30 avqust 2024 08:54
476

Regionun coğrafi investisiya mərkəzi

Azərbaycanda hökm sürən bu müsbət tendensiyanı «Fitch Ratings» beynəlxalq kredit reytinqi agentliyi də yüksək qiymətləndirib

İnvestisiya qoyuluşu həmişə iqtisadi inkişafın əsas prioriteti olub. Ona görə də hansı ölkədə ki, investisiya mühiti yaxşılaşdırılır oraya xarici sərmayədarların da marağı geniş olur. İnvestisyaya açıq ölkə olduğu üçün Azərbacanda bu istiqamətdə önəmli işlər həyata keçirilib. Ümumiyyətlə, 1995-ci ildən indiyədək Azərbaycana 296,3 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da 150,4 milyard dolları xarici investisiyalardır.

Bəs yerli və xarici investorları Azərbaycan iqtisadiyyatının müəyyən sahələrinə investisiya qoymağa sövq edən amillər hansılardır? Təbii ki, ilk növbədə, respublikamızda əlverişli investisiya mühitinin yaradılması. Azərbaycan dövləti milli iqtisadiyyata müxtəlif mənbələrdən investisiyaların cəlb edilməsi üçün güclü siyasi iradə nümayiş etdirir. Bu mövqe ölkədə biznes mühitinin ardıcıl optimallaşdırılmasında, qanunvericilik bazasının təkmilləşdirilməsində, yeni çağırışlara uyğun qərarların qəbulunda özünü göstərir.

Azərbaycan hökuməti ölkənin investisiya cəlbediciliyini artırmaq üçün islahatlar çərçivəsində institusional bazanı daim optimallaşdırır. Belə ki, dövlətə məxsus şirkət və müəssisələrin, habelə dövlət payına malik sahibkarlıq subyektlərinin vahid prinsiplər əsasında idarə edilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə «Azərbaycan İnvestisiya Holdinqi» yaradılıb. Bununla yanaşı, kifayət qədər böyük sayda xarici şirkət işğaldan azad edilmiş ərazilərdə müxtəlif layihələrin həyata keçirilməsində maraqlıdır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, bu günədək Agentliyə işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan 945 müraciət daxil olub.

Azərbaycan dünya miqyasında investisiya üçün cəlbedici ölkə statusunu gündən-günə artırır. Ölkədə yaradılmış siyasi və iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin uğurla həyata keçirilməsini təmin edir. Azərbaycanın bir sıra regional və qlobal layihələrdə sərmayədar kimi hazırkı rolu onu mühüm geosiyasi oyunçuya, eləcə də beynəlxalq imicə malik ölkəyə çevirib. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri də daxil olmaqla dörd layihədə iştirak edir. Bundan əlavə, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri də uğurla tamamlanan «Şahdəniz-2», Cənub Qaz Dəhlizi və əsas seqmentləri olan TANAP və TAP-dır. Əsas investor kimi mövqeyini möhkəmləndirən Azərbaycan regionda xarici iqtisadiyyata investisiyaların həcminə görə MDB məkanının aparıcı dövlətlərindən biridir. Dünyanın aparıcı iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarına görə, ölkəmiz regionun coğrafi investisiya mərkəzinə çevrilib.

Hazırda rəsmi Bakı işğaldan azad edilmiş ərazilərə xarici investorların cəlbi istiqamətində fəal iş aparır. Bu bir sıra ölkələr ərazilərin bərpasında və infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edir. 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 3 523,1 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 40,3% çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ildə neft-qaz sektoruna qoyulmuş investisiyalar 23,8 faiz, qeyri-neft-qaz sektoruna yatırılan investisiyalar isə 51,7 faiz artıb.

2022-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,276 milyard dollar təşkil edib. Hesabat dövründə neft-qaz sektorunun investisiyalarda xüsusi çəkisi 71% təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 12,5 faiz bəndi azdır.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların 28%-i və ya 1 milyard 759,9 milyon ABŞ dolları Birləşmiş Krallığın (2021-ci illə müqayisədə 10,9% çox), 18,9%-i və ya 1 milyard 187,1 milyon ABŞ dolları Türkiyənin (60,4% çox), 13,2%-i və ya 825,7 milyon ABŞ dolları Kiprin (2,6 dəfə çox), 8,3%-i və ya 517,9 milyon ABŞ dolları Rusiyanın (10,2 dəfə çox), 5,7%-i və ya 359,9 milyon ABŞ dolları İranın (34% çox), 4,5%-i və ya 279,4 milyon ABŞ dolları Yaponiyanın (3,5% az), 4,4%-i və ya 278,3 milyon ABŞ dolları ABŞ-nin (45,2% az), 3,4%-i və ya 213,4 milyon ABŞ dolları İsveçrənin (4,4 dəfə çox), 2,5%-i və ya 155,9 milyon ABŞ dolları Norveçin (4,4% az) və 1,8%-i və ya 110,8 milyon ABŞ dolları Macarıstanın (79,1 dəfə çox) payına düşüb.

Bu  ildə Azərbaycana birbaşa xarici investisiya qoyuluşu artıb. Mərkəzi Bankın məlumatına görə, 2024-cü ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına cəlb edilən birbaşa xarici investisiyaların ümumi məbləği 1,5 milyard dollar təşkil edib. Bu, ötən ilin birinci rübü ilə müqayisədə 0,4 faiz çoxdur. 

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 87,6 faiz təşkil edib. Qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği isə 186,5 milyon dollar olub. Son dövrlər aparılan islahatlar, məsələn, sənaye parklarının, sənaye məhəllələrinin fəaliyyəti, Qarabağda və Şərqi Zəngəzurdakı sənaye zonalarının, Ələt Azad İqtisadi Zonasının yaradılması xarici investorlarda ölkəmizə böyük maraq yaradıb. Xüsusən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına sərmayə yatırmaq istəyən xarici investorların sayı daha çoxdur.

Bu müsbət tendensiyanı  «Fitch Ratings» beynəlxalq kredit reytinqi agentliyi də qeyd edib. Agentlik öz reytinq cədvəlində Azərbaycanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini (IDR) sabit proqnozla BB+dan BBB-yə yüksəldib. Məlumat üçün bildirək ki, «Fitch Ratings» dünyada reytinq agentliyi kimi tanınan şirkətdir. Əsas fəaliyyəti dünya kredit bazarlarına kredit qabiliyyətinin qiymətləndirilməsinə görə analitik tədqiqatların nəticələrini və məlumatlarını hazırlamaqdır. Qeyd olunan məlumatdakı BB kredit qabiliyyətinin kifayət etməyəcək səviyyəsi, BBB isə kredit qabiliyyətinin  kifayət qədər yüksək səviyyəsi deməkdir. 

Elçin Zaman, «İki sahil»