Bu gün hər bir dövlətin gələcək taleyini təkcə malik olduğu zəngin təbii sərvətlər deyil, həm də insan kapitalı müəyyənləşdirir
Bu, danılmaz həqiqətdir ki, neft gəlirlərindən səmərəli istifadə etməyi və neft strategiyasını zamanın tələbinə uyğun qurmağı bacaran ölkələr həm vətəndaş qarşıdurmasından, həm də regional münaqişələrin episentri olmaq təhlükəsindən sığortalanmağı bacarıblar. Təbii ki, zəngin neft ölkəsi olan Azərbaycan bu prinsipləri vaxtında, həm də düzgün qiymətləndirməklə dünyaya modern inkişaf nümunəsi göstərdi. Artıq Azərbaycan neftindən gələn yüz milyonlarla gəlir ölkə vətəndaşlarının elmi, mədəni və sosial inkişafının qarantına çevrilib. Məhz bu amili dəqiq qiymətləndirən Prezident İlham Əliyevin sözlərinə görə, müxtəlif ölkələrin praktikası onu göstərir ki, neft pulla yanaşı, başağrısı da gətirə bilər : «Lakin neft gəlirləri insan kapitalına çevrilirsə, «qara qızıl» başağrısı yox, başucalığı gətirəcək. Artıq Azərbaycan buna nail olub.»
Qeyd edək ki, bu gün dünyanın inkişaf etmiş və nüfuz sahibi olan ölkələrində insan kapitalı ÜDM-in 75-80 faizini təşkil edirr. Dünya Bankının 2022 –ci ilin yekunlarına dair açıqladığı statistikaya görə, insan kapitalının ÜDM-dəki həcminə görə ilk onluqdakı dövlətlər ABŞ, Almaniya, Yaponiya, Çin, Böyük Britaniya, Fransa, İsvecrə, İtaliya, İspaniya və Norveçdir. Bu ölkələrdə insan zəkasının məhsulu olan elektronik məhsullar dünyadakı ÜDM-in 45-50 faizini təşkil edir. Məsələn, dünyanın ən böyük şirkətlərinin -«Samsung»un, «Apple»nin, «Soni»nin, «Mikorsoft»un, «Facebook»un gəlirləri bir çox ölkələrin illik büdcəsindən bir neçə dəfə çoxdur. Buradan belə bir qəti qənaətə gəlmək mümkündür ki, bu gün artıq neft bumu dövrü deyil, proqramlaşdırma və insan beyninin məhsullarının böyük və mütləq çoxluğunun alıcısı olduğu dünya bazarlarına ixracının vaxtıdır.
Təbii ki, bu istiqamətdə Azərbaycan dövlətinin öz proqramı və inkişaf layihələri mövcuddur. Artıq Azərbaycan dövlətinin neft kapitalını insan kapitalına çevrilməsi siyasəti uğurla davam etdirilir. İlk növbədə ölkəmiz müasir müdafiə sənayesi yaratmaqla və orada istehsal olunan ən müasir silahlarla sübut etdi ki, insan kapitalının yaradılması istiqamətində ilk addımlar atılıb.
Azərbaycanın kosmos ölkəsi olması da çox önəmli faktdır. Artıq biz bu uğurla ölkəmizin fəzadakı asılılığına son qoyaraq müstəqil və eyni zamanda, kosmos yayımları ixrac edən ölkəyə çevrilmişik. Eyni zamanda, zavod və fabriklərimizdə aparılan modernləşdirmə ölkəmizdə insan kapitalının formalaşmasından qaynaqlanır.
Təbii ki, bu önəmli siyasətin həyata keçirilməsində Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq uğurla həyata keçirdiyi proqram xarakterli iqtisadi islahatlar mühüm rol oynamışdır. Xüsusən son 20 ildə regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş bir neçə Dövlət proqramları nəticəsində hətta ölkəmizin ən ucqar dağ kəndlərini əhatə edən yeni infrastrukturlar yaradılıb. Məhz qurulmuş bu infrastrukturlar üzərində yeni iş yerlərinin açılması, kadr hazırlığının həyata keçirilməsi, məhsuldarlığın yüksəldilməsi, əhalinin sosial rifah halının yaxşılaşdırılması kimi məsələlər tədricən həll edilib. Burada çox önəmli bir məsələni də qabartmaq lazımdır ki, 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı isə artıq Azərbaycan regionlarının özünümaliyyələşdirmə imkanlarını gücləndirdi, ölkəmizin qeyri-neft sektorunun inkişafı nəticəsində ixrac potensialı yüksəldi. Xüsusilə ölkəmizə neft ixracından daxil olan valyutaya kənd təsərrüfatı və sənaye məhsullarının ixracından daxil olan valyuta da əlavə olundu.
