22 sentyabr 2024 18:53
87

NDU-nun şagirdi Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcək

Naxçıvan Dövlət Universitetinin (NDU) nəzdində fəaliyyət göstərən İngilis dilli Təmayüllü Gimnaziyanın 10-cu sinif şagirdi Hüseyn Tahirov VII Respublika Robot Olimpiadasının “Robosports” kateqoriyasında I yerin qalibi olub.

"İki sahil" NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsinin məlumatına əsasən bildirir ki, Bakı şəhərində yerləşən Milli Gimnastika arenasında sentyabrın 20-22-də keçirilən yarış Gənclər və İdman Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə baş tutub. Olimpiada ölkə üzrə gənclərin texnoloji bilik və bacarıqlarını nümayiş etdirmək, robotexnika sahəsində gələcək mütəxəssisləri yetişdirmək üçün böyük bir platformadır.

Qeyd edək ki, Hüseyn Tahirov bu mühüm uğuru ilə yalnız Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İngilis dilli Təmayüllü gimnaziyanın adını yüksəltməklə kifayətlənməyib, eyni zamanda Azərbaycanı beynəlxalq arenada təmsil etmək hüququ qazanıb. O, 2024-cü ildə İzmir şəhərində keçiriləcək Dünya Robot Olimpiadasında “Robosports” kateqoriyası üzrə ölkəmizi təmsil edəcək. Bu beynəlxalq yarış, dünyanın müxtəlif ölkələrindən ən yaxşı robotexnika mühəndislərinin və texnologiya həvəskarlarının bir araya gəldiyi möhtəşəm bir tədbirdir.