16 iyul 2024 22:48
335

Vətən sevgisinin əbədiyyət yolu

44 günlük haqq savaşımızda Vətən, torpaq naminə özünü fəda edən  Rameş  Gülverdi oğlu Zəkiyev ömrünün 23-cü ilinə qədəm qoyub.  Astara elinin qeyrətli  oğlu göz açdığı bu dünyada az yaşadı. Qaldı ki, gələcək nəsillər üçün örnək olacaq bir tarix yazıb  getdi. O, indi cismən aramızda olmasa  da, bütöv bir xalqın qəhrəmanlıq simvoluna dönərək milyonların ürəyindədir.

Bu fikirlər  İkinci Qarabağ  şəhidi Rameş Zəkiyevin mövlud günü münasibətilə təşkil olunan mərasimdə  deyildi. Mərasim  iştirakçıları şəhidin doğma kəndində uyuduğu müqəddəs yeri ziyarət etdilər və ehtiram əlaməti olaraq məzarına təzə güllərdən çələng hördülər.

2001-ci ildə Astaranın Şahağac kəndində dünyaya göz açan Rameş   Zəkiyev  uşaqlıqdan idmanın boks növünə böyük maraq göstərib. Qatıldığı yarışlarda həmişə uğur qazanıb.  2016-cı ildə ölkəmizi Rusiyada təmsil edib.

Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanıb. Ağdam rayonunun Baharlı kəndində Vətənin keşiyində durub. İkinci  Qarabağ  müharibəsində minaatan kimi  Rameş Ağdam istiqamətində gedən döyüşlərdə şücaət göstərib.  Vətənə, torpağa məhəbbəti sayəsində neçə-neçə ağır sinaqlardan üzüağ çıxıb.  15 oktyabr 2020-ci ildə Ağdam rayonunun Hacıməmmədli kəndində minaatan mərmisinin düşməsi nəticəsində 2 döyüşçü yoldaşı ilə birgə şəhidlik zirvəsinə ucalıb. Onun cənazəsi 20 oktyabr 2020-ci ildə Şahağac kəndinə gətirilib, burada torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”  medallarına layiq görülüb .

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü