12 oktyabr 2024 17:28
208

Naxçıvanda iqlim dəyişmələrinə və COP29 tədbirinə həsr olunmuş seminar keçirilib

Oktyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Suraxanı Oyl” və “Balaxanı Oyl” Əməliyyat Şirkətləri ilə birgə iqlim dəyişmələrinə həsr olunmuş seminar keçirilib. 

“İki sahil” xəbər verir ki,  seminarda əsas məqsəd bəşəriyyəti gözləyən iqlim təhlükələri, Bakıda keçiriləcək dünyanın ən böyük ekoloji tədbiri olan COP29 və hər iki Şirkətin bu istiqamətdə apardığı işlərin təqdim edilməsi olub. Seminarda Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Xanlar Mustafayev, BMT-nin İnkişaf Proqramının Azərbaycanda ekoloji layihələrinin sabiq rəhbəri, beynəlxalq səviyyəli ekspert Çingiz Məmmədov və “Suraxanı Oyl” Əməliyyat Şirkətinin Ümumi İşlər Departamentinin direktoru Rəşad Qasımov çıxış etmişlər. Yer kürəsində iqlim dəyişikliyinin səbəb və fəsadları, onların həlli yolları, o cümlədən, COP29-un bu sahədə əhəmiyyəti və rolu, Azərbaycanın irəli sürdüyü təşəbbüslər əhatəli şəkildə təhlil edilib.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Suraxanı Oyl” və “Balaxanı Oyl” Əməliyyat Şirkətlərinin çoxşaxəli fəaliyyəti təqdim edilib. İştirakçıların diqqətinə çatdırılıb ki, bu fəaliyyətlərə ağacəkmə aksiyaları, lay sularının təmizlənməsi, ətraf mühitin məişət tullantılarından təmizlənərək səliqəli vəziyyətə salınması, torpaqların rekultivasiyası, həmçinin insanların ekoloji maarifləndirilməsi aid olub. Əməliyyat şirkətləri və Nazirliyin fəaliyyətini əks etdirən foto və video materiallar seminar iştirakçılarına nümayiş etdirilib.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış və iştirakçıların sualları cavablandırılıb.