30 sentyabr 2026 15:28
135

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib.

“İki sahil” xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbaycan Prezidenti ilə görüşməkdən böyük şərəf hissi duyduğunu bildirdi.

Bakıda keçirilən “ADEX 2026” və “Securex Caspian” sərgilərinin əhəmiyyətinə toxunan Lord Vernon Kioaker ölkəsinin bu tədbirdə iştirak etməkdə maraqlı olduğunu dedi. O, sərgilərin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür etdi.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı üçün çox vacib dost ölkə olduğunu deyən qonaq bu dostluğu davam etdirməkdə maraqlı olduqlarını vurğuladı.

Lord Vernon Kioakerə sərgilərdə iştirak etdiyinə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ADEX sərgisinin artıq uzun illərdir ki, mühüm beynəlxalq tədbirə çevrildiyini dedi.

Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında ikitərəfli tərəfdaşlıqda yeni səhifəyə - müdafiə sənayesi sahəsində əməkdaşlığa qədəm qoyulduğunu vurğuladı.

Dövlətimizin başçısı ölkəmizdə 20 ildən çoxdur ki, müdafiə sənayesinə sərmayə qoyulduğunu, artıq bu sahədə istehlak və ixrac üçün məhsulların istehsal olunduğunu bildirdi. Prezident İlham Əliyev müasir silah və avadanlıqların Azərbaycana gətirilməsi, həmçinin ölkəmizdə birgə müəssisələrinin yaradılması ilə bağlı aparıcı şirkətlərlə perspektiv əməkdaşlığa toxundu, bu xüsusda Birləşmiş Krallıqla tərəfdaşlığın önəmini vurğuladı.