21 sentyabr 2024 10:45
108

Rövşən Abbasov: COP29 uğurlu nəticələrin əldə edilməsi üçün bir sıra təşəbbüslərə təkan olacaq

Paris İqlim Sazişi qlobal istiləşməni 1,5°C-yə qədər məhdudlaşdırmağı əsas hədəf olaraq müəyyən edib. Həmin hədəfi əlçatan səviyyədə saxlamaq çox mühüm və vacib məsələdir. Bunun üçün bir sıra müvafiq addımların atılmalıdır. Məsələ burasındadır ki, qlobal temperatur artımlarına qarşı bütün dövlətlər tərəfindən genişmiqyaslı və çoxistiqamətli tədbirlər görülür. Tədbirlərin görülməsi, yeni strategiyalar hazırlamaq və planlar quraraq onları həyata keçirmək çox böyük vəsait tələb edir. Bu mənada inkişaf etmiş ölkələr, xüsusilə ABŞ, Yaponiya və s. bu məqsədlərə çatmaq üçün daha çox imkanlara malikdirlər.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyib.

Karbon emissiyalarını azaltmaq üçün ənənəvi enerjidən alternativ enerjiyə keçidin önəmli olduğunu bildirən ekspert daha sonra deyib: “Bu, o deməkdir ki, hər bir ölkə öz ərazisində Günəş, külək və digər alternativ enerjilərin istehsalına başlamalıdır və onların stansiyaları qurulmalıdır. Yaxud ənənəvi avtomobillərdən elektrik avtomobillərinə keçid etmək lazımdır. Həmçinin binaların istilik izolyası gücləndirilməli, binalarda artıq enerji itkilərinin qarşısı alınmalı, istehsalatda, xüsusilə kənd təsərrüfatı məhsullarının və sənaye istehsalında yeni texnologiyalar tətbiq edilməlidir ki, atmosferə atılan karbon emissiyalarının artımına səbəb olmasın. Metan qazının əsas mənbəyi sayılan kənd təsərrüfatında onu azaldılmasına nail olmaq çox çətindir. Ona görə də həmin tədbirlərin görülməsi üçün COP29 tədbiri maliyyə mənbələrinin axtarışı ilə yadda qalacaq”.

“İqlim dəyişikliyinin insanların həyatına, qida və ərzaq növlərinə mənfi təsirləri, yaşıl enerjiyə keçidlə bağlı yeni yanaşma və texnologiyalar, qlobal bərpaolunan enerji və enerji səmərəliliyi məsələləri bu ilin noyabrında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının əsas müzakirə mövzularından olacaq. Bu sahədə səmərəli və uğurlu nəticələrin əldə edilməsi üçün həmin tədbirin bir sıra təşəbbüslərə başlanğıc olacağı gözlənilir. Azərbaycan bu sahədə çox maraqlı təklif irəli sürüb. Onlardan biri neft istehsal edən ölkələrin öz büdcələrindən yaşıl maliyyə fondu formalaşdırmasıdır ki, həmin fond inkişaf etməkdə olan ölkələrə kömək etsin. Bunun nəticəsində həmin ölkələr bu sahədə müəyyən işlər görmək üçün vəsait əldə etsinlər. Yaxşı olar ki, bu cür təşəbbüslər daha çox varlı ölkələrdən gəlsin. Lakin buna baxmayaraq, həmin təşəbbüs alqışlanmalıdır”, - deyə o fikrini yekunlaşdırıb.