03 iyul 2024 02:50
328

Azərbaycan sabitlik məkanıdır - ŞƏRH

Demokratik islahatlar yolu ilə dünya birliyinə inteqrasiya edən  Azərbaycanın bu yolda  bələdçisi, flaqmanı xalq-iqtidar birliyi, dəstəklənən uğur diplomatiyası,  yeni konseptual inkişaf strategiyasının, milli ideologiyamızın yeni   istiqamətdə  tərəqqisidir

Mühüm əhəmiyyətli beynəlxalq  tədbirlərdə  məntiqli çıxışları ,  regionda baş verən hadisələri  təcrübəli lider kimi təhliletmə  qabiliyyəti ilə seçilən Prezident İlham Əliyevin qlobal hadisələr fonunda  ölkəmizin dünya  siyasətinə təsiri ilə bağlı açıqlamaları  Azərbaycan həqiqətlərinin təqdimatı kimi dəyərləndirilir.

"Avropada, Asiyada, Latın Amerikasında, postsovet məkanında, bizim bölgəmizdə, Yaxın Şərqdə, dünyada gərginlik artır. Azərbaycan isə sabitlik məkanı kimi inkişaf edir. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır» sözləri ilə  ölkəmizin  tərəqqisini xalqımızın iradəsi adlandıran, siyasi sabitliyi, demokratik islahatları ilə seçilən,  beynəlxalq münasibətlər sistemində qarşılıqlı  hörmət, etimad prinsiplərinə əsaslanan Azərbaycanın dəyişilməz xarici siyasətinin dəstəklənməsi də  ölkəmizə  səmimi münasibətin ifadəsidir.

XXI əsrin çağırışlarına daim hazır olduğu, hədəflərin zamanın tələblərinə uyğun müəyyənləşdirildiyi  ölkəmizdə  aparılan siyasi, iqtisadi, demokratik islahatların başlıca hədəfi, illərdən bəri davam etdirilən neft amilinin insan amilinə çevrilməsi  siyasətinin özünü doğrultması, güclü kadr potensialının  zamanın tələbinə uyğun hazırlanması, yeni təfəkkürə malik  mütəxəssislərin iştirakı ilə   həyata keçirilən islahatlar ölkəmizdə daim diqqət göstərilən gənclər siyasətinin uğurlu davamının nəticəsi olmaqla başqa ölkələrdə də geniş  tətbiq olunur. Gənclərin dövlətin idarəçilik strukturlarında  irəli çəkilməsi  dəstəklənir. Birinci Avropa Oyunlarında  ilk təqdimatı keçirilən « Könüllülər  hərəkatı»nın  sonradan daha da kütləviləşməsi, müxtəlif strukturlarda könüllü kimi  iştirak etmələri gənclərə  alternativi olmayan diqqət və qayğıdır. Başqa ölkələrdə  daha çox küçə yürüşlərində   görünən mənzərələrdən  fərqli olaraq Azərbaycanda  gənclər siyasəti qəbul olunmuş Dövlət proqramları əsasında  davam etdirilir, onların təhsili,  sağlamlığı, idmana marağı, ailə məişət məsələləri də daim diqqətdə saxlanılır.
Prezident olaraq  başlıca hədəfinin  Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək  olduğunu söyləyən  dövlət başçımız  İlham Əliyev İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərlə məqsədinə nail olduğunu qürurla bildirir.  Suverenliyimizi iqtisadi  müstəqilliyimizin sağlam bünövrəsi üzərində  inkişaf etdirən  Prezident  İlham Əliyevin seçdiyi yolun başlıca şərti  demokratiya, potensialı  sağlam düşüncəli, kreativ əmək ehtiyatlarına malik  müasir gəncliyimizdir.
Zəngin dövlətçilik təcrübəsinə malik, həmkarları arasında belə ağlı, zəkası, dəyərli təşəbbüsləri ilə  diqqəti cəlb edən,    müstəqilliyimizin əbədiliyi, etibarlı  gələcəyi naminə inkişaf istiqamətlərini düşünülmüş konsepsiya əsasında  formalaşdıran, bir neç onillər üçün nəzərdə tutulan strateji hədəfləri  müdrikcəsinə düşünən Ulu Öndər Heydər Əliyevin  «Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun olan cəhətləri götürüb tətbiq edərək heç vaxt dinimizdən, adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə  bilmərik»  sözlərinə sadiq qalan Prezident İlham Əliyev bu yolla dünyaya inteqrasiya edən Azərbaycanda  demokratik islahatların ümumxalq hərəkatına çevrilməsini xalq-iqtidar birliyinin, qələbələrimizin məntiqi nəticəsi adlandırır .

 Ümummilli Lider onu da  vurğulayırdı ki, demokratiya xaos, hərc-mərclik, özbaşınalıq deyildir. Ulu Öndərin ölkənin inkişafı naminə apardığı  siyasət nəticəsində  demokratiya ictimai-siyasi sabitliyin, qanunların aliliyinin hökm sürdüyü şəraitdə təkmilləşdirildi, institut kimi formalaşdı.  Azərbaycan demokratiyası  dövlətimizin əsas mahiyyəti olmaqla, strateji kurs kimi bu gun də davam etdirilir. Bu kursu daha təkmil,  demokratik islahatlar yolu ilə zənginləşdirən Prezident İlham Əliyevin  səylərinin nəticəsidir ki,   daim inkişafda olan   Azərbaycan demokratiyası nümunə göstərilir.

"Mən tam əminəm ki, hər bir ölkənin inkişafı üçün demokratiya xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən zəngin ola bilər, təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər. Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və düşünülmüş siyasətdir. Çünki əgər demokratiya baxımından inkişaf etmiş ölkələrə nəzər salsaq görərik ki, onların mütləq əksəriyyəti iqtisadi cəhətdən də inkişaf etmiş ölkələrdir. Yəni, maddi rifah, iqtisadi inkişaf, sosial inkişaf demokratik inkişaf üçün əsas şərtdir» söyləyən,  ölkədə  söz, mətbuat, vicdan azadlığını təmin etməklə, demokratik islahatların  əhatəsini genişləndirməklə insanların hüquq və azadlıqlarının, bərabərliyin, həmrəyliyin, şəffaflığın ifadəsi olan Azərbaycan demokratiyasına yeni nəfəs gətirən Prezident İlham Əliyevin  bu istiqamətdə apardığı siyasət ölkəmizi dünyada tanıdır. «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanuna uyğun olaraq siyasi partiyalara,  bloklara,  deputatlığa namizədlərə müəyyən olunmuş yerlərdə  kütləvi tədbirlər və seçkiqabağı  təşviqatın keçirilməsi üçün zəruri şəraitlər yaradılır. Tolerant ölkə olan Azərbaycanda multikultural dəyərlərə sadiqlik göstərilir. Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarına seçib, seçilmək hüququ verilir.

 Azərbaycan xalqı daha  bir siyasi kampaniya ərəfəsindədir.  Prezident  İlham Əliyevin Sərəncamına əsasən  bu ilin sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilər ölkəmizin demokratik  uğurlarına daha bir nümunə olacaq.  « Azərbaycan  Respublikasında seçki  praktikasının təkmilləşdirilməsinə dair», «Azərbaycan  Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında» sərəncamlarında  qeyd olunur ki, deputatlığa namizədlərin təbliğatı azad, mütəşəkkil şəraitdə təşkil olunmalı,  subyektiv  faktorlara, heç bir maneələrə yol verilməməli, seçkiqabağı təşviqat sərbəst surətdə və bərabər əsaslarla həyata keçirilməlidir.  Həmişə olduğu kimi, qarşıdakı siyasi kampaniyada  demokratiyanın bu şərtlərinə ciddi əməl olunacaq.

Demokratiyanın əsas tələblərindən  olan şəffaflığa, obyektivliyə diqqətlə yanaşan cənab İlham Əliyevin  prezident seçkiləri ərəfəsində Bakının müxtəlif  yerlərində asılan öz portretlərinin götürülməsi ilə bağlı göstəriş verməsi  ölkəmizdə bərabərlik prinsipinə daim hörmətlə yanaşıldığının ifadəsi kimi xalqımızın yaddaşalrında əbədi qaldı. Bunun səbəblərini açıqlayan dövlət başçımız bildirirdi ki,  seçki kampaniyası  zamanı namizədlərə bərabər şərait yaradılmalı,  fərqliliyə yol verilməməlidir.

 Növbədənkənar seçkilərin keçirilməsində də məqsəd XXI  əsrin tələblərinə uyğun,  praqmatik düşüncəli  deputatlardan ibarət parlamentin formalaşmasıdır. Bu günlərdə  ölkədə aparılan islahatların əsasını təşkil edən gənclərin yüksək vəzifələrə təyinatı, dövlət strukturlarına irəli çəkilməsi  təşəbbüsü parlamentin formalaşmasında da  hiss olunacaq. Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədlər arasında gənclərin çoxluq təşkil etməsi, seçicilər tərəfindən rəğbətlə qarşılanması demokratiyanın təntənəsidir.  Respublikamızda əvvələr keçirilən siyasi kampaniyalarda   demokratiyanın başlıca şərti olan şəffaflığa əməl olunmasının   nəticəsidir ki,  deputatlığa  qeydə alınanlar arasında müxtəlif  siyasi partiyaları, blokları təmsil edən namizədlərin seçicilərlə görüşlərinin təşkili üçün münasib yerlər ayrılır,  hər kəsə platformasını açıqlamaq, seçicilərinin arzu istək və təkliflərini dinləmək imkanı yaradılır.  Bu baxımdan Azərbaycanda tətbiq olunan , seçicilərin maraqlarına uyğun  qaydada  keçirilən seçkilərdə obyektivliyin təminatına xüsusi diqqətlə yanaşılır.  Ötən illərdə keçirilən seçkilərin  azad, obyektiv , şəffaf keçirilməsi tələbini  qarşıya qoyan Prezident İlham Əliyev imzaladığı  önəmli sərəncamları ilə ölkəmizdə demokratik seçkilərin keçirilməsində  hamıdan artıq maraqlı olduğunu bildirdi.
 Milli Məclisə  növbədənkənar seçkilərin ən böyük əhəmiyyəti siyasi kampaniyanın  Azərbaycanın suverenliynin tam təmin olunduğu bir vaxtda, işğaldan azad edilən  bütün ərazilərimizdə  keçirilməsidir.

 Cari  ilin fevral ayının 7-də keçirilən prezident seçkilərinin səbəblərini  «Birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi» sözləri ilə ifadə edən cənab İlham Əliyev ikinci səbəb  kimi,  ilk dəfə olaraq müstəqil həyatımızda seçkilərin ərazilərimizin hər bir yerində keçirilməsini qeyd edir. Yəni , prezident seçkilərindən sonra parlament seçkilərinin də suverenliyi tam təmin olunmuş  Azərbaycanın bütün ərəazilərində keçirilməsi zamanın tələbindən irəli gələn və xalqın istəyindən qaynaqlanan ictimai sifarişdir.

"Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır» söyləyən Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı  kimi,  yeni dövrün yeni hədəfləri olmalıdır. «Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək» söyləyən  dövlət başçımızın vurğuladığı kimi, İkinci Qarabağ müharibəsindəki Qələbəsi ilə  Azərbaycan  xalqı , Silahlı Qüvvələrimiz  dünya miqyasında çox böyük layları tərpətdi. Elə bir Zəfər qazanıldı ki,  bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir.

"Ona görə cəmiyyətdə sakitləşmə olmamalıdır. Demirəm, hər an biz fikirləşməliyik ki, yeni müharibə olacaq. Yox, mən əminəm ki, olmayacaq və əlimdən gələni edəcəyəm ki, olmasın. Yetər, müharibələr kifayətdir. Ancaq yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri və əldə edilmiş uğurlarla sakitləşmək sanki müəyyən durğunluğa gətirib çıxara bilər»  söyləyən  dövlət başçımız bu sözləri ilə daha  möhtəşəm hədəflərə  doğru addımlamağın zəruriliyini diqqətə çatdırır. Bu yolda bələdçimiz isə xalq-iqtidar birliyi, iqtisadi inkişaf, demokratik islahatlar, beyənlxalq hüquq normalarına etimad, və hörmətlə ynaşmaqdır. Azərbaycanda yeni dövr başlayır. Bütün Azərbaycan xalqı əmindir ki, bu dövr də ölkəmiz üçün uğurlu olacaq.

Xuraman İsmayılqızı, "İki sahil"