcə də Gürcüstandan qazlı sərinləşdirici içki olan “Coca-Cola”, “HELSI WATER”dən “Nabeglavi” mineral suyunun Rusiyaya idxalı qadağan edilib.
Qeyd edək ki, Gürcüstanın Milli Şərab Agentliyinin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında Gürcüstanda istehsal olunan spirtli içkilərin keyfiyyətinə sistemli şəkildə nəzarət həyata keçirib. Agentliyin hesabatında deyilir ki, sertifikatlaşdırma üçün təqdim edilən spirtli içki nümunələrinin partiyalarına uyğunluğunu müəyyən etmək üçün 45 şirkətdə ümumilikdə 251 yoxlama aparılıb. Yoxlama zamanı toplanan 634 nümunədən dörd şirkətdən doqquz nümunədə pozuntular aşkar edilib.
İqtisadi icazə zonasında beynəlxalq audit şirkətləri “Bureau Veritas” və SGS isə 70 şirkətin məhsullarını yoxlayıb. Ümumilikdə 323 nümunə toplanılıb, doqquz şirkətdən 16 nümunədə pozuntular aşkar edilib.