Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisinin xüsusi tapşırıqlar üzrə səfirinin müavini Ceyson Maklnerneyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə "İki sahil"ə Ombudsman Aparatından məlumat verilib.
Görüşdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli iştirak ediblər.
A.Səfixanlı görüş zamanı Azərbaycanda dini tolerantlığın təmin edildiyini, insanların dini inanclarına hörmətlə yanaşıldığını, dini etiqad və vicdan azadlığının təmin edildiyini, dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimləndiyini, dini-mənəvi, əxlaqi-etik dəyərlərin ictimai münasibətlərin mühüm tərkib hissəsinə çevrildiyini bildirib. O, Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər, o cümlədən ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin milliyyətindən, dinindən asılı olmayaraq hər bir kəsin Ombudsmana sərbəst şəkildə müraciət etdiyi, onların müraciətlərinin qanunauyğun olaraq araşdırıldığı və müvafiq tədbirlərin görüldüyü diqqətə çatdırılıb.
Aparat rəhbəri qeyd edib ki, Azərbaycanda müxtəlif etnik azlıqlar qarşılıqlı hörmət, sülh şəraitində yaşayır, onların ənənələrinə hörmət edilir, dini dəyərlərinə xüsusi diqqət yetirilir, hüquq və azadlıqları müdafiə olunur.
A.Səfixanlı Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) mandatı çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə keçirilən başçəkmələrdən danışıb, MPM fəaliyyəti ilə bağlı illik hesabatların hazırlandığını, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələrin verildiyini vurğulayıb.
Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin müdiri Zaur Vəliməmmədli təsisatın beynəlxalq təşkilatlarla, o cümlədən BMT və onun ixtisaslaşdırılmış qurumları ilə əməkdaşlıq əlaqələri, eləcə də Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş son dəyişikliklər nəticəsində bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması və digər sahələrdə Müvəkkilin mandatının genişləndirilməsi, Aparatda yeni müvafiq struktur bölmələrin yaradılması barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra mövzular barədə müzakirələr aparılıb.
TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün MALİYYƏ MEXANİZMİ TƏTBİQ EDƏCƏK
İcarə obyektində təmirə çəkilən xərclər necə ödənilməlidir? – Ali Məhkəmə açıqladı