Mingəçevir şəhərinin bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır
Müasir dövrdə dünyada elektrik enerjisinin əksər hissəsi istilik elektrik stansiyalarında istehsal olunur. Azərbaycanda isə bu göstərici daha yüksəkdir. Belə ki, elektrik enerjisinin təxminən 90 faizi istilik elektrik stansiyalarından əldə edilir. Gələcək illərdə ölkənin elektrik enerjisinə tələbatının artması gözlənilir. Buna görə də daha səmərəli istehsal güclərinin yaradılması, mövcud enerji şəbəkələrinin təkmilləşdirilməsi və yeni investisiyaların cəlb edilməsi böyük əhəmiyyət kəsb edir.
Ölkəmizin müstəqillik illərində enerji sektorunda əldə etdiyi uğurlar Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən layqincə davam etdirilməsinin birbaşa nəticəsidir. Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulmuş Mingəçevir Elektrik Stansiyası müstəqilliyin ilk illərində Azərbaycanın enerji təhlükəsizliyini təmin etmiş və bu gün də ölkəmizin sənaye potensialını dəstəkləməyə davam edir.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan enerji sektorunda böyük irəliləyişlərə nail olmuşdur. 2023-cü ildə Mingəçevir şəhərində 1300 meqavat gücündə yeni İstilik Elektrik Stansiyasının tikintisinin başlanması ölkənin enerji potensialını gücləndirmək məqsədilə atılmış mühüm addımlardan biridir. Bu yeni stansiya ölkənin enerji təhlükəsizliyinə növbəti töhfə verərək yüzlərlə yeni iş yerinin yaradılmasına səbəb olacaq. Eyni zamanda, Azərbaycanı regionun enerji mərkəzinə çevirəcək.
"İndi isə Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya, əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq". Bu fikirləri Azərbaycan Prezidenti İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində deyib. Ölkə başçısı bildirib ki, yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.
Yeri gəlmişkən, bu günlərdə “AzərEnerji”nin Mingəçevir şəhərində tikdiyi ölkənin ən böyük İstilik Elektrik Stansiyası üçün İtaliyadan gəmi ilə bir dəst turbin və generator da gətirilib. Hər birinin çəkisi 300 tondan artıq olan həmin qurğular Bakıda ağır tonnajlı kranlarla xüsusi daşınma qoşqularına yüklənib. Yükün hündürlüyü 6 metr olduğundan Mingəçevirə qədər körpülərin altı qazılaraq keçid açılıb. Əlaqələndirmə nəticəsində ümumi gücü 1880 meqavat təşkil edəcək yeni elektrik stansiyasında yerinə qoyulan avadanlıqların dərhal quraşdırılmasına başlanılıb. Yeni elektrik stansiyasında 4 ədəd turbin və generator olmalıdır ki, onlardan artıq 3 dəsti gətirilib və son dəst turbin-generator da yaxın vaxtlarda ölkəyə çatdırılacaq.
Hazırda İtaliyadan gəmi ilə gətirilən sonuncu turbin və generatorun gələn ay Bakıya çatdırılması nəzərdə tutulub. Çindən yola salınan 8 transformator isə artıq Bakıya çatdırılıb. Bundan əlavə, util qazanın hissələri yüklənən sonuncu gəmi bir neçə günə Poti limanına çatacaq və avadanlıqlar Mingəçevirə daşınacaq.
Gücünə görə ölkənin ən böyük elektrik stansiyası olacaq bu enerji obyekti son illərdə sürətlə yaradılan bərpaolunan enerji mənbələrinin enerjisistemə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, enerji istehsalında təbii qaza qənaət edilməsi, iqlim dəyişiklikləri ilə bağlı baş verən kataklizmlərin qarşısının alınması, eləcə də ətraf mühitin qorunması baxımından xüsusi önəm daşıyır.
“AzərEnerji” tərəfindən yeni tikilən stansiyanın şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə hər kilovat–saat üçün 120 qram azalmaqla 225 qram təşkil edəcək ki, bununla da illik 1,2 milyard kubmetr təbii qaza qənaət ediləcək, eyni zamanda, ətraf mühitə atılan karbon qazının miqdarı 2 milyon ton azalacaq.
Enerji sahəsində infrastrukturun təkmilləşdirilməsi istiqamətində İtaliya və Çin kimi strateji tərəfdaş ölkələrin dəstəyi xüsusi önəm kəsb edir. Bu ölkələrin Mingəçevirdə tikilən elektrik stansiyasında iştirak etməsi Azərbaycanın iqtisadi əlaqələrinin daha da güclənməsinə səbəb olur. İtaliyanın bu layihədə iştirak etməsi, həmçinin Azərbaycanın TAP və TANAP layihələri çərçivəsində qaz ixracatında bu ölkə ilə mövcud əməkdaşlığı daha da möhkəmləndirir. Eyni zamanda, Çinin "Bir kəmər yol, bir yol" layihəsi ilə bağlı Azərbaycanla əməkdaşlığı da bu cür enerji layihələrində əks olunur.
Azərbaycanın enerji siyasəti yalnız daxili bazar deyil, həm də beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi üçün əhəmiyyətlidir. Ölkəmizin enerji potensialı beynəlxalq tələblərə cavab verən infrastruktur və texnoloji yeniliklərin tətbiqi ilə daha da artır. Yeni stansiyaların inşası və mövcud stansiyaların yenidən qurulması nəticəsində Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə və İranla enerji sahəsində əməkdaşlığını gücləndirərək elektrik enerjisi ixracatçısı və tranzit ölkə kimi mövqeyini möhkəmləndirmişdir. Azərbaycanın enerji strategiyası təkcə mövcud stansiyaların modernləşdirilməsi ilə məhdudlaşmır. İşğaldan azad edilmiş ərazilərdə də enerji infrastrukturunun bərpası və inkişafı sürətlə həyata keçirilir. Nəzər alaq ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işləri ilk növbədə enerji infrastrukturu ilə başlamışdır. Bu bölgələrdə 50 meqavatdan çox generasiya gücü yaradılmış və il sonuna qədər bu göstəricinin 200 meqavata çatması gözlənilir. Ümumilikdə, işğaldan azad edilmiş torpaqlarda 9 min meqavatdan artıq təsdiqlənmiş enerji potensialı mövcuddur ki, bu da Azərbaycanın enerji ixracat potensialının daha da genişlənməsinə imkan verəcəkdir.
Göründüyü kimi, Azərbaycanın enerji siyasəti iqtisadi inkişafın mühərriki olaraq həm milli iqtisadiyyatın inkişafına, həm də regional və qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Gələcək illərdə həyata keçiriləcək yeni layihələr və investisiyalar Azərbaycanın enerji sektorunu daha da gücləndirəcək, ölkənin beynəlxalq enerji bazarındakı mövqeyini möhkəmləndirəcəkdir.
Nigar Orucova, “İki sahil”
Saatlıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Qaxda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib