Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının beynəlxalq enerji və iqlim üzrə naziri Keri Makkartini qəbul edib.
“İki sahil” xəbər verir ki, COP29-un əhəmiyyətinə toxunan Prezident İlham Əliyev onun keçirilməsi ilə bağlı Azərbaycanın bir ildən də az vaxtı olmasına baxmayaraq, ölkəmizdə bu tədbirlə əlaqədar yüksək səviyyədə hazırlıq işlərinin getdiyini bildirdi.
Azərbaycanın ölkələr və beynəlxalq aləmin qlobal iştirakçıları arasında körpü qurulması işində fəal rol oynadığını deyən dövlətimizin başçısı vurğuladı ki, ölkəmiz uzun illərdir beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirir və Qoşulmama Hərəkatına uğurla sədrlik etmişdir. Bütün bunlar da COP29-un təşkili üçün yaxşı əsas yaradır.
Söhbət zamanı Azərbaycanın və Böyük Britaniyanın COP komandaları arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu, Britaniya hökumətinin gündəliyində iqlim dəyişməsinin prioritet məsələ olduğu bildirildi.
Görüşdə bərpaolunan enerji sahəsində ölkələrimiz arasında əməkdaşlığın perspektivləri, həmçinin Azərbaycanın COP-un gündəliyində duran prioritetləri və təşəbbüsləri müzakirə olundu.
Dövlətimizin başçısı Azərbaycanın bərpaolunan enerji istiqamətində həyata keçirdiyi tədbirlərə toxundu. Ölkəmizin bərpaolunan enerji potensialının artması, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkiləcək kabel xətti üzrə dördtərəfli layihə, həmçinin Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən bərpaolunan enerji layihəsi barədə fikir mübadiləsi aparıldı.
Söhbət zamanı COP29-un gündəliyinin müəyyən edilməsi baxımından Bakıda keçirilən COP-öncəsi tədbirin əhəmiyyətinə toxunuldu.
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır