15 iyul 2024 23:57
365

Vətən sevdalısı yad olunub

 Dağlar diyarı Lerikdə  Birinci Qarabağ müharibəsində Vətəni naminə hər an canından keçməyə   hazır olan, qanlı döyüşlər zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılaraq dəfn edilən  Müşfiq  Cəfərovun 40 mərasimi keçirilib.

YAP Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov , Lerik Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və  Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rahib Şiriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qəmbərov , ictimaiyyət nümayəndələri , Ərazi Partiya Təşkilatının fəalları ,kənd sakinləri və şəhidin ailə üzvləri  tərəfindən ölümsüzlüyə qovuşan   qəhrəmanın  məzarı ziyarət edilib, önünə  təzə güllərdən çələng hörülərək, əziz xatirəsi ehtiramla anılıb.

 Müşfiq İlyas oğlu  Cəfərov1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən  ölüm-dirim savaşına qatılıb. Daha sonra ondan heç bir xəbər olmur və itkin düşmüş sayılır. Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbər" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilib. 2024-cü ildə şəxsiyyəti müəyyən edilərək doğulub boya-başa çatdığı Lerik rayonu, Monidigah kəndində həyatı dərk edəni sevdalandığı torpağa tapşırılıb.

Öz oğlunun hünərinə və qeyrətinə bələd olan monidigahlılar onun xatirəsini əziz saxlamaqla uyuduğu müqəddəs məzarı önündə baş əyirlər.

Bəli, torpaq uğrunda ölən varsa, Vətəndir!  Elə 44 günlü  haqq savaşımızda qəhrəman Vətən sevdalıları  qanları bahasına 30 ilə yaxın  düşmən  tapdağında olan  torpaqları Vətən etdilər. Bir də Vətən, torpaq yolunda şəhid olanlar heç vaxt ölmürlər. Milyonların ürəyində yaşamaqla əbədilik qazanırlar. Şəhidlərin müqəddəs ruhları Vətənin göylərində, ən uca zirvələrdə dolaşır, o cümlədə   Müşfiq  Cəfərovun da...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü