07 sentyabr 2024 02:58
457

Qeyri neft-qaz sektorunun inkişafı iqtisadi uğurların təməl daşıdır

Bu ilin yanvar-iyun aylarında  ölkədə 59,5 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib ki, onun da 65,2 faizi  qeyri neft-qaz sektorunun payına düşüb

İqtisadi inkişaf bütün digər sahələrin də inkişafı üçün təməl daşıdır. Bu mənada son 20 ildə Azərbaycanda iqtisadiyyatın şaxələnməsi və hərtərəfli inkişafı yeni inkişaf modeli formalaşdırılıb. Məhz bunun nəticəsidir ki, ölkəmiz iqtisadiyyatın şaxələnməsinə maneə olan və hələ də bir çox ölkələrin əziyyət çəkdiyi  məşhur «Holland sindromu»ndan yan keçməyi bacardı. Qeyd edək ki, «Holland sindromu» iqtisadiyyatda xüsusi bir sektorda baş verən artım (məsələn, təbii sərvətlər) ilə digər sektorlarda baş verən azalma (məsələn, istehsalat və ya kənd təsərrüfatı) arasındakı əlaqəni göstərmək üçün istifadə edilən termindir.

Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyevin məqsədyönlü  iqtisadi siyasəti ölkəmizi bu bəlalardan qorumaqla bərabər, ona yeni inkişaf tempi gətirmişdir. Xüsusilə yeni iqtisadi inkişaf prioritetlərinin müəyyən edilməsi son onilliklərdə Azərbaycanı nəinki bölgənin lider ölkəsinə çevirmiş, hətta dünyanın inkişaf etməkdə olan ölkələri sırasına çıxarmışdır.

Bəli, bu gün dünyada geosiyasi gərginliklərin davam etməsi, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklərin və risklərin artması şəraitində 2024-cü ilin yanvar-iyun aylarında da ölkəmizin iqtisadiyyatında artım və şaxələnmə prosesləri davam etmiş, makroiqtisadi sabitlik hökm sürmüş və ölkənin valyuta ehtiyatları artmışdır. İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir ki, cari ilin yanvar-iyun ayları ərzində ölkədə 59,5 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faizdən  çox ümumi daxili məhsul istehsal edilmişdir. ÜDM-in 65,2 faizi  qeyri neft-qaz sektorunun payına düşmüşdür.

2024-cü ilin birinci yarısında əvvəlki ilin müvafiq dövrünə nisbətən qeyri-neft-qaz sektorunda ÜDM 6,9 faiz artaraq 38,8 milyard manat olmuşdur. Bu sektorda yaradılan ÜDM-nin 8,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 8,9 faizi  tikinti, 14,8 faizi  ticarət və nəqliyyat vasitələrinin təmiri, 10,7 faizi  nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 2,7 faizi informasiya və rabitə sahələrinin, 30,0 faizi sosial və digər sahələrin payına düşmüşdür. Məhsula və idxala xalis vergilər isə 12,4 faiz təşkil etmişdir.

Cari ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş sərmayənin 62,5 faizi və ya 4988,6 milyon manatı qeyri-neft-qaz sektorunun inkişafına, 4,5 faizi və ya 357,1 milyon manatı isə qeyri-neft-qaz sənayesinə yönəldilmişdir. Qeyri-neft-qaz sektorunun gələcək inkişaf dövründə aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, rəqəmsal ticarətin inkişafı və xidmət fəaliyyət növlərinin genişləndirilməsi, turizm sahəsinin bərpasının sürətləndirilməsi əsas prioritet istiqamətlər kimi müəyyən olunmuşdur.

Elçin Zaman, «İki sahil»