03 sentyabr 2024 22:37
595

Əmanətə xəyanətinin qarşısını necə almaq olar?

Əmanətlərin sığortalanması banklar üçün həm də həm nüfuz məsələsidir

Son 10 ildə ölkəmizdə 20- dək bank müflisləşərək fəaliyyətini dayandırıb.  Ona görə ki, həmin banklar  maliyyə kredit əməliyyatlarını  düzgün və günün tələblərinə uyğun qura bilməyiblər.  Məhz həmin banklarda  vətəndaşların yerləşdirdikləri  əmanətləri  təhlükəy ilə  üzləşibdir.   Belə bir mürəkkəb vəzziyyətdə «Əmanətlərin sığortalanması haqqında»  qanuna uyğun olaraq vətəndaşlara dəymiş ziyanın ödənilməsi gündəmə gəlir. Bu qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Bu işi Əmanətlərin  Sığortalanması Fondu (ƏSF) həyata keçirir. Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. 

ƏSF-nin mətbuata açıqlamasında bildirilir ki, hazırda ölkə banklarında 10 milyard 100 milyon manata yaxın qorunan əmanət yerləşdirilib. Onun 64,5 faizi manatla, qalan hissəsi isə xarici valyuta ilə yerləşdirilən əmanətlərdir. Qorunan əmanətçilərin 99,9 faizinin əmanəti tam məbləğdə, qorunan əmanətlərin isə 47,8 faizi tam olaraq sığortalanıb. Bu günə qədər bağlanmış bankların əmanətçilərinə 1,5 milyard manat kompensasiya ödənilib. Ümumilikdə 54 min əmanətçi kompensasiya alıb. Bağlanan banklar üzrə qorunan əmanətlərdən 1 faizə qədərinə kompensasiya ödənilməyib. Onların sahibləri xaricdə olan və ya digər üzrlü səbəblərdən kompensasiya üçn müraciət etməyən şəxslərdir. Eyni zamanda, qorunan əmanətlərin 47,8 faizinin tam sığortalanması,  ondan xəbər verir ki,  yerdə qalan hissə 100 min manatdan yuxarı olan əmanətlərdir. Onların isə yalnız 100 min manatadək olan hissəsi sığortalanıb. Ümumilikdə  fiziki şəxslərin əmanətlərinin yalnız 41,2 faizi tam sığortalıdır.   

Təxminən 3 il bundan əvvələ - 2021-ci ilin aprel ayının 5-dək sözügedən məbləğ 30 min manata qədər idi. Belə ki, hələ 2016-cı ildə qlobal iqtisadi böhran fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə   qəbul olunan «Əmanətlərin tam sığortalanması haqqında» Qanunun qüvvədə olma müddəti 2019-cu il martın 4-də bitməli idi. Lakin bank sektorundakı islahatların, daha doğrusu, kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası (bankın satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s.) prosesinin yubanması səbəbindən  qanunun qüvvədə olma müddəti əvvəlcə 1 il, 2020-ci il martın 13-də əlavə 9 ay, dekabrın 18-də isə daha 4 ay uzadılmışdı.

Amma həmin vaxta qədər (2021-ci il aprelin 5-dək) fərdi sahibkarlar olan fiziki şəxslərin əmanətləri sığortalanmır, onların da əmanətləri hüquqi şəxslərə məxsus əmanətlər kimi digər kateqoriyaya aid edilərək kreditor tələbi kimi qeydə alınır və növbəlilik qaydasında ödənilirdi. 2021-ci ilin aprelindən pullarını notariusun depozit hesabına yerləşdirilmiş şəxslərin də vəsaitlərinə limitsiz təminat verilib. Yəni, əmlakını satmış fiziki şəxsə ödənilməli olan pul vəsaiti alıcı tərəfindən notariusun bankda olan depozit hesabına köçürülübsə və həmin vaxt sözügedən bank müflis olubsa həmin pul vəsaiti heç bir məhdudiyyət tətbiq edilmədən tam həcmdə kompensasiya şəklində ödənilir. 

Qorunan əmanətlər üzrə faiz dərəcələrinə və kompensasiya məbləğinin maksimum həddinə gəlincə, yaxın müddətdə bu istiqamətdə dəyişikliyin olacağı gözlənilmir. Yəni, həm milli, həm də xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin qüvvədə olan yuxarı həddi hələ ki, aktual olaraq qalır. Hərçənd ki, bankların əksəriyyətində istər milli valyuta, istərsə də xarici valyutada cəlb olunan əmanətlərin illik faiz dərəcələri qorunan əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi limitlərindən çox aşağıdır. Hətta bu il fevral ayının 1-dən əmanətlərin vergiyə cəlb olunması belə illik faiz dərəcələrinə əhəmiyyətli təsir etməyib. Söhbət ondan gedir ki, təkcə milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsi 12 olsa da bankların təklif etdikləri faizlər 2-11 arasında dəyişir. Banka minimum və maksimum faizlərlə də yerləşdirilən əmanət qorunur. 

Qeyd etmək lazımdır ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunda təsbit edilmiş qorunan əmanət və sığortalanmış əmanət fərqli anlayışlardır. Yerləşdirilmiş əmanətin qorunan əmanət hesab edilməsi üçün milli valyutada olan əmanət üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz, xarici valyuta olan əmanət üzrə isə 2,5 faiz müəyyən edilib. Amma bu şərtə əməl edilməklə yerləşdirilmiş əmanətin ümumi məbləğinin nə qədər olmasından asılı olmayaraq 100 min manata qədər olan hissəsi sığortalı əmanət hesab edilir. Məsələn, əmanətçinin hər hansı bankda yuxarıda qeyd edilmiş illik faiz dərəcəsi hədləri nəzərə alınmaqla yerləşdirilmiş 150 min manat əmanəti varsa, əmanət bütövlükdə qorunan, 100 min manatı isə sığortalanmış əmanət hesab edilir. Yəni, sığorta hadisəsi baş verəcəyi təqdirdə əmanətin kompensasiya edilən hissəsi 100 min manat təşkil edəcək.

Ən sonda, loru dildə desək əmanətə xəyanətin qarşısını almaq bankların  vəzifə borcudur. Eyni zamanda, bu, onların həm  də nüfuz məsələsidir.

Elçin Zaman, «İki sahil»