03 iyul 2024 02:33
302

Müstəqilliyin bərpasından sonra ilk - ŞƏRH

Zəngin tarixi keçmişə, çoxəsrlik dövlətçilik ənənələrinə malik Azərbaycan  suveren ərazilərinin, əzəli torpaqlarının işğal altında qalması ilə barışmayaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq ərazi bütövlüyünü bərpa etdi. Ötən ilin sentyabrında keçirilən və 23 saat davam edən lokal xarakterli antiterror tədbir dövlət suverenliyimizin tam bərqərar olunması ilə nəticələndi. Bütün bunları nəzərə alan Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində demişdi: “İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq”. Cənab İlham Əliyev çıxışı zamanı Azərbaycanın artıq daxil olduğu yeni strateji dövrün ümumi mənzərəsini də canlandırdı, əsas hədəflərini diqqətə çatdırdı. Şübhəsiz, yeni dövr yeni nəfəs, yeni imkanlar, yeni hədəflər deməkdir. Azərbaycan da yeni nəfəslə həmin hədəflərə doğru irəliləyir. Elə mövcud şəraitdə növbədənkənar prezident seçkilərinin keçirilməsi də  yeni dövrün reallıqlarından irəli gəlir.  

Bəli, hazırda Azərbaycan növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. Belə ki, ölkəmiz parlament seçkilərinin keçirilməsinə hazırlaşır. İyunun 28-də Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncamına əsasən, ölkəmizin Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib. 

Yeri gəlmişkən qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, ölkəmizdə parlament seçkiləri 2024-cü ilin noyabrında keçirilməli idi. Amma həmin ay Bakı dünyanın ən mötəbər tədbirlərindən sayılan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29 ) ilə yanaşı, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər beynəlxalq tədbirlərə də evsahibliyi edəcək. Həmin tədbirdə 100 minə yaxın qonağın iştirakı gözlənilir. Qlobal problemlərin müzakirə olunacağı bu mötəbər tədbirlərə hazırlıq kifayət qədər vaxt və enerji tələb edir. 

Təbii ki, bir çox yüksək səviyyəli beynəlxalq tədbirləri ən yaxşı şəkildə təşkil etmək təcrübəsinə malik olan ölkəmizin bu dəfə də üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirəcəyi şübhəsizdir. Bununla yanaşı, onu da nəzərə almalıyıq ki, belə qlobal əhəmiyyətli beynəlxalq tədbirlərlə eyni vaxtda seçki kampaniyasının təşkili kifayət qədər çətin prosesdir. Xüsusi hazırlıq tələb edən dünya miqyaslı belə bir tədbiri təşkil etmək olduqca məsuliyyətlidir. Bu isə o deməkdir ki, belə bir mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının keçirilməsi praktiki cəhətdən qeyri-mümkündür. Digər tərəfdən, COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçılmazdır. Bu mənada demək olar ki, seçkilərin vaxtının dəyişdirilməsi, başqa sözlə desək, COP29-a qədər parlamentin tam formalaşması zəruri idi. Şübhəsiz, bu addım, yəni  seçkilərin vaxtının irəli çəkilməsi COP29-un təşkili ilə bağlı bütün məsələlərin uğurla həll edilməsinə, həm də onu daha layiqli şəkildə keçirməyə imkan verəcək. Yeri gəlmişkən qeyd edək ki, siyasətçilər, iqtisadçılar bu addımı məqsədə müvafiq hesab edirlər.

Şübhəsiz, Milli Məclis yeni dövrün tələblərinə  günün  səviyyəsində  reaksiya verilməlidir. Yəni, parlament də daha çevik fəaliyyət göstərməlidir. Elə bir fəaliyyət ki, 2020-ci ildən sonra yeni tələbat seqmentləri ilə zənginləşmiş reformalar daim yüksək dinamikasını qorusun. Yeni formalaşacaq Milli Məclisin bu vəzifənin öhdəsindən gələcəyi indidən kimsədə şübhə doğurmur.

Bir məsələni də qeyd edək ki, bu hadisə müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkisi kimi tariximizə əbədi həkk olunacaq. Başqa sözlə desək, müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzuru təmsil edən deputatlar məhz həmin ərazilərdə keçiriləcək seçkilərin nəticəsinə uyğun olaraq mandat alacaqlar. Bu mənada ərazi bütövlüyümüzün bərpasından sonra Milli Məclisin yeni tərkibdə tezliklə təsis edilməsi olduqca fərəhləndiricidir.

Qvami Məhəbbətoğlu, “İki sahil”