16 iyul 2024 23:57
389

Astaranın qəhrəman oğlu

Astara camaatının qürur yeri, iftixar mənbəyi olan  Vətən müharibəsi şəhidi Əli Malik oğlu Feyziyevin  31 yaşı tamam oldu. Şərəfli  ömrü  ilə milyonların ürəyində özünə  əzəmətli abidə ucaldan, şəhidlik  zirvəsindən gələcəyə boylanan Əlinin adını özündə yaşadan çoxlu yadigarlar yaratmaqla astaralılar  hər an, hər yerdə onu ehtiramla xatırlayırlar.  Bu günlər isə  astaralılar ölümsüzlüyə qovuşan qəhrəman oğlunun doğum günü ilə əlaqədar  doğma kəndində məzarını ziyarət edib, önünə təzə güllər düzüblər. Daha sonra ziyarətçilər şəhidin evində ailə üzvləri ilə görüşüb, onlara ehtiramlarını bildiriblər.

Həmçinin  çıxışlar zamanı deyilib ki, Əli Vətənin yaşaması naminə canını fəda edib. Odur ki, onun ömür  yolu ən qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qərinələr keçəcək,  gələcək nəsillər də onu torpağa bağlı, layiqli   vətəndaş olaraq daim minnətdarlıqla xatırlayacaq. Bəli, Əli kimi qəhrəmanların şəhidliyi bizim kimliyimizi, mənliyimizi bir daha dünyaya bildirdi.

Azərbaycanın və dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızın şəhidi Əli Malik oğlu  1993-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Həyatı dərk edən gündən ömrünün mənasını Vətənə, xalqa təmənnasız xidmətdə görən  Astaranın igid oğlu  İkinci Qarabağ müharibəsi başlanan andan düşmənlə ölüm-dirim savaşına atılıb, neçə-neçə döyüşdən  zəfərlə çıxıb. Füzulidə, Cəbrayılda, Şuşada üçrəngli bayrağımızı ucalandıranların önündə gedib. Vətən yolunda hər an ölümə hazır olan igid döyüşçü qələbə gününə qədər düşmənə qan qusdurub.  Noyabrın 8-də Şuşada Vətənə tuşlanan düşmən gülləsini sinəsi ilə dəf  edən zaman şəhidlik zirvəsinə ucalıb.  Cısmən  aramızdan getsə də, adını tarixə yazıb.

Qeyd edək ki, Əli ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra  Cəbrayılın, Xocavəndin, Şuşanın azadlığına görə, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə  təltif edilib. Eləcə  qəhrəmanlığı dillərdə dastan olan Əlinin yarımçıq arzularını cücərdəcək iki  övladı  də bizlərə əmanət qalıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü