03 iyul 2024 01:57
229

İT yenilikləri, startaplar və innovasiyalar üzrə əlverişli biznes mühiti...

Yüksək rəqəmsallaşma səviyyəsinə görə ən yaxşı ölkələr sırasındayıq

İnkişaf etmiş ölkələrin təcrübəsindən də görünür ki, rəqəmsallaşma prosesi işsizliyin aradan qaldırılması, yaşam standartlarının yüksəldilməsi, məhsuldarlığın artırılması, şəffaflığın təmin edilməsi,   kiçik və orta sahibkarlığın inkişafına töhfənin verilməsi ilə iqtisadiyyata müsbət təsir göstərir.  Respublikamız üçün də rəqəmsal iqtisadiyyatın qurulması, müasir texnologiyaların və innovasiyaların tətbiqi prioritet məsələlərdəndir.

Bu məqsədlə "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi tədbiri öz əksini tapmışdır. Bu strategiyanın sənədləri çərçivəsində nəzərdə tutulan fundamental hədəflərin əsas qayəsi də dayanıqlı və rəqabətədavamlı rəqəmsal sənaye arxitekturasının möhkəmləndirilməsidir. Həmçinin, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası, rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması istiqamətində ciddi tapşırıqlar müəyyən edilib. Bu məqsədlə həmin sahələrə xarici investisiyaların cəlb edilməsi, sərmayə iqliminin daha da təkmilləşdirilməsi və bu istiqamətdə islahatların həyata keçirilməsi nəzərdə tutulur.

Elə 2003-cü ildən bu günə kimi informasiya və rabitə sahəsində 10 dəfədən çox artıma nail olunmuşdur. İşsizliyin qarşısının alınması istiqamətində bu sahədə böyük işlər görülüb. İnformasiya və rabitə sahəsində çalışanların sayı 32 min nəfəri keçmişdir. Vətəndaşların rəqəmsal bacarığının artırılması istiqamətində görülən işlərə nəzər salsaq burada da əhəmiyyətli dərəcədə yüksəlişin olduğunu görərik. Nağdsız ödənişlərin genişləndirilməsi üçün elektron hökumət ödəniş sistemi – “E-gov Pay” yaradılıb və istifadəyə verilib. 40-dan çox dövlət qurumunun 350-dən artıq xidməti “Elektron hökumət” portalında vətəndaşlara təqdim olunub.

Onu da bildirək ki, ölkəmiz nümunəvi ictimai və sosial xidmət sahələrində innovativ yanaşmaları ilə də dünyanın bir çox dövlətlərini qabaqlayır. Həmin nümunəvi xidmətin ən bariz nümunəsi olaraq ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin təsis edilməsini və onun himayəsi altında fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərini qeyd edə bilərik. "ASAN xidmət" Azərbaycan məhsulu, ixtirası və brendi olaraq beynəlxalq tərəfdaşlar və ekspertlər tərəfindən yüksək maraq və rəğbətlə xarakterizə olunur. "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.

Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi, rabitənin inkişafı sahəsində də qabaqcıl ölkələr sırasına çıxıb. Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Prezident İlham Əliyevin sərəncamları bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir. Hazırda ölkədə əhali yaşayan ərazilərin 99,8%-i sosial rəqəmsal televiziya yayımı ilə əhatə olunur və bu proqramlar paytaxtda SD ilə yanaşı, HD formatında da yayımlanır. 2019-cu ildən paytaxtda rəqəmsal radio yayımına (12 radio proqram) başlanılıb. 2022-ci ildən yerli televiziya proqramlarının peykdən HD formatında yayımı təmin olunur. 2022-ci il 26-29 mayda təxminən 300 min insanın ziyarət etdiyi "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı keçirilib. 2023-cü ilin 2-6 oktyabrında Bakı şəhərində 50 ildən sonra yenidən "Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək" şüarı altında Beynəlxalq Astronavtika Konqresi keçirilib. Konqresə rekord sayda - 95 ölkədən 3600 elmi məqalə təqdim olunub. Bakı Konqresi əldə edilmiş sponsorluq paketlərinin sayına görə rekord göstərici qazanıb, 22 şirkət tədbirə sponsorluq paketi alıb. Bu, son beş ölkədə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilmiş konqreslərlə müqayisədə ən yüksək göstərici idi. Konqresdə rekord sayda – 132 ölkədən 5404 nümayəndə iştirak edib. Bu mötəbər beynəlxalq forum kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və innovativ həllər, habelə kosmik innovasiyalar sahəsində qlobal tendensiyalar, tərəfdaşlıq və əməkdaşlıq haqqında fikir mübadiləsi üçün açıq platformaya çevrildi.

Hökumətin rəqəmsal uğuru Dünya İqtisadi Forumu tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, bu günlərdə Dünya İqtisadi Forumunun “IDEA: Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiya” hesabatında Azərbaycanın müasir İT yenilikləri, startaplar və innovasiyalar üzrə yaratdığı əlverişli biznes mühiti müsbət qiymətləndirilib. Hesabatda vurğulanır ki, Azərbaycana birbaşa xarici investisiyaların əsas hissəsinin neft-qaz sektoruna daxil olmasına baxmayaraq, ölkədə fəaliyyət göstərən xarici investorların fəaliyyətinə diqqətlə nəzər saldıqda yeni investisiya layihələrinin əksəriyyəti maliyyə, biznes xidmətləri, proqram təminatı, İT xidmətləri və sənaye avadanlıqlarının istehsalı kimi sektorlarda cəmləşib. Bu isə Azərbaycanın sosial-iqtisadi inkişaf məqsədlərinə xidmət etməklə qeyri-neft sahələrinin inkişafını və özəl sektorun fəaliyyətini stimullaşdırıb. Yeni yaradılmış sənaye texnoparkları və biznes inkubatorları rəqabətli sənaye məhsulunun istehsal və ixracında əhəmiyyətli rol oynayıb.

Dünya Bankının ötən il dərc etdiyi “GovTech Yetkinliyi İndeksi”nin hesabatında yüksək nəticələr əldə edən Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə ən yaxşı ölkələr qrupunda yer alıb. “GovTech Yetkinlik İndeksi”nə görə, Azərbaycan rəqəmsallaşma sahəsində hökumət sistemlərinin təkmilləşdirilməsi, vətəndaşlara təqdim olunan xidmətlər paketinin genişləndirilməsi, vətəndaş iştirakının təmin olunması və rəqəmsal texnologiyalardan istifadənin təşviqi üzrə yüksək qiymətləndirilib.

Həm Dünya Bankının, həm də Dünya İqtisadi Forumunun hesabatlarından da göründüyü kimi rəqəmsal quruculuğun inkişafına töhfə verən müasir sənaye modellərinin yaradılması Azərbaycanın dünya iqtisadiyyatının rəqəmsal transformasiyasına, yüksək texnologiyalara əsaslanan istehsal ekosisteminin formalaşdırılması prosesində fəal iştirakına geniş imkanlar açmaqdadır.

Nigar Orucova, “İki sahil”