22 sentyabr 2024 17:24
187

Daşkəsəndə Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib

20-də Daşkəsən Rayon İcra Hakimiyyətinin (RİH) Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı ilə birgə keçirdiyi Dövlət Suverenliyi Gününə həsr olunmuş yığıncaqda RİH-nin məsul əməkdaşları, YAP rayon təşkilatının fəal üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Dövlət Suverenliyi Günü münasibətilə təbriklərini bildirərək məruzə ilə çıxış edib. İcra başçısı məruzəsində deyib ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazilərində qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq hər il sentyabrın 20-nin ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə Prezident İlham Əliyev 19 sentyabr 2024-cü il tarixli Sərəncam imzalayıb. Tarixin müxtəlif dövrlərində üzləşdiyi çətinliklərə, işğallara, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Bu gün Azərbaycan xalqı öz müstəqil dövlətinə sahibdir, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərin, şəhidlərin qanı hesabına ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib.

Məruzə ətrafında çıxış edən YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev Dövlət Suverenliyi Günü münasibətilə təbriklərini çatdıraraq bildirib ki, müasir, müstəqil Azərbaycan Respublikası hazırda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən şanlı günlərini, yeni inkişaf dövrünü yaşayır. Müzəffər Ali Baş Komandanın ərtafında “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağın azadlığı uğrunda aparılmış hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Zəfəri və Dövlət Suverenliyi Gününü böyük qürur hissi ilə qeyd edir. Azərbaycanın üçrəngli dövlət bayrağı azad edilmiş bütün ərazilərimizdə qürurla dalğalanır.

Daşkəsən Rayon Ağsaqqallar Şurasının sərdi Cavanşir Qocayev və digər çıxış edənlər Azərbaycan xalqının bütün dünyaya öz gücünü, mətinliyini və mübarizliyini nümayiş etdirdiyini və Dövlət Suverenliyi Gününün əhəmiyyətini vurğulayıblar.

Sonda Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərini və lokal xarakterli antiterror əməliyyatlarından sonra Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaltmasını əks etdirən videoçarx nümayiş etdirilib.