15 iyun 2024 00:46
240

Qurban bayramı həmrəylik, humanizm, mərhəmət rəmzidir

Hər il respublikamzın bütün bölgələrində Allahın adına qurbanlar kəsilir, Azərbaycanın tərəqqisi, şəhidlərimizin əziz xatirəsi yad olunur, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir

Qurban bayramı İslam dünyasının ən müqəddəs bayramlarından biridir. Bu bayram Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Qurban sülh, bərabərlik, bütün insanlara sevgi, paylaşmaq, fədakarlıq kimi mənəvi dəyərlərdən faydalanmaq bayramıdır. Mənəvi saflığımızda, təkamülümüzdə, ruhi təmizliyimizdə mühüm əhəmiyyət kəsb edən bu bayramda insanlar Allaha daha da yaxınlaşır, mənən pak və kamil olurlar. 

İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir. Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.

Demokratik prinsiplərin, dini etiqad və vicdan azadlığının bərqərar edildiyi müstəqil Azərbaycanda Qurban bayramı hər il dövlət səviyyəsində qeyd olunur, hər yerdə qurbanlar kəsilir. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin ikinci dövründə dini dəyərlərə həssas münasibət də özünü qabarıq şəkildə göstərmişdir. Ümummilli Lider ilk olaraq mənəviyyatın bu sahəsindən başladı. “İslam dininin dəyərləri ən yüksək mahiyyətə malik olan mənəvi dəyərlərdir”, - deyən Ulu Öndər Heydər Əliyev xalqın dini-mənəvi dəyərlərinə qayıdışın təməlini qoydu. 1994-cü il mayın 21-də, Qurban bayramında Bibiheybət ziyarətgahına gələn Ümummilli Lider dövlətin dini-mənəvi dəyərlərlə bağlı əsas strategiyasını bəyan etdi. Dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa işlərinin əsası da o vaxtdan qoyulmuşdur.

Ulu Öndərin hakimiyyəti dövründə hər il bu bayramda aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılıb. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Prezident İlham Əliyev, Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dini abidələr, məbədlər, ziyarətgahlar əsaslı şəkildə bərpa edilir, yeniləri tikilir, dini əqidəsinə görə vətəndaşlar arasında ayrı-seçkiliyə yol verilmir. Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı bir dövrdə ölkəmizdə bərqərar olan dini və mədəni tolerantlıq modeli dünyaya təqdim edilən bir sülh mesajıdır. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun səmərəli inkişafına töhfə verən bir ölkə olduğunu qəbul edir.

Ölkə başçısı hər il müqəddəs Ramazan və Qurban bayramları münasibətilə Azərbaycan xalqını təbrik edir. Bu təbriklərdə Qurban bayramının xalqımızın milli-mənəvi həmrəyliyinin, cəmiyyətimizdə şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəyinə əminlik ifadə olunur, xalqımıza xoşbəxtlik, əmin-amanlıq, süfrələrinə bol ruzi-bərəkət arzulanır. Hər il respublikamızın bütün bölgələrində Allahın adına qurbanlar kəsilir, Azərbaycanın tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir.

Prezident İlham Əliyev bu il də Qurban bayramı münasibətilə xalqımızı təbrik edərək bildirib ki, bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir: “Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında mütərəqqi islami dəyərlərin rolu danılmazdır. Dini bayramlar, o cümlədən Qurban mərasimləri cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur”.

Qurban bayramınız mübarək!

Zahid Rza, “İki sahil”