01 iyul 2024 13:05
548

Ekoloji standartlara uyğun yanacaq istehsalına başlanılır - Keyfiyyət “Avro-5” standartına çatdırılıb

İlham Şaban: SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma və moderinizasiya tədbirləri nəticəsində keyfiyyət parametrləri “Avro-2” standartından “Avro-5” standartına yüksəlib

SOCAR dünyada geniş vüsət almış dördüncü sənaye inqilabına xas olan rəqəmsal müəssisələrin yaradılması tendensiyasını ölkəmizdə birincilərdən biri kimi tətbiq edir. Şirkətin Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) yаrаndığı ilk günlərdən Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəsinə çеvrilib. Аzərbаycаn nеftinin 24 çеşidindən 21-i Hеydər Əliyеv аdınа NEZ-də еmаl оlunur ki, bunlаrdаn dа öz növbəsində 15 аddа nеft məhsulu, о cümlədən аvtоmоbil bеnzinləri, аviаsiyа kеrоsini, dizеl yаnаcаğı, mаzut, nеft kоksu və s. istеhsаl оlunur. Zаvоd rеspublikаnın nеft məhsullаrınа оlаn tələbаtını tаm ödəyir. NEZ illər keçdikcə daha da müasirləşir. Zavoddakı qurğular və avadanlıqlar yeniləri ilə əvəz olunur, modernləşdirmə və yenidənqurma istiqamətində davamlı addımlar atılır, yeni texnoloji qurğular inşa edilir.

Qeyd edək ki, zavodda 4 əsas qurğu mövcuddur: ED-AV-6 qurğusu, Katalitik riforminq qurğusu, Tədrici kokslaşma qurğusu və Katalitik krekinq qurğusu.

Bir faktı qeyd edək ki, SOCAR “Downstream Management” MMC və Heydər Əliyev adına NEZ “Modernizasiya və yenidənqurma” layihəsi çərçivəsində növbəti uğura imza atıb. Belə ki,  3 yeni müasir texnoloji qurğu istismara verilərək zavodun istehsal təsərrüfatını daha da genişləndirilib.

Zavod ölkədaxili və xarici bazarlarda keyfiyyətli məhsullara olan tələbatın artımı nəzərə alınaraq onun yenidən qurulması və modernizasiyasının həyata keçirilməsi haqqında qərar verilib. Bundan əlavə, ətraf mühit və insan sağlamlığının qorunması ilə əlaqədar yeni qurğuların quraşdırılması da aktuallaşıb. NEZ-in istehsal gücünün artırılması, hazırkı xərclərin optimallaşdırılması, neft məhsullarının keyfiyyətinin “Avro-5” standartına çatdırılması, eləcə də “Azərikimya” İB-in xammala olan tələbatının ödənilməsi məqsədi ilə zavodun yenidən qurulması və modernləşdirilməsi layihəsi uğurla davam etdirilir. Layinənin başa çatması ilə Heydər Əliyev adına NEZ-in illik ilkin emal gücü 6 milyon tondan 7,5 milyona tona, Katalitik krekinq qurğusunun istehsal gücü isə ildə 2 milyon tondan 2,5 milyon tona qədər artırılmalıdır. Layihə mərhələli şəkildə icra edilir. 2018-ci ilin dekabrında layihənin birinci mərhələsi sona çataraq istehsal gücü illik 400 min ton olan yeni Bitum qurğusu istismara verillib və ölkənin bu sahədə tələbatı tam ödənilib. Bundan əlavə, maye neft qazı (LPG) doldurma məntəqəsi istifadəyə verilib. Birinci mərhələ bitdikdən sonra SOCAR-ın “Azərkimya İB”-nin Buxar krekinq qurğusunu ilkin xammalla təchiz edilməsi üçün imkan yaranıb. Növbəti mərhələdə zavodun cari qurğularının yeniləri ilə qurğularla əvəzlənməsi həyata keçirilir.

Həmçinin, zavod tərəfindən ekoloji tələblər nəzərə alınaraq Azərbaycanda “Avro-5” ekoloji standartına uyğun yanacaq istehsalına başlanılıb. “Avro-5” standartlı yanacağın istifadəsi avtomobilin işlənmiş qazının tüstüsünü azaldır və ətraf mühitə tullantıları azaldır, mühərrikdə korroziya ehtimalı aşağı düşür, yanacaq istehlakını azaldır.

Xatırladaq ki, SOCAR Heydər Əliyev adına neft emalı zavodunda “Avro-5” standartına cavab verən Aİ-95 markalı avtomobil benzini istehsalına başlanılması ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları “Avro-5” standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələsi üzrə işlər tamamlanmaq üzrədir. Layihənin dizel və benzin istehsalı qurğularının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Görülmüş işlər nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq “Avro-5” standartlarına çatdırılıb. Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcəkdir.

“Avro-5” keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olması nəzərdə tutulub.

Mövzu ilə bağlı “İki sahil”ə danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirib ki, müsbət hal odur ki, təqribən 10 ilə yaxın müddət ərzində Heydər Əliyev adına neft emalı zavodunda aparılan yenidənqurma və moderinizasiya tədbirləri nəticəsində dizel, Aİ-92 və Aİ-95 yanacaqlarının keyfiyyət parametrləri “Avro-2” standartından “Avro-5” standartına yüksəlib: “Bunun nəticəsində artıq Azərbaycan SOCAR-ın açıqladığı məlumata görə, ölkə daxili tələbatı ödəmək üçün idxaldan istifadə etməyəcək. İndiyənə qədər yüksək oktanlı benzini idxal edirdik. Aİ-95 markalı avtomobil benzinləri artıq “Avro-5” standartı ilə Azərbaycanda istehsala başlayıb və bunun nəticəsində artıq yerli bazarda formalaşan yeni qiymət istehlakçılara təklif ediləcəkdir. Bu da idxal qiymətindən ucuz olmasını əsaslandırır.”

Orxan Vahidoğlu, “İki sahil”