İnsan kapitalının inkişafında təhsil əsas amildir. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə 2007-2020-ci illər ərzində 4000-dən çox azərbaycanlı gənc dünyanın müxtəlif aparıcı universitetlərində ali təhsil alıb. Bundan başqa, Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramına 2024–2025-ci tədris ili üzrə həyata keçirilən sənəd qəbuluna dair yekun siyahı açıqlanıb. Elm və Təhsil Nazirliyindən bildirilib ki, növbəti tədris ilində Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsi üzrə 125, magistratura səviyyəsi üzrə 375 nəfər olmaqla ümumilikdə 500 namizəd xaricdə təhsil alacaq.
Təqaüd qazanan 500 gəncin 135-i universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq. O cümlədən 15 nəfər «Columbia University», 7 nəfər «Harvard University», 7 gənc «University of Cambridge» kimi nüfuzlu ali məktəblərdə oxuyacaq. Xaricdə təhsil alacaq gənclərlə bağlanılacaq müqavilənin müvafiq şərtinə əsasən, proqram iştirakçısı təhsili bitdikdən sonra 2 ay ərzində ölkəyə qayıtmalı və 5 il müddətinə əmək fəaliyyəti ilə məşğul olmalıdır. Xatırladaq ki, daha öncə 2026-cı ilədək nəzərdə tutulan Dövlət Proqramının müddəti 2 il uzadılıb.
Prezident İlham Əliyev avqustun 12-də bununla bağlı sərəncam imzalayıb. Sərəncamla Dövlət Proqramına müvafiq dəyişikliklər edilib. Proqram üzrə xaricdə təhsil üzrə illik kvota 400 nəfərdən 500 nəfərədək artırılıb. Həmçinin Dövlət Proqramına doktorantura təhsili əlavə edilib. İndiyədək Dövlət Proqramında xaricdə təhsil üzrə yerlərin ən azı 80 faizi magistratura səviyyəsini əhatə edib. Dəyişikliyə əsasən, 2025-ci ildən başlayaraq Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini və 20 faizindən çox olmayan hissəsi ali təhsilin doktorantura səviyyəsini əhatə edəcək. Qalan yerlər magistratura səviyyəsi üçün nəzərdə tutulacaq.
Neft kapitalının insan kapitalına çevrilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə 3 mindən çox təhsil müəssisəsi tikilmiş, yaxud yenidən qurulmuşdur. O cümlədən ən müasir avadanlıqlarla təmin edilmiş 600-dən çox tibb müəssisəsi ölkə vətəndaşlarının sağlamlığının keşiyindədir. Ən müasir infrastrukturların yaradılmasına görə Azərbaycan dövləti MDB məkanında ilk yerlərdədir. Statistik məlumatlarda bildirilir ki, sözügedən dövr ərzində rayonlarımızda həyata keçirilən infrastruktur layihələrinə dövlət büdcəsindən 50 milyard dollardan çox vəsait xərclənib.
Bəli, bu bir həqiqətdir ki, istedadlı insanlar və vərdişlərə malik kadr ehtiyatı cəmiyyətin ən böyük sərvətidir. Təbii ki, istedadlar öz-özünə bəhrə verə bilmir. Onun təhsil sistemində yetişdirilməsi, ona sosial qayğı göstərilməsi zəruridir. Modernləşdirmə konsepsiyasının təşəbbüskarı olan Prezident İlham Əliyev idarəçilik səviyyəsi yüksək olan kadr potensialının yaradılması üçün xüsusi proqramların, layihələrin reallaşdırılması məqsədilə dövlət əhəmiyyətli sənədlər imzalayıb. Bu gün ictimai mühitdə elmin və ziyalılığın, qabaqcıl texnologiyaların böyük əhəmiyyəti təbliğ edilir, milli modernləşmə hamı tərəfindən dərk olunan hədəfə çevrilir.
Bəli, peşəkar və modern insan ehtiyatı bütün dövlətlər üçün böyük nemət hesab olunur. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, müasir dövrdə hər bir xalqın, dövlətin gələcək taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları, bütün bunların da fövqündə dayanan insan kapitalı müəyyənləşdirir.
Elçin Zaman, «İki sahil»
Xəyyam Məmmədov: Əsas vəzifələrdən biri kənd təsərrüfatının iqlim dəyişikliyinə daha davamlı model əsasında inkişafıdır
Taxıl istehsalının artırılması ilə yanaşı, saxlanma infrastrukturu da genişləndirilməlidir
Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə yeni Dövlət Proqramının hədəfləri müzakirə olunub