Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv dövlətlərin Assambleyalarının 65-ci iclası başlanıb. Azərbaycanı tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqov, İdarə Heyəti sədrinin müşaviri Gülnarə Rüstəmova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gəray Dadaşov və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynovdan ibarət nümayəndə heyəti təmsil edir.
Plenar iclasda ÜƏMT-nin Baş direktoru Daren Tanqın məruzəsi dinlənilib.
Əqli Mülkiyyət Agentliyindən "İki sahil"ə bildirilib ki, iclasa onlayn rejimdə qoşulan İdarə Heyətinin sədri Kamran İmanov əqli mülkiyyət sahəsində Azərbaycanda həyata keçirilən islahatlardan danışıb. Agentliyin rəhbəri vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi köklü islahatlar ideologiyasının əsasında yaradıcı sahibkarlar, investisiyalar və rəqabətqabiliyyətli bazarlarla yanaşı innovasiyaları dəstəkləyən əqli mülkiyyət prioritet kimi önə çəkilir. Bu, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” kimi mühüm sənədlərdə öz əksini tapır və eyni zamanda, ÜƏMT-nin 2022-2026-cı illər üçün Ortamüddətli Strateji Planının müddəaları ilə əlaqələndirilir.
Kamran İmanov ÜƏMT-nin 2024-cü il üzrə “İnnovasiya siyasəti inkişafın aləti kimi” hesabatının tezislərinə əsaslanaraq qeyd edib ki, Azərbaycan öz səylərini yerli innovativ potensialın və milli kreativ iqtisadiyyatın inkişafına, eləcə də işğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər”lərin yaradılmasına yönəldib.
Çıxışda ölkəmizdə təklif olunan qanunvericilik layihələrində müəlliflik hüququ və sənaye mülkiyyəti, eləcə də ənənəvi biliklər və ənənəvi mədəni nümunələr arasında qarşılıqlı əlaqənin nəzərə alındığı, ÜƏMT-nin IPAS (Industrial Property Administration System) sistemi ilə inteqrasiya olunmuş milli PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) sistemi əsasında inzibati prosedurların rəqəmsal transformasiyasının istənilən yerdən vahid rəqəmsal məkanda 24/7 rejimində daxil olmaq imkanı ilə təmin edildiyi, son illərdə Agentliyin dəstəyi ilə iki universitetdə əqli mülkiyyət kafedralarının yaradıldığı diqqətə çatdırılıb.
Agentliyin rəhbəri sonda cari ilin qlobal hadisəsi, bu ilin payızında Bakıda keçiriləcək COP29 çərçivəsində əqli mülkiyyət sahəsində məsələlərin müzakirəsi üçün imkan yaranacağına inandığını bildirib.
ÜƏMT-yə üzv dövlətlərin Assambleyalarının 65-ci iclası iyulun 17-dək davam edəcək.
Növbəti mərhələlərdə həkimlərin əməyinin qiymətləndirilməsi nəticə ilə ölçülməlidir