26 avqust 2024 22:59
780

Sinəsini Vətəninə sipər edib tarix yazan igidlər - Xəyal Əhədzadə

Sinəsini Vətəninə sipər edib tarix yazan  igidlərdən  biri də  Lənkəran rayonunun Nərimanabad qəsəbəsində dünyaya gələn  şəhid  Xəyal Əlövsət oğlu  Əhədzadədir.  Qısa ömrü qəhrəmanlıq, mərdlik örnəyi olan Xəyal Lənkəran-Gənclər İdman Məktəbinin yetirməsi idi.  O,  idmanın boks növündə dədələrlə Azərbaycan çempionatlarında iştirak etmiş və yüksək  nəticələrə sahib olmuşdur.

Köksündə əsl qəhrəman  ürəyi döyünən  Xəyal  2020-ci ilin  sentyabrında başlanan  İkinci Qarabağ müharibəsinin  ilk günlərində əlində silah cəbhəyə yollanıb. Murovdağ, Cəbrayıl, Füzuli  və Şuşa istiqamətində gedən  döyüşlərə  qatılıb.  Düşmənə qan uddurub, yüzlərlə canlı qüvvəsini,  neçə-neçə hərbi texnikasını məhv edib.  Azərbaycan  və dünya  hərb tarixinə qızıl hərflərlə yazılan şanlı qələbəmizdə göstərdiyi rəşadətə görə  dövlət tərəfindən  “Azərbaycan bayrağı” ordeninə, Cəbrayılın, Füzulinin, Şuşanın, Kəlbəcərin  azadlığı uğrunda medallarına  layiq görülüb.

Vətən sevdalısı Xəyal Əhədzadə  2022-ci il sentyabrın  12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən  törədilən genişmiqyaslı  təxribatın qarşısının alınması  zamanı  şəhadətə  yüksəlib.  Milyonların ürəyində özünə əbədi məkan quran  Lənkəranın igid oğlu Vətən olur...     

Bu günlərdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində Lənkəran şəhər Mədəniyyət Mərkəzində şəhid Xəyal Əhədzadənin  anadan olmasının  26-ci illiyi münasibətilə  tədbir keçirilib.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyevanın və digər rəsmilərin, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, rayon ictimaiyyətinin nümayəndələrinin, şəhidin təhsil aldığı Lənkəran rayonu A. Əmrahov adına Üzümçülük qəsəbə tam orta məktəbin müəllim və şagird heyətinin qatıldığı tədbirdə Xəyal Əhədzadənin şəxsi əşyaları və fotolarından ibarət sərgi  nümayiş  olunub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Vətən naminə canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Şəhid Xəyal Əhədzadənin həyat yolunu özündə əks etdirən video çarx izlənib, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan  danışıb.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin fond müdiri Aygün Əkbərova belə vətənpərvər, mərd, igid oğullar  tərbiyə etdiyi  üçün şəhid valideynlərinə minnətdarlığını bildirib. Sonra Heydər Əliyev Mərkəzinin rəsm studiyasında yağlı boya ilə çəkilmiş Xəyal Əhədzadənin portretini valideynlərinə təqdim edib.

Çıxışçılar Xəyal Əhədzadənin həyat və döyüş yolundan böyük qürurla söhbət açıb,

məktəblilər Vətənə, qələbəyə həsr olunan şerlər söyləyib, tanınmış ifaçıların şəhidlər haqqında mahnıları dinlənilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü