18 iyun 2024 11:55
393

“Kiril dövrü”ndən latın qrafikasına keçid: Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi

Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Odur ki, həmişə dilimizin təəssübünü çəkən Ümummilli Lider Heydər Əliyev ona həssas yanaşıb. Elə Ulu Öndərin ana dili və əlifbaya dair bir neçə sənəd imzalaması da bunu bir daha təsdiq edir. Onlardan biri də Ulu Öndərin 2001-ci il iyunun 18-də  imzaladığı "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərmandır. Həmin Fərmana əsasən, 2001-ci il avqustun 1-dən etibarən ölkəmizdə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, respublikanın bütün idarələrində rəsmi yazışmalar yalnız latın qrafikasında aparılmağa başlanıb. Qeyd edək ki, ölkəmizdə latın qrafikasına keçid barədə qərar hələ 1991-ci ilin dekabrında qəbul edilsə də, bu proses çox ləng gedirdi. Bu Fərman həmin prosesi birdəfəlik başa çatdırıb və bununla da Azərbaycan əlifbasının 62 illik “kiril dövrü” tarixə qovuşub. Xatırladaq ki, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Yeri gəlmişkən qeyd edək ki, Ulu Öndər dilimizlə bağlı yalnız rəsmi sənədlər imzalamaqla kifayətlənməyib, dilimizi qorumaqla bağlı bu və digər tədbirlərdə çağırışlar edib. Məsələn, Ümummilli Lider 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayında demişdi:  “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli, mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Bütün bunlar Ulu Öndərin dilimizə olan sevgisindən  irəli gəlib. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasətinin məntiqi nəticəsidir. 

Ümummilli Liderin ana dilimizin qorunması üzrə xətti Prezident İlham Əliyev də  ləyaqətlə davam etdirir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Qeyd edək ki, həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. Mərkəz fəaliyyətə başladığı ilk gündən Azərbaycan dilinin düzgün tətbiqi və təbliği məqsədilə ardıcıl tədbirlər keçirir.

Yeri gəlmişkən qeyd edək ki, Türk dövlətləri arasında əlaqələrin intensivləşməsi, müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi ortaq türk əlifbasının yaradılması məsələsini də önə çəkib.  Bu mənada ortaq kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə onların ortaq türk əlifbasının olması  artıq zamanın tələbidir. Bu məqamda  Prezident İlham Əliyevin aşağıdakı sözlərini də xatırlatmaq yerinə düşər: “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”.  Odur ki, ortaq türk əlifbasının yaradılması istiqamətində bu gün fəal işlər görülməkdədir. Məsələn, elə bu yaxınlarda, daha doğrusu mayın 6-da Türk Akademiyası və Atatürk adına Mədəniyyət, Dil və Tarix üzrə Ali Şurasının Türk Dil Qurumu, həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib. Bu tədbirdə bir da qeyd olunub ki,  vaxtilə Azərbaycanda latın qrafikasına keçilməsinə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail olunub. Hazırda türk dövlətlərinin ortaq əlifbasının yaradılması üzərində iş gedir və Prezident İlham Əliyev bu istiqamətdə görülən işlərə böyük dəstək verir.

Qvami Məhəbbətoğlu, “İki sahil”