02 avqust 2024 15:08
497

Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlanılması nəzərdə tutulur - Xüsusi nümayəndə

Bu ilin sonunda Laçın şəhərinin bərpasının ikinci mərhələsinə başlanılması nəzərdə tutulur. Sakinlər üçün həm çoxmənzilli, həm də fərdi evlərin tikilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki,  bunu AZƏRTAC-a müsahibəsində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

M.Məmmədov bildirib ki, işğaldan azad edilmiş Laçın rayonunda qısa müddətdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib.

““Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq bu işlər davam etdirilir. Keçmiş məcburi köçkünlər doğma yurdlarına köçürülür. Bu ilin ikinci yarısında Bəylik və Güləbird kəndlərində fərdi evlərin tikintisi nəzərdə tutulur”, - deyə Məsim Məmmədov vurğulayıb.