3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində xalqın yüksək etimadını qazanan Ümummilli Lider Heydər Əliyev bugünkü qalib, bütövləşən Azərbaycan üçün möhkəm təməl formalaşdırdı
Yaxın zamanlarda Azərbaycanın müstəqillik tarixinin 35 illiyini qeyd edəcəyik. 1991-ci ilin 18 oktyabr tarixində müstəqilliyini bərpa edən Azərbaycanın ilk illərdə yaşadığı siyasi, iqtisadi böhran, müstəqilliyini itirmək təhlükəsi hər bir ölkənin gələcəyinin Liderin özündə birləşdirdiyi keyfiyyətlərdən, həyata keçirdiyi siyasətdən, baş verən hadisələri düzgün təhlil edib düzgün nəticə çıxarmaq bacarığından və sair kimi amillərdən asılı olduğunu bir daha nümayiş etdirdi. Ümummilli Lider Heydər Əliyevin fikirlərinə istinad etsək, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Xalq bu reallığı müstəqilliyimizin bərpasının ilk illərinin Azərbaycanı ilə bugünkü Azərbaycanı müqayisə etdikdə daha aydın görür. Belə ki, 90-cı illərin əvvəllərində Azərbaycandakı xaos, hərc-mərclik, özbaşınalıq dözülməz vəziyyət yaratmışdı. Hakimiyyətə zor gücünə gələn AXC-Müsavat cütlüyünün ölkədə yaratdığı dözülməz vəziyyətdən səbir kasası dolan xalq çıxış yolu axtarırdı. O dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Ulu Öndər Heydər Əliyevə müraciət etməklə Azərbaycanı gözləyən daha təhlükəli vəziyyətdən çıxarmağı tələb edən xalqın istəyi ilə Bakıya gələn Ümummilli Liderin qayıdışı çağdaş tariximizə müstəqilliyimizin əbədiyyət rəmzi kimi yazıldı. “O vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı» fikirləri ilə o dövrdə ölkədəki mövcud durumu xarakterizə edən Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqın liderinə olan məhəbbəti, inamı AXC-Müsavat iqtidarını narahat edirdi. Xalqın tələbi ilə Bakıya gələn, Azərbaycanın dövlətçiliyini təhlükə altında qoyan hadisələrin daha ciddi təhlükə yaratmasının qarşısını qətiyyəti, siyasi iradəsi ilə alan Ulu Öndər Heydər Əliyev o ağır günlərdə Azərbaycan Ali Sovetinin Sədri seçilərək insanları birliyə, həmrəyliyə dəvət etdi. Amma qarşıdakı taleyüklü problemlərin həlli üçün geniş dövlətçilik təcrübəsinə, siyasi iradəyə, qətiyyətə malik liderin ölkəyə rəhbərliyinə ehtiyac var idi. Heç vaxt yanılmayan xalq bu sahədə də seçimini tarixi zərurətdən yaranan hadisələrə uyğun müəyyənləşdirdi. Hakimiyyətinin hər iki dövründə Azərbaycanın iqtisadi yüksəlişi, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması naminə zəkasından, uzaqgörən siyasətindən bacarıqla istifadə edən Ulu Öndər Heydər Əliyev yenə də xilaskarlıq missiyasını uğurla yerinə yetirərək bu çağırışı etdi ki, indi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.

Azərbaycanı parçalanmaq təhlükəsindən xilas edən Ulu Öndər Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını almaqla heç bir dövlət başçısının, siyasətçinin öhdəsindən gələ bilməyəcəyi taleyüklü məsuliyyəti üzərinə götürdü, müstəqilliyimizi əbədi, daimi etdi. 1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini yerinə yetirmək Ulu Öndərə həvalə olundu. Xalq respublikaya rəhbərliyin rəsmi olaraq Ulu Öndərə tapşırılmasını Azərbaycanın müstəqilliyinin qarantı hesab edərək bu tələbində haqlı olduğunu prezident seçkisində Ümummilli Liderə göstərdiyi etimadı ilə təsdiqlədi. Reallıq budur ki, Azərbaycanın müstəqillik tarixi Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı.
Bu tarixi qayıdışın məntiqi nəticəsi dünyanın ən dinamik inkişaf edən olkəsi kimi tanınan, müasirləşən, yeniləşən, dünyada mövqeləri möhkəmlənən, müstəqilliyini qoruyan Azərbaycanın iqtisadi sahədə, diplomatiyada, beynəlxalq əməkdaşlıqda qazandığı uğurlardır. O ağır günlərdə taleyini Ulu Öndər Heydər Əliyevə etibar edən xalq müstəqilliyimizin əbədiliyinə də imza atdı. Heydər Əliyev xalqının Ümummilli Lideri adını ölkədə apardığı siyasi, iqtisadi, sosial, hərbi islahatları ilə doğrultdu. Bu əminlik Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və şəxsi nüfuzuna, idarəçilik təcrübəsinə dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəni vəziyyətdən çıxara biləcək yeganə müdrik şəxsiyyət Heydər Əliyevin zəkası, qətiyyəti ola bilər. Azərbaycan xalqının böyük xoşbəxtliyidir ki, həmin çətin və mürəkkəb dövrlərdə müstəqil dövlətimizə Ümummilli Lider Heydər Əliyev kimi görkəmli dövlət xadimi rəhbərlik edərək müstəqilliyin möhkəm təməllərini yaratmış, xalqımızı böyük bəlalardan, ölkəmizi parçalanmaqdan xilas edərək gələcəyin siyasi-ideoloji, hərbi-iqtisadi yollarını müəyyənləşdirdi. Prezident İlham Əliyev çıxışlarında hər zaman bu reallıqlara diqqəti yönəldir ki, Azərbaycan xalqı xoşbəxt həyata layiq idi. Azərbaycan xalqı 1991-1992-ci illəri, 1993-cü ilin əvvəllərini yaxşı xatırlayırdı. Azərbaycanı kimlər idarə edirdi? Hansı səviyyəsiz qüvvələr hakimiyyət başına gəlmişdilər? Əslində hakimiyyəti zorla zəbt etmişdilər. O, tariximizin qara səhifələridir. Səriştəsizlik, bacarıqsızlıq, mədəniyyətsizlik, cəsarətsizlik, qorxaqlıq, riyakarlıq - bu idi o vaxt Azərbaycan rəhbərliyini əks etdirən epitetlər. Azərbaycan xalqı istəmirdi ki, yenə o qara günlər qayıtsın. İstəyirdi ki, insanlar rahat yaşasınlar, ölkəmiz inkişaf etsin, sabitlik pozulmasın. Düzgün seçim edərək bir daha Heydər Əliyev siyasətinə səs verdi və əminəm, bu gün bütün Azərbaycan xalqı bir daha görür ki, nə qədər düzgün bir seçim edib.

İlk gündən ölkəni ağır vəziyyətdən çıxarmaq, siyasi sabitliyin yaranması üçün milli həmrəyliyi gücləndirən Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, güclü iqtisadiyyat, nizam-intizamlı ordu yaratmadan Ermənistan kimi işğalçının qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra ordu quruculuğu sahəsində islahatlara xüsusi diqqət göstərərək hələ Naxçıvanda başladığı ordu quruculuğu sahəsindəki islahatları əsas prioritet kimi davam etdirdi. Prezident kimi 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimindəki çıxışında söylədiyi «Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir» sözlərini əməli fəaliyyətində davam etdirdi. Ulu Öndər beynəlxalq arenadakı şəxsi nüfuzu, dövlətçilik təcrübəsi ilə ölkəmizdə qarışıqlıq yaratmağa çalışan daxili və xarici qüvvələrə sipər oldu. Dünyanın ən nüfuzlu şirkətlərini ölkəmizə dəvət etməklə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının təməlini qoyan Ulu Öndərin qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan «Əsrin müqaviləsi» imzalandı. Bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirildi. Azərbaycan dünyada neft ölkəsi kimi tanındı. Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərdi ki, ölkəmizi dünyanın vacib aktorları sırasına müdrik siyasətçi Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.
Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində evlərindən köçkün düşmüş soydaşlarımızın doğma yurdlarına dönəcəyini qətiyyətlə bildirən Ümummilli Lider Heydər Əliyev Qarabağın azad ediləcəyini əminliyini bütün çıxışlarında qeyd edirdi. Ölkəmizin iqtisadi imkanlarının artması ordu quruculuğu sahəsində ciddi addımların atılmasını şərtləndirdi. Ayrı-ayrı partiyalara xidmət edən könüllü silahları dəstələr ləğv edildi. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu.
Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyi qorundu. Azərbaycanın hüquqi, qüdrətli dövlət olması üçün ölkənin demokratiya yolu ilə inkişaf etməsi, çoxmillətli respublikamızda milli həmrəyliyin, xalq-iqtidar birliyinin gücləndirilməsi başlıca şərt kimi önə çəkildi. Azərbaycan həqiqətlərinin, Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün dünya azərbaycanlılarının həmrəyliyinə böyük diqqət göstərən, xalqımızda azərbaycançılıq təfəkkürünün, milli oyanışın formalaşması üçün tarixi addımılar atan Ulu Öndərin təşəbüsü ilə keçirilən Dünya Azəbaycanlıarının I Qurultayı birliyimizi möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Ümummilli Lider Heydər Əliyevin “Vətən birdir, hamı bu Vətən üçün çalışmalıdır” çağırışı dünyanın müxtəlif ölkələrində yaşayan soydaçlarımızı bir amal ətrafında birliyə çağırıdı. Ulu Öndər Heydər Əliyev, eyni zamanda, bildirirdi ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq.

Sabitliyi təmin etməklə iqtisadiyyatın dirçəlməsi üçün konseptual islahatların vacibliyi də əsas şərt kimi qarşıya qoyuldu. Ulu Öndər Heydər Əliyev ilk olaraq ölkəyə investisiya axınını şərtləndirən amillərə diqqəti artırdı. Azərbaycanın təbii ehtiyatlarının dünya bazarlarına çıxarılmasını ən optimal variant kimi dəyərləndirən Ulu Öndərin müəllifi olduğu neft strategiyası yol xəritəsi oldu. «Əsrin müqaviləsi»ni tarixi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, belə bir vəziyyətdə Azərbaycana xarici sərmayəni gətirmək doğrudan da böyük müdriklik və uzaqgörənlik tələb edirdi. Qlobal enerji layihələrinin reallaşması göstərdi ki, Ulu Öndərin neft strategiyası təkcə Azərbaycan iqtisadiyyatı üçün çıxış yolu olmadı. BTC, BTƏ, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi neft-qaz kəmərləri Azərbaycanın enerji diplomatiyasının təntənəsi olmaqla, layihələrdə iştirak edən bütün tərəfdaşların milli müstəqilliyi ilə eyni səviyyədə əhəmiyyətli olan iqtisadi, enerji müstəqilliyinin də təməli oldu. Dünyanın enerji xəritəsini dəyişdi. Neft ölkəsi kimi şöhrət qazanan Azərbaycan hazırda həm də Avropa ölkələrinə qaz ixrac edən respublika kimi tanınır. Hazırda Azərbaycan 16 ölkəyə qaz ixrac edir.
Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərini bir yazıda əhatə etmək mümkünsüzdür. Onun fəaliyyətinin hər bir istiqaməti bir tədqiqat mövzusudur. İllər keçdikcə dahi şəxsiyyətin xidmətlərinin yeni istiqamətləri araşdırılır, Onun titanik fəaliyyəti ilə bağlı neçə-neçə kitablar nəşr edilir.
Ulu Öndər Heydər Əliyevin xidmətlərindən biri təbii ki, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, dünənin, bu günün və gələcəyin partiyası olduğunu real addımları ilə təsdiqləyın Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasıdır. Ümummilli Liuderin adı ilə bağlı olan bu partiyaya xalqın sevgisi, inamı sonsuzdur. Yarandığı gündən tutduğu yola, əqidəsinə sadiqlik nümayiş etdirən YAP bu gün qalib, bütövləşən Azərbaycanın qarşısında dayanan vəzifələrin uğurlu icrasına, hədəflərə yüksək səviyyədə nail olmasına dəstəyini “Biz birlikdə güclüyük!” çağırışında ifadə edir. Bu çağırış sadəcə bir şüar deyil, bu, hədəfə nail olmağı şərtləndirən gerçəklikdir. Partiya şanlı Qələbəmizin reallıqları əsasında beş il bundan öncə, 2021-ci ilin 5 mart tarixində VII qurultayını keçirdi. Həmin qurultay partiyanın tarixində yeni dövrün əsası oldu. Ötən beş ildən artıq dövrdə həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisələr, möhtəşəm uğurlar çox oldu. YAP-ın 2026-cı il oktyabrın 2-də suverenliyimizin tam bərpasının yaratdığı reallıqların qarşıya yeni hədəfləri qoyduğu bir zamanda VIII qurultayını keçirməsi də özündə bütün məqamları ehtiva edir. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, YAP bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.
Ümummilli Liderin bugününüz və gələcəyimiz üçün ən böyük xidməti 1 oltyabr 2003-cü ildə xalqa tarixi müraciəti oldu. Həmin müraciətdə Azərbaycanın gələcək inkişafının yol xəritəsi müəyyənləşdirildi. Cənab İlham Əliyevin Onun başa çatdıra bilmədiyi işləri axıra çatdıracağına əminliyini ifadə etdi.
2003-cü ilin 15 oktyabr prezident seçkilərindən 23 il keçir. Azərbaycan xalqı seçimində yanılmadığını bu günədək ölkəmizdə keçirilən prezident seçkilərində cənab İlham Əliyevə dəstəyi ilə ifadə edir. Bu illər Azərbaycanın həyatında davamlı uğurlar, zəfərlərlə yadda qaldı. Azərbaycanın ərazi bütövlüyünün və suvertenliyinin tam bərpa edilməsi keçilən yolun aydın mənzərəsidir. Bu gün Azərbaycan Bayrağı azad edilmiş bütün ərazilərimizdə qürurla dalğalanır. Bundan böyük xoşbəxtlik ola bilməz. Prezident İlham Əliyev dünyada müasir dövrün liderlik modelinin ən real gerçəkliyidir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən seçkilərdə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andişmə mərasimində Ümummilli Lider Heydər Əliyevə bu müraciəti etmişdi ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı daha da möhkəmləndirəcəyik, gücləndirəcəyik, zəfərlərə doğru aparacağıq.
Dövlətimizin başçısı İlham Əliyev verdiyi vədləri yerinə yetirdi. Ümummilli Liderin arzularını gerçəkləşdirdi. Bu gün Qarabağ, Şərqi Zəngəzur azaddır, soydaşlarımız mərhələli şəkildə doğma torpaqlarına qayıdırlar. Heç zaman xalqımız bu günə olan inamını itirmədi. Bu günün gələcəyinə, bu xoşbəxtliyi yaşayacağına əmin idi. Çünki Heydər Əliyev kimi Ümummilli Lideri və onun siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyev kimi Prezidenti var. Ulu Öndər Heydər Əliyevin “Biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim bu gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir” fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, güclü, qüdrətli Azərbaycan hər zaman hədəfimiz olub.
Yeganə Əliyeva, “İki sahil”