Son bir ildə Ermənistanla Azərbaycan arasında fəal danışıqlar nəticəsində ciddi irəliləyişlər, həmçinin sərhədlərin delimitasiyası sahəsində irəliləyişlər var. Bunu Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Bakıya gələn Belçikanın Baş naziri Aleksandr De Kro ilə görüşdə deyib. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmaqdadır və bu Konstitusiya dəyişdirilməlidir. Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, Azərbaycan Ermənistanı COP29-a dəvət edib. Bu ölkənin COP29-da iştirak edib-etməməsi Ermənistanın öz qərarıdır.

Artıq Ermənistan öz qərarını verib. Belə ki, bu təcavüzkar ölkə COP29-da iştirak etmir. Halbuki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, eləcə də xarici işlər naziri Ceyhun Bayramovun bildirdiyi kimi, Hayastan bu tədbirə gəlmək məqsədilə qeydiyyatdan keçmişdi. Hətta Ermənistan mediasında xarici işlər naziri Ararat Mirzoyanın COP29-a qatılmağa hazır olduğu haqda məlumatlar yayılmışdı. Lakin Ermənistana növbəti şansı qiymətləndirməyi bacarmadı. Bununla da COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı vetosunu götürən və bunu yeri gəldi-gəlmədi səsləndirib özünü “sülh göyərçini” kimi təqdim edən Ermənistan və onun rəsmiləri nə qədər qeyri-ciddi olduğunu dünyaya nümayiş etdirdi.
Şübhəsiz, bu məsələdə təcavüzkar ölkənin havadarlarından, xüsusilə Fransadan aldığı təlimatlar önəmli rol oynayıb və təcavüzkar ölkənin rəsmiləri bu mötəbər tədbiri ekranlardan izləməklə kifayətlənirlər. Bununla Ermənistan, həm də dünyanın ən böyük təşkilatına, yəni BMT-yə sayğısızlıq göstərib.
Azərbaycanın bərpaolunan enerjidə potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavat təşkil edir
Regional əməkdaşlıqdan, ölkələrarası təmasdan danışan, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə silahlanmaya üstünlük verən, özünü “sülh göyərçini” kimi təqdim edən Ermənistanın bu addımı bir daha onu göstərir ki, bu ölkə sadəcə manipulyasiya ilə məşğuldur. Bununla haylar həm də sülh maskasını yırtmış oldular. Hətta təcavüzkar ölkə COP-29-un başladığı günlərdə də öz çirkin niyyətindən əl çəkmir. Məsələn, noyabrın 12-də Ermənistanın aysor.am saytında COP29-un mahiyyətini təhrif edən yazı dərc olunub. Həmin yazıda açıq-aydın görünür ki, bir sıra Qərb dövlətləri kimi Ermənistan da müxtəlif təzyiqlərə baxmayaraq Bakıda keçirilən COP29-u həzm edə bilmir. Hətta yarımçıq sülhdən ağızdolusu danışan Ermənistan prezidenti Vaaqn Xaçaturyan xəstəxanalıq olub. Amma konfransa yüksək səviyyədə evsahibliyini həyata keçirən rəsmi Bakı ona qarşı yönəlmiş təxribatları beynəlxalq hüquq normaları çərçivəsində uğurla dəf etdi və məkrli çevrələrin arzusunu gözlərində qoydu. Rəsmi Bakı özünü müstəqil QHT adlandıranlara və bəzi siyasətçilərə, bir sözlə ölkəmiz haqqında daha çox dezinformasiya yarışına çıxanlara başa saldı ki, ölkəmizdə 250-dən artıq günəşli günün olmasına baxmayaraq, onların bizi daha çox neft ölkəsi kimi təqdim etmələir absurddur. Belə ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırılır. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb. Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşları ilə birgə fəal çalışır. Bu, bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu kabelin texniki potensialı dörd giqavatdır. Yeri gəlmişkən, texniki-əsaslandırma işləri bu yaxınlarda bitəcək.
Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib
Lakin yenə də bu, yalnız başlanğıcdır. Yaşıl gündəliyimiz, həmçinin Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir. Həmçinin başa saldı ki, bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Bu gün Azərbaycana hücum edənlər özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən ölkələrə baxsınlar.
Yeri gəlmişkən, qeyd edək ki, bu mötəbər tədbirdə iştirak etmək məqsədilə 196 ölkədən 72 min qeydiyyatdan keçib. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir olub. Prezident İlham Əliyevin sözləri ilə desək, beləliklə, dünya Bakıda toplaşıb. Bununla da beynəlxalq aləm bir daha ölkəmizə olan etimadını nümayiş etdirib. Bu həm də bizim ölkəyə hörmət əlaməti və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsidir.
Qvami Məhəbbətoğlu, “İki sahil”
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib