17 noyabr 2024 00:58
84

İran bir daha Ermənistanın yanında olduğunu göstərdi

Pezeşkianın konfransa gəlməməsinin səbəbi "keçi su bulandırması" idi

Bu ölkənin yeni prezidentinin Azərbaycanla münasibətdə ilk jestləri xoşməramlı təsir bağışlasa da məlum oldu ki, bunların hamısı aldadıcı və gözdən pərdə asmaq üçün imiş.  Faktlar belə deyir. İran Prezidenti Məsud Pezeşkianın Bakıda keçirilən COP29 Sammitinə qatılacağı haqda rəsmi açıqlama 4 noyabrda verilmişdi. Lakin COP29 konfransının başlanmasına iki gün qalmış İranın SEPAH-a yaxın mediası Pezeşkianın tədbirdə iştirak etməyəcəyi barədə məlumat yaymağa başladı.

Məlumatda Pezeşkianın səfərdən imtina etməsinin səbəbi kimi İsrail nümayəndə heyətinin də tədbirdə iştirak edəcəyi göstərildi. Belə çıxırdı ki, İsrail COP29-da iştirak etməsəydi, İran prezidenti bu tədbirə şəxsən özü gələcəkdi. Lakin bunlar uşaqlar üçün yazılan nağıllara oxşayır. Əslində isə bu, Bakıya gəlməmək üçün bəhanədən başqa bir şey deyildi. İran hökumətinin sözçüsü Fatimə Mühacirani də İsrail nümayəndə heyətinin Bakıda keçirilən COP29 toplantısında iştirakı səbəbindən İran prezidentinin Bakıya gəlmədiyini bildirdi. Sözçü ona yazılıb verilən mətni tutuquşu kimi təkrar etdi: “Ölkələr öz maraqlarına uyğun olaraq sammitlərdə iştirak edirlər. Rəsmilərin bu sammitlərdə iştirak səviyyəsi sammitin səviyyəsinə və əhəmiyyətinə və digər ölkələrin iştirak səviyyəsinə uyğun seçilir. Bakıda keçirilən sammitə isə vitse-prezident və Ətraf Mühit Təşkilatının rəhbəri Şina Ənsari qatılıb”.

Ancaq Fatimə Mühacirani unudur ki, COP29-a ölkələr yalnız öz maraqları deyil, bəşəriyyətin xilası naminə qatılıblar. Digər tərəfdən, “rəsmilərin sammitlərdə iştirak səviyyəsi və əhəmiyyəti”ni təyin etmək sammitə üstdən aşağı baxmaqdır. Bakıda keçirilən COP29-un Liderlər Sammitinə 50 dövlətin  prezidenti, 20 baş nazir, o cümlədən 10 vitse-prezident və 2 vəliəhd qatılmışdı. Məgər bu, yüksək səviyyə sayılmır? Sammitə qatılan prezident və baş nazirlərin hamısı öz dövlətinin birbaşa lideridir. Pezeşkianın isə konstitusion səlahiyyəti “dövlət başçısı” statusuna uyğun gəlmir, hətta hökumət başçısı kimi də geniş səlahiyyətlərə malik deyil. Əgər sammitə qatılmaq “digər ölkələrin iştirak səviyyəsinə” uyğun seçilirsə, Pezeşkian qatılacağı halda səlahiyyət baxımından həmkarları arasında ən səlahiyyətsizi olacaqdı.

İkincisi, həqiqətən də İran İsrailə görə COP28-də iştirakını qalmaqallı şəkildə ləğv etmişdi. Bəlkə də buna haqq qazandırmaq olardı. Lakin Azərbaycanda vəziyyət tamamilə fərqli idi. Rəsmi Bakı cənub qonşusu üçün bütün lazımi şəraiti yaratdı və əvvəlcədən elan edildi ki, İsrail prezidenti Hersoqun başçılıq etdiyi və 3 nazirin də qatılacağı 100-dən artıq nümayəndə heyəti Bakıya “COP29 tədbirlərinin ikinci həftəsində” səfər edəcək. Yəni, İran nümayəndə heyəti üçün istədikləri rahat şərait yaradılmışdı. Həmçinin  Pezeşkian Azərbaycana gələcəyi halda konfransda İsrail nümayəndəsi ilə qarşılaşmaq məsələsi yox idi. Eyni zamanda, İran Bakının ev sahibliyi etdiyi COP29-a məxsusi dəstək verə bilərdi - ən azı ona görə ki, Qərbdə bəziləri BMT-nin bu konfransının səviyyəsinin pozulması və ya aşağı salınması üçün əllərindən gələni edirdilər. Qərbdən yağdırılan böhtanların, təhdidlərin ardı-arası kəsilmirdi. Sanki növbəyə durmuşdular. Qərb də İranın düşməni deyilmi? Belə bir məqamda İran prezidenti Bakıya gəlməklə ikitərəfli dividend qazana bilərdi. Amma etmədi.

Təəssüf ki, İran Azərbaycanın bu xoş mesajını düzgün qiymətləndirmədi, əksinə, Qərbdəki bəzi anti-Azərbaycan qüvvələrin çirkin təbliğatına qoşulub dolayısı ilə COP29-un Liderlər Sammitinin “səviyyəsini qiymətləndirməyə” çalışdı