22 iyul 2024 23:30
497

Şəhidlik zirvəsindən boylanan səadət...

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək tarix yazan Cəbrayıl Qasımovun mövlud günündə masallılar şəhidin məzarını ziyarət edib üstünə  təzə gül dəstələri düzüblər. Həmçinin söhbət zamanı bildirilib ki, torpaq şəhid qanı ilə Vətən olur. Cəbrayıl da  bu müqəddəs yolda canını fəda edib.  Məhz buna görə o, milyonların ürəyində özünə əbədi yurd-yuva qurmaqla  qərinələr boyunca böyük ehtiramla xatırlanacaq. 

Cəbrayıl Baloğlan oğlu Qasımov 1996-cı ildə Masallı rayonunun Ərəb kəndində dünyaya göz açıb. 2002-ci ildə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbinin birinci sinfinə daxil olub, 2013-cü ildə həmin məktəbi yüksək səviyyədə bitirib.

Orta təhsilini başa vurduqdan sonra, yəni 2014-cü ilin iyul ayında  erməni dığalardan  qisas almaq məqsədilə  ordu sıralarına yola düşüb. Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda, “N” saylı hərbi hissədə rabitəçi kimi keçirib. Vətəninə nümunəvi xidmət göstərməklə tanınıb, nüfuz qazanıb. 2016-cı ilin yanvar ayında ordudan üzüağ, alnıaçıq evinə qayıdıb. Bir müddət mülki işlərdə çalışsa da, düşməndən qisas alacağı günə həmişə hazır olub.

Vətən müharibəsi zamanı Cəbrayıl Qasımov əlinə silah alıb düşmənlə döyüşə girib. Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad olunması  uğrunda  sözün əsl mənasında yağıya qan qusdurub.   Şəhidlik zirvəsinə ucalan gündə “Təki Vətən yaşasın”  deyib son nəfəsinə qədər qəhrəmanlıq göstərib. Qalib şəhid 9 oktyabr 2020-ci il tarixində doğulduğu Ərəb kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.

Şəhidlik zirvəsindən gələcəyə boylanan, mənən diri qalaraq əbədi ömür qazanan  Cəbrayıl  Qasımov ölümündən sonra  dövlət tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü