21 sentyabr 2024 17:20
99

İtki və Zərərə cavab verən Fond Bakıda tarixi nailiyyət əldə edib

İtki və Zərərə cavab verən Fondun İdarə Heyətinin Azərbaycanın COP29 Sədrliyinin ev sahibliyi ilə Bakıda keçirilən üçüncü iclasında Fondun tam fəaliyyətə başlaması ilə bağlı mühüm qərarlar qəbul edilib.

Belə ki, bu qərarlar COP27-də Fondun yaradılmasından və onun COP28-də fəaliyyətə başlamasına dair qərardan bəri uzun müddət davam edən diplomatik danışıqlardan sonra Fondun 2025-ci ildə ilk dəfə maliyyə vəsaiti ayırması üçün zəmin yaradır.

“İki sahil” xəbər verir ki, COP29 Sədrliyi Bakıda keçiriləcək COP29 sammiti çərçivəsində fonda artıq təxminən 800 milyon dollar məbləğində vəsait vəd vermiş ölkələrlə bu vədlərin xüsusilə ehtiyacı olan icmalara ödənilməsi üçün hazır maddi maliyyəyə çevirilməsi istiqamətində işləyəcək. Sədrlik, həmçinin əlavə töhfələrin verilməsi üçün də çağırışlar edəcək. Bakı görüşü COP29 Sədrliyinin iyul ayında Tərəflərə ilk məktubunda qeyd olunduğu kimi, builki qlobal iqlim prosesi üçün əsas məqsədlərindən birinin yerinə yetirilməsi istiqamətində mühüm addımdır. İclasda İbrahima Şeyx Dionq (Ibrahima Cheikh Diong) Fondun icraçı direktoru seçilib. Bununla yanaşı, İdarə Heyəti Dünya Bankının Fonda ev sahibliyi sazişini və qəyyumluq razılaşmalarını təsdiqləyib.

Fondun Bakı iclasında itki və zərər sahəsində maliyyə mexanizmləri üzrə illik Yüksək Səviyyəli Dialoqun COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin Sammiti zamanı başladılmasına dair qərar qəbul olunub.

COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bildirib: "Bakıdakı bu uğur iqlim dəyişmələri ilə bağlı fəaliyyətin təmin edilməsində həlledici addımdır. Bu, həqiqətən də tarixi bir gündür, iqlim dəyişmələrinə xüsusilə həssas olanların ehtiyaclarının qarşılanması üçün illərdir hazırlanan və xüsusi qətiyyət tələb edən bir nailiyyətdir. COP29 Sədrliyi Fonda əlavə töhfələrin verilməsi, bugünkü tarixi nailiyyətin davam etdirilməsi üçün itki və zərər sahəsinə böyük diqqət ayıracaq”.