Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinin (DGSI, əks-kəşfiyyat) əməkdaşları ölkənin qərbində 16 yaşlı yeniyetməni terror aktı hazırlamaqda şübhəli bilərək saxlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti xəbər yayıb.
O, noyabrın 5-də saxlanılıb, noyabrın 8-də isə Terror Əleyhinə Milli Prokurorluq (PNAT) gəncin terrorçu cinayətkar qruplaşmanın fəaliyyətində iştirakda ittiham olunduğunu və həbs edildiyini təsdiqləyib.
Axtarış zamanı saxlanılan şəxsin üzərindən tapança və bıçaq aşkar edilib. Onun radikal fikirlərin təsiri altına düşdüyü və odlu silah almağa çalışdığı iddia edilir. O, sosial şəbəkələrdə aktiv yazışmalar aparıb, İŞİD terror təşkilatının təbliğat videolarına baxıb. Yeniyetmə həmçinin evindən bir neçə kilometr aralıda ötən il terror aktının qarşısı alınan Le Man kommunasında sinaqoqun ünvanını da axtarıb.
İlkin məlumatlara görə, 2020-ci il oktyabrın 16-da məktəb müəllimi Samuel Patinin radikal islamçı tərəfindən öldürülməsi ilə bağlı məhkəmə prosesi başlayandan sonra gənc hücuma hazırlığı gücləndirib. Bundan əlavə, DGSI Yaxın Şərqdə davam edən münaqişə fonunda Fransada iudaizm nümayəndələrinə qarşı münaqişə hallarının artdığını qeyd edib.