27 iyul 2024 21:57
640

Rayonlarımızda yağışlı hava sabah da davam edəcək

İyulun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, havanın temperaturu gecə 19-23° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 25-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-16° isti olacaq.