15 iyul 2024 20:32
587

Aşura günü izdiham yaşandığı üçün uşaqların məscidlərə aparılması tövsiyə olunmur - RƏY

Məlum olduğu kimi Məhərrəmlik ayıdır və sabah Aşura günü qeyd olunacaq.  Hər il olduğu kimi bu il də məscidlərdə izdiham yaşanacaq. Məhərrəmlik ayını və Aşura gününü xalqımız öz milli-mənəvi dəyərlərinə sadiq olaraq keçirir. Nəzərə almaq lazımdır ki, həmin gün məscidlərə çoxlu insan gedir və təəssüf ki, bəzi valideynlər azyaşlı uşaqlarını da belə yerlərə aparırlar.

Bu fikirləri VI çağırış Milli Məclisin deputatı Ceyhun Məmmədov “İki sahil”ə açıqlamasında bildirdi.

Ceyhun Məmmədov qeyd etdi ki, izdiham yaşandığı üçün belə yerlərə uşaqların aparılması onlar üçün təhlükə yaradır. Eyni zamanda, digər bir məsələ isə ondan ibarətdir ki, məsciddə baş verənlər azyaşlıların təfəkkürünə mənfi təsir edə bilər. Söhbət ondan gedir ki, azyaşlılarımız və yeniyetmələrimiz Aşura günü məscidlərdə yaşanan belə halları görmələri onların psixologiyasına mənfi təsir göstərir.

Ona görə də azyaşlıların məscidlərə aparılmaması tövsiyə olunur. Uşaqlarımız bu mənfi psixoloji təsirdən qorumalıyıq. Bununla bağlı Daxili İşlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi buunla bağlı müəyyən çağırışları, tövsiyələri oldu. Ona görə də vətəndaşlara tövsiyyəmiz budur ki, həmin çağırışlara mütləq əməl etsinər.

Könül Əliyeva, "İki sahil"