26 iyun 2024 15:30
246

Qalib Ordumuz hər birimiz üçün iftixar və qürur mənbəyidir

Millətin qüdrətinin qarantı olan Azərbaycan Respublikasının Silahlı Qüvvələri tariximizin ən mühüm hissələrindən biridir. 26 iyun tarixi, hər il Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur və bu gün yalnız hərbi gücümüzün deyil, həm də millətimizin qüdrətinin, əzm və iradəsinin simvoludur. Bu bayram bizim hər birimiz üçün böyük əhəmiyyət daşıyır, çünki o, millətin müdafiəsinə, suverenliyinə və ərazi bütövlüyünə həsr edilmiş qəhrəmanlıq tarixini yaşadır.

Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci ildə qoyulmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına gedib çıxır. Həmin dövrdə Azərbaycanın milli ordusu qurulmağa başlandı və bu, millətimizin öz taleyini öz əlinə almaq əzmini əks etdirirdi. İkinci dəfə isə Azərbaycan Silahlı Qüvvələri 1991-ci ildə müstəqilliyimizin bərpasından sonra yenidən formalaşdırıldı. Amma müstəqilliyin bərpasından sonraki ilk illərdə bu proses yarıtmaz siyasət nəticəsində uğursuzluğa düçar oldu. Pərakəndəlik torpaqlarımızın bir-birnin ardınca itirilməsinə səbəb oldu. Yalnız xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra dövlətimiz xilas oldu və əsl ordu quruculuğu prosesinə start verildi  

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması isə 2020-ci ildə əldə olundu. 44 günlük Vətən Müharibəsi zamanı Silahlı Qüvvələrimiz tarixi ədaləti bərpa edərək işğal altında olan torpaqlarımızı azad etdi. Bu Zəfər, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir ordu quruculuğu siyasətinin, Silahlı Qüvvələrimizin yüksək hazırlığının və millətimizin birliyinin təntənəsidir. Azərbaycan əsgəri, hərbçisi yalnız torpaqlarımızın müdafiəsində deyil, eyni zamanda beynəlxalq sülh və təhlükəsizlik missiyalarında da iştirak edərək dünyada sülhün bərpasına töhfə verir.

Hərbi qüvvələrimizin sülhməramlı missiyalarda iştirakı Azərbaycan ordusunun peşəkarlığını və beynəlxalq arenada nüfuzunu bir daha təsdiq edir. Bu gün Silahlı Qüvvələr Günü münasibətilə hər bir Azərbaycan vətəndaşı dərin minnətdarlıq və hörmətlə Silahlı Qüvvələrimizin hər bir üzvünü təbrik edir. Azərbaycan Ordusu, hər bir əsgərimiz bizim üçün yalnız bir müdafiə qalası deyil, eyni zamanda milli iftixar və qürur mənbəyidir. Hər bir şəhidimizin, hər bir qazimizin qəhrəmanlığı bizim üçün müqəddəsdir və onların fədakarlığı bizim gələcəyimiz üçün əvəzsizdir. Azərbaycan Silahlı Qüvvələri bizim azadlığımızın, suverenliyimizin və milli dəyərlərimizin qarantıdır. Bu qüdrətli ordunin Zəfər salnaməsi millətimizin qəlbində daim yaşayacaq və hər birimiz üçün qürur mənbəyi olaraq qalacaqdır. Azərbaycanın hər bir vətəndaşı ordumuzla fəxr edir və onu dəstəkləyir. Bu gün, Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə, hər bir əsgərimizi, zabitimizi, qazimizi və şəhid ailələrini ürəkdən təbrik edir, onlara dərin ehtiramımızı bildiririk. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Silahlı Qüvvələri!

Gövhər Mərdan,
Bakı Slavyan Universitetinin Jurnalistika ixtisası üzrə 3-cü kurs tələbəsi