26 iyun 2024 01:36
261

Ən güclü antioksidantlar hansı qidaların tərkibindədir?

İnsan orqanizmində daim xüsusi hissəciklər əmələ gəlir. Bu, bədənimizi sözün əsl mənasında oksidləşdirən sərbəst radikallardır. Onlar, eyni zamanda, qan damarlarını zədələyir, qırışları artırır, ürək xəstəliklərinin və hətta xərçəngin inkişafına səbəb olur. Ancaq sərbəst radikallara qarşı təsirli bir silah var - antioksidantlar.

Rusiyalı həkim Aleksandr Myasnikov “Rossiya 1” telekanalında “Ən vacibi haqqında” sağlamlıq verilişində onlar haqqında danışıb. Həkimin fikrincə, bir çox xəstəliklərin - ürək, xərçəng, avtoimmun xəstəliklərin əsasını sərbəst radikalların həddindən artıq olması səbəbindən yaranan oksidləşdirici stress təşkil edir. Buna həm xəstəliklərin özləri, həm də yağlar, trans yağları və s. ilə zəngin olan qeyri-sağlam qidalanma səbəb olur. Ancaq antioksidantların köməyi ilə bu oksidləşdirici stresi aradan qaldırmaq mümkündür. Bir qayda olaraq, antioksidantlar A, C, E vitaminləri və bir çox qidada olan flavonoidlərdir.

Aleksandr Myasnikov vurğulayıb ki, vitaminlər tablet şəklində deyil, təbii formada qəbul edilməlidir. Həkim tərəvəz, meyvə, giləmeyvə, qoz-fındıq, balıq və dəniz məhsulları, ağ ət, tam taxıl məhsulları yeməyi, süd içməyi məsləhət görür. Mütəxəssisin fikrincə, ən güclü antioksidantlar çay və qəhvənin tərkibindədir.

Nubar Süleymanova, “İki sahil”