07 iyul 2026 14:01
83

Qazaxıstanda Tokayevin Prezidentlik müddəti sıfırlandı

Qazaxıstan Konstitusiya Məhkəməsi rəsmi izahat yayaraq bildirib ki, 1 iyul 2026-cı il tarixindən sonra prezident postuna seçilmə və ya təyinat - həmin şəxsin əvvəllər bu vəzifəni tutub-tutmamasından asılı olmayaraq - birinci müddət hesab ediləcək. Bu hüquqi qərar fəaliyyətdə olan dövlət başçısı Qasım-Jomart Tokayevə növbəti prezident seçkilərində yenidən namizəd olmaq imkanı yaradır.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Ölkənin əsas qanununa edilən şərhdə qeyd olunub:  "Şəxsin 1995-ci il Konstitusiyasının qüvvədə olduğu dövrdə sözügedən vəzifələrdən birini tutması faktı, özlüyündə onun Qazaxıstan Respublikasının yeni Konstitusiyasının qüvvəyə minməsindən sonra seçilməsinə və ya təyin olunmasına heç bir hüquqi maneə törətmir".

Ümumxalq referendumunda seçicilərin 87.15%-nin dəstəyini qazanmış yeni Konstitusiya rəsmi olaraq cari ilin 1 iyul tarixində qüvvəyə minib. Yenidən qurulan dövlət sistemindəki əsas köklü dəyişikliklər aşağıdakılardan ibarətdir:

İki palatalı parlament sistemindən imtina edilərək birmənalı olaraq bir palatalı parlamentə keçid;

Vitse-prezident vəzifəsinin yenidən bərpa olunması.

Prezident Qasım-Jomart Tokayevin sözlərinə görə, bu addımlarla ölkədə Qazaxıstan dövlətçiliyinin əsaslı təmiri mərhələsi başlayır.