29 avqust 2024 10:24
408

İcbari tibbi sığorta hesabına 145 transplantasiya əməliyyatı icra olunub

İcbari tibbi sığorta hesabına son bir ildə 145 transplantasiya əməliyyatı icra olunub.

Bu barədə "İki sahil"ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, bu əməliyyatların 71-i qaraciyər, 71-i böyrək, 3-ü isə sümük iliyi transplantasiyası üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzində həyata keçirilib.

Orqan transplantasiyası yalnız tibbi göstəriş əsasında həyata keçirilir. Pasiyent ona orqan çatışmazlığı diaqnozu qoyulduğu zaman ilkin məlumat əldə etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə (Mərkəz) müraciət etməlidir. Sənədlər təqdim edildikdən sonra Mərkəz tərəfindən vətəndaş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən müvafiq tibb müəssisələri”ndən birinə yönləndirilir.

Məlumat üçün bildirək ki, ötən ilin avqust ayından başlayaraq orqan transplantasiyası limitli şəkildə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb. İcbari tibbi sığorta hesabına qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən olunub.