21 sentyabr 2024 00:11
86

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini niyə yerinə yetirmir?

“Biz Rusiyadan və İrandan qaz idxal edirik. Ölkələr arasında sülh bağlanacağı təqdirdə, Ermənistanın Azərbaycandan qaz ala biləcəyi barədə Bakıdan dəfələrlə bəyanatlar səslənib. Ermənistan ərazisindən Naxçıvana və ya Türkiyəyə tranzit qaz kəməri keçəcəyi halda bu variantı istisna etmək olmaz”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 18-də ümumerməni forumunda səsləndirib. O, həmçinin bildirib ki, indi Ermənistan qazı Rusiya və İrandan idxal edir: “Ümumiyyətlə, dünyada mütləq enerji müstəqilliyi olan ölkə yoxdur. Ona görə biz sektorun şaxələndirilməsi barədə düşünməliyik”.

Bəs, bu, reallaşa bilərmi? Bu suala cavab tapmaq üçün Ermənistanın davranışlarına nəzər yetirmək kifayətdir. 10 noyabr 2020-ci ildə Ermənistanın da imzaladığı üçtərəfli Bəyanatın 9-cu bəndində deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Təəssüf ki, ötən dörd il ərzində havadarlarının diktəsi ilə oturub-duran Ermənistan bu istiqamətdə, daha doğrusu, Zəngəzur dəhlizinin açılması istiqamətində, daha doğrusu, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istiqamətində heç bir əməli addım atmayıb. Bununla da təcavüzkar ölkə qeyri-konstruktiv mövqeyi ilə növbəti dəfə özünütəcrid siyasəti apardığını nümayiş etdirib.

Azərbaycanın regionla bağlı əsas prioritetlərindən birinin məhz Zəngəzur dəhlizinin açılması ilə bağlı olduğu artıq hər kəsə bəllidir. Çünki bu, nəinki regional, həm də qlobal əhəmiyyətli layihədir.  Bir çox geosiyasi aktorların da Zəngəzur dəhlizinin açılmasını dəstəkləmələri bunu bir daha sübut edir. Bölgə ölkələrindən Türkiyə və Rusiyanın bu məsələdə mövqeləri Azərbaycanla üst-üstə düşür. İran isə Zəngəzur dəhlizinin açılmasını özünün “qırmızı xətti” olaraq görməkdə və bu məsələyə qarşı çıxmaqda davam edir. Hələ ki, Ermənistanın mövqeyi də dəyişməzdir.  Belə ki, rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasını istəmir və bunu öz təhlükəsizliyinə təhdid kimi görür. Belə olan təqdirdə Ermənistanın Azərbaycandan qaz ala biləcəyi olduqca absurddur.

Digər tərəfdən, bu məsələnin reallaşması üçün iki ölkə arasında ən əsası sülh sazişinin imzalanması da önəmlidir. Odur ki, elə Nikol Paşinyan da öz çıxışında “ölkələr arasında sülh bağlanacağı təqdirdə” ifadəsini işlədib. Yeri gəlmişkən qeyd edək ki,  44 günlük Vətən müharibəsindən sonra  rəsmi Bakı beş baza prinsipi olmaqla Ermənistanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması təklifi ilə çıxış edib, Azərbaycan tərəfindən təklif olunmuş ilk layihə üzrə 2022-ci ilin oktyabr ayından xarici işlər nazirləri arasında danışıqlar aparılıb. Layihənin təqribən 80% razılaşdırılıb, bəzi müddəalar isə razılaşdırılmayıb, yəni yekun razılaşma yoxdur. Ümumiyyətlə, saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən Konstitusiyasında müvafiq dəyişikliklər etməli və ATƏT-in Minsk qrupunun ləğv olunması istiqamətində əməli addımlar atmalıdır. Ermənistan isə Azərbaycanın bu tələbini yerinə yetirməyə tələsmir, ya da bunu istəmir. Üstəlik, Ermənistan rəsmiləri bu vacib məsələlərə öz xislətlərinə uyğun şərhlər verməkdə davam edirlər. Bütün bunlar isə o deməkdir ki, Ermənistan bu  sərsəm iddialarından əl çəkməyəcəyi təqdirdə  Azərbaycandan təbii qaz ala bilməyəcək. Yaxşı olardı ki, Ermənistan bu məsələni bir daha götür-qoy etsin: Sərsəm iddialardan əl çəkmək strateji məsələdir, yoxsa Ermənistanı ucuz Azərbaycan qazı ilə təmin etmək?

Yeri gəlmişkən, bu il aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev demişdi ki, Gürcüstanın qaz təchizatının təxminən 100 faizini Azərbaycan təmin edir: “Potensial qaydada xüsusən də, Gürcüstan üçün qaz qiymətinin çox əlverişli və güzəştli olmasını nəzərə alaraq, Ermənistan da Azərbaycan qazını ala bilər”.

Qeyd edək ki, Ermənistanın illik qaz istehlakı, təqribən 2,7-2,8 mlrd. m3-dir. 2023-cü ildə Rusiyanın  “Qazprom” şirkəti Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yerdə qalan 15%-ə yaxın qazı isə “Elektrik enerjisi ilə mübadilə üçün qaz” proqramı çərçivəsində İrandan alıb. Özü də çox baha qiymətə…

Qvami Məhəbbətoğlu, “İki sahil”