06 iyul 2024 00:33
437

Tədqiqatçılıq bacarığı və pedoqoji təcrübə birləşəndə

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə Naxçıvan Muxtar Respublikasında da ictimai elmlərin müxtəlif sa­hə­ləri müstəqillik dövrünün tələblərinə uyğun olaraq, keçmiş im­pe­riyanın ideoloji xəttinin buxovlarını yararaq inkişaf etməyə başla­mış­dır. Xüsusən Vətən tarixinin, Naxçıvanşünaslığın ayrı-ayrı istiqamət­lərinin müfəssəl şəkildə öyrənilməsi tarix elmimizin qarşısında duran başlıca vəzifələrdən biri olmuşdur. Naxçıvanın tarixinin, mədəniy­yətinin dərindən öyrənilməsi ilə bağlı vəzifələr hələ Ümummilli Lider Heydər Əliyev tərəfindən AMEA Naxçıvan Bölməsi yaradılarkən dəqiqliklə müəyyən edilmişdir. Naxçıvanda qarşıya qoyulan vəzifə­lə­rin yerinə yetirilməsi, tariximizin yeni isti­qa­mətlərinin öyrənilməsi ilə yanaşı, bu istiqamətdə tədqiqat apa­racaq potensiallı gənclərin müəyyən edilməsi üçün məqsədyönlü işlər həyata keçirilmişdir. Təsadüfi deyil­dir ki, son onilliklərdə Nax­çıvan Muxtar Respublikasında yer­ləşən müxtəlif elm və təhsil ocaq­larında elmlər doktororları və fəlsəfə dok­torlarının yetişdiril­mə­si diqqət mərkəzində saxlanılmışdır. Vaxtilə Naxçıvan elmi mü­hitində formalaşmış neçə-neçə tədqiqatçılar bu gün nəinki muxtar respub­likada elmi mühitin iştirakçılardır, hətta ölkənin digər şəhər və rayonlarında, o cümlədən paytaxt Bakı şəhərində müx­təlif elmi müəs­sisələrdə tədqiqatlara rəhbərlik edirlər.

Naxçıvan Dövlət Universitetinin baş müəllimi, tarix üzrə fəl­səfə doktoru Arzu Kamal oğlu Abdullayev son illərdə Naxçıvan elmi mü­hitinin yetişdirdiyi ən perspektivli gənc alimlərimizdən biridir. Uzun­müddətli elmi tədqiqatlarının nəticəsi olaraq 2021-ci ildə müdafiə etdiyi tarix üzrə fəlsəfə doktorluğu dissertasiyası elmi mühit üçün yeni hadisəyə çevrilmiş, ölkənin müxtəlif elmi müəs­sisələrində çalışan sahə tədqiqatçılarının diqqətini cəlb etmişdir.

Tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayevin tədqim etdiyi “Naxçıvan şəhəri: tarixi-siyasi və mədəni inkişafı XIX əsr” dərs vəsaiti çox aktual və əhəmiyyətli bir mövzuya həsr olunmuşdur.  Naxçı­van diyarı və onun tarixi, siyasi, mədəni və ictimai mərkəzi olan Naxçıvan şəhəri Azərbaycanın ən qədim ərazilərindəndir. Bu mənada Naxçıvan Azərbaycanda qədim dövlətlərin yaranması prosesində fəal iştirak etmiş, hər zaman Azərbaycan dövlətləri üçün ciddi strateji əhəmiyyət kəsb etmişdir. Naxçıvan şəhərində ilkin şəhər mədə­niy­yə­tinin yaşı 5000 ildən artıqdır. Bu mənada Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan tarixinin digər istiqamətləri kimi bu diyarda şəhər tarixinin öyrənilməsi, tələbə və magistrantlara onun ayrı-ayrı məqamlarının müfəssəl şəkildə öyrədilməsi vacibdir. Unutmamaq la­zım­dır ki, Naxçıvan şəhəri Azərbay­canda mövcud olan bir çox döv­lətlərin paytaxtı funksiyasını yerinə yetirmiş nadir şəhərlərdən biridir.

Dərs vəsaitində də qeyd edildiyi kimi Azərbaycan tarixinin ən kəşməkəşli dövrlərindən biri olan XIX əsr Naxçıvanın tarixində ictimai-siyasi proseslərin zənginliyi və ağırlığı ilə xarakterizə olunur.

Dərs vəsaitində mövzuların fənni əhatələyəcək şəkildə böl­gü­sü aparılmış, tələbə və magistrantların mövzunu daha müfəssəl şəkildə öy­rənə biləcəkləri tövsiyyə ədəbiyyatlar təqdim edilmişdir. Fənnin öyrə­nil­məsinin aktuallığı kifayət qədər yüksək səviyyədə əsaslan­dırıl­mış, obyekt və predmeti, məqsəd və vəzifələri tələbə və magistrantların başa düşə biləcəkləri aydın və axıcı bir dillə izah edilmişdir.

Fənn çərçivəsində təqdim olunan ayrı-ayrı mövzularda XIX əsrin əvvəllərində Naxçıvan şəhərinin Naxçıvan xanlığının paytaxtı kimi daşıdığı əhəmiyyətli funksiyaya diqqət yetirilmiş, bu dövrdə şəhər uğrunda gedən mübarizələr, şəhərin təsərrüfat həyatının xü­su­siyyətləri, quruluşu, memarlıq abidələri barədə ətraflı təhlillər apa­rılmışdır. Dərs vəsaitində Rusiya və Qacarlar arasındakı I mü­ha­ribə dövründə (1804-1813)Naxçıvan şəhərinin vəziyyəti ilə bağlı ayrıca mövzu təqdim olunur. Bu dövrdə şəhərin Naxçıvan xanlığı­nın pay­taxtı kimi təkcə hərbi proseslərin deyil, həm də tarixi-siyasi proses­lərin mərkəzində yer aldığına dair faktlar təqdim olunmuşdur. I Ru­siya-Qacarlar müharibəsi dövründə Naxçıvan şəhərinin əhəmiyyə­tinin izah edildiyi mövzuda qeyd edilir ki, indiyə qədər aparılan tədqiqatlarda obyektiv və sub­yek­tiv səbəblərdən müharibənin gedi­şatına daha çox çar Rusiyası mövqe­yindən yanaşıldığı üçün birinci müharibədə Naxçıvan xanlığının və onun mərkəzi olan Naxçıvan şəhərinin elə də aktiv rol almadığı qə­naə­tinə gəlinmişdir. Halbuki, müharibənin və hərbi proseslərin gedişlərinə Qacarlar dövlətinin nöqteyi-nəzərindən baxdığımız zaman aydın olur ki, Naxçıvan şəhəri bu dövlətin qoşunlarının əsas qərargahlarından birinin yer­ləşdiyi areala daxil olmuşdur.  Həqiqətən də I Rusiya-Qa­carlar  mü­ha­ribəsinə belə yanaşma obyektiv həqiqətin ortaya çıxarıl­ma­sı üçün vacib əhəmiyyət daşıyır.

Rusiya ilə Qacarlar arasındakı II müharibə dövründə (1826-1828) Naxçıvan şəhərinin vəziyyətinə dair də dərs vəsaitində ayrıca mövzu vardır. Mövzu çərçivəsində şəhər uğrunda mübarizə tarixi qay­naqların, memuarların, sənədlərin verdiyi məlumatlar əsasında mər­hələ-mərhələ aydınlaşdırılmışdır. 

Dərs vəsaitində XIX əsr Naxçıvan şəhərinin tarixi-coğrafiyası və şəhər quruluşuna dair mövzulara da yer verilmişdir. XIX əsr Naxçıvan şəhəri əhalisinin etnik və sosial strukturu, şəhərdə sosial münasibətlər məsələsinə verilən biliklər magistrantların gələcəkdə bu istiqamətdə tədqiqatlar aparması üçün onlara stimul verə, onlarda maraq yarada bilər. Dərs vəsaitində şəhərin idarəçiliyi və iqtisadi həyatı, mədəni həyatının axıcı dillə təsvir edilən mövzular hər biri gələcəyin təd­qi­qatçıları üçün yeni istiqamətlər açır.

Vəsaitdə mövzuların qoyuluşu, onlardan çıxan nəticələrin ümumiləşdirilməsi təhsilalanlarda tədris olunan fənnin mahiyyəti ilə bağlı müfəssəl təsəvvürün formalaşmasına xidmət edir. Hesab edirəm ki, çap olunan bu dərs vəsaitindən Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələri ilə yanaşı, ümumilikdə ölkəmizin ayrı-ayrı ali təhsil müəssisələrində tədris pro­sesində istifadə edilə bilər. Vəsait nəinki tarixçilər, eləcə də mədəniyyətşünaslıq, şəhərsalma, memarlıq istiqamətində ixtisaslaşan mütəxəssislər üçün də əhəmiyyətli məlumatları özündə əks etdirir.

Elnur Kəlbizadə,
AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri,
tarix  üzrə fəlsəfə doktoru, dosent