03 iyul 2024 01:29
318

Makronun qürub çağı

Prezident Emmanuel Makron iyun ayında Avropa Parlamentinə keçirilən seçkilərdə ultrasağçılara məğlubiyyətdən sonra ölkəsinin ifrata sürüklənməsi prosesini dayandırmaq məqsədi ilə Fransa parlamentini buraxaraq növbədənkənar seçkilər elan etdi. Lakin onun bu addımı tamamilə əks nəticə verdi. Belə ki, bazar günü, yəni iyunun 30-da yüksək seçici fəallığı ilə keçən parlament seçkilərinin birinci turunda səslərin 33,5 faizini toplayan Marin Le Penin sağçı  “Milli birlik” partiyası qələbə qazanıb. Solçu Yeni Xalq Cəbhəsi alyansı  28,1, Makronun “Respublika uğrunda birlik” mərkəzçi bloku isə 20 faizdən bir qədər çox səs toplayıb.  Fransa mətbuatının yazdığına görə, Makronun erkən seçki qərarı onun özünün siyasi məhvinə səbəb olub.

 Bu da gözlənilən idi. Belə ki, siyasətçilər Fransa prezidenti Emmanuel Makronun erkən parlament seçkiləri ilə bağlı avantürasının uğursuzluqla nəticələnəcəyini söyləyirdilər. Bunu Fransa əhalisi arasında aparılan sorğuların nəticələri də sübut edirdi. Bu barədə söz açan Amerika Birləşmiş Ştatlarının “Politico” nəşri  yazır ki, bazar günü keçirilən parlament seçkilərinin birinci turu Fransanın 46 yaşlı lideri üçün alçaldıcı oldu və onun yeddi il əvvəl yeni, autsayder siyasətçidən prezidentliyə yüksəlişi qədər heyrətamiz hadisəyə çevrildi. Bu mənada demək olar ki, Fransa indi ifrat sağçı hökumətin yaradılmasına həmişəkindən daha yaxındır. Belə ki, əgər iyulun 7-nə planlaşdırılan ikinci turda “Milli birlik” parlament çoxluğunu qazansa, o zaman miqrasiyaya qarşı mübarizə aparmağı qarşısına məqsəd qoyan, vergilərin azaldılmasını və vətəndaşların rifah səviyyəsini artırmağı planlayan, həmçinin Rusiya Prezidenti Vladimir Putinə rəğbət bəsləyən siyasətçilər idarə edəcəklər. Yəni, Le Penin gözlənilən seçki qələbəsi onun 2027-ci ildə Fransa prezidentliyinə qalib gəlmə şansını təmin edə,  Fransanı gülüş obyektinə çevirən Makronun hökmranlığına son qoya bilər. Bəzi siyasətçilərin fikrincə isə "Milli Birliy"in və müttəfiqlərinin növbədənkənar parlament seçkilərinin birinci turunda əldə etdiyi nəticələr və Marin Le Penə seçki dəstəyi onu deməyə əsas verir ki, çox güman ki, seçkilərin ikinci turundan sonra Makron hakimiyyətini müxalifətlə bölüşməli olacaq. Hər halda, Makronun bir zamanlar əməkdaşlıq etdiyi partiyaların da ona etinasız münasibət bəsləməsi belə qənaətə gəlməyə əsas verir.

Buna baxmayaraq Makron öz iyrənc siyasəti ilə rəqiblərini parçalamağa çalışır. Belə ki, o, əhalini mitinqinə çağırıb. Hətta o, telekanallardan birinə verdiyi  müsahibəsində bildirib ki, solçularla sağçıların ifrata varmaları nəticəsində Fransa vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşa bilər. Bir sözlə, Makron hazırda bu kimi gedişlərlə və oyunlarla özünü sığortalamağa cəhdlər edir. Son məlumatlara görə, deyəsən Makronun bu addımları öz bəhrəsini verməkdədir. Belə ki, “Respublika uğrunda birlik” prezident koalisiyasından və solçu “Yeni Xalq Cəbhəsi” blokundan olan namizədlər sağçı “Milli birlik” partiyasının səs çoxluğu əldə etməsinə mane olmaq üçün seçkilərdən geri çəkiliblər. “Milli birlik” partiyası solçularla makronistlərin birliyini qeyri-təbii və vicdansız addım adlandırıb

Şübhəsiz, Fransa tarixinin ən “uğursuz prezidenti" adlandırılan Makronun  belə bir duruma düşməsi, seçkilərin ikinci turunda yenidən qüvvəsini sınamağa məcbur olması  onun yarıtmaz daxili və xarici siyasətindən irəli gəlir. Bir neçə fakta müraciət edək. Müstəmləkəçilik siyasətini davam etdirən Makronun prezidentliyi dövründə dövlət borcu görünməmiş səviyyəyə çatıb. 2023-cü ildə irqçilik hallarının 32 faiz artdığı bu ölkədə vandalizm və polis zorakılığı adi hala çevrilib. Fransanın işğal altında saxladığı koloniyalarında isə vəziyyət gündən-güna ağırlaşır.

Azərbaycanın Zəfərini, regionda söz sahibi olmasını, işğaldan azad edilmiş ərazilərdə yüksək sürətlə abadlıq-quruculuq işlərinin aparılmasını hələ də həzm edə bilməyən Makron  elə bu kimi səbəblərdən rəsmi Bakıya qarşı qərəzli mövqe sərgiləməkdə, təcavüzkar Ermənistanı silahlandırmaqda,  bölgəni müharibəyə sürükləməkdə davam edir.  Makron digər ölkələrin də daxili işlərinə burun soxur ki, bu da onu həmişə gülünc vəziyyətlərə salır. Bu kimi səbəblərdən Fransa kimi bir ölkə Makronun siyasəti  sayəsində beynəlxalq aləmdə də nüfuzunu tamamilə itirib. Bu mənada seçicilərin Makronu dəstəkləməməsi olduqca təbiidir.  

Qayıdaq seçki prosesinə, birinci turda qalib gəlmək üçün namizədlər 50 faizdən çox səs toplamalı və səslərin sayı dairə üzrə qeydə alınan seçicilərin ümumi sayının ən az 25 faizini təşkil etməli idi. Lakin bu, alınmayıb. Odur ki, əlli faizlik baryeri keçə bilməyən namizədlər seçkilərin iyulun 7-nə planlaşdırılan ikinci turunda iştirak edəcəklər. Qeyd edək ki, Fransa parlamenti 577 deputatdan təşkil olunur. Parlamentdə çoxluğu əldə etmək istəyən partiyaya 289 mandat kifayət edir. Siyasətçilərin fikrincə,  millətçi "Milli Birlik" Partiyasının parlamentdə mütləq əksəriyyət əldə etməsinə cəmi bir neçə mandat çatmaya bilər. Lakin nisbi çoxluğa baxmayaraq, Marin Le Pen  yeni hökumətin formalaşdırılmasına əsas iddiaçı olaraq qalır.

Qvami Məhəbbətoğlu, “İki sahil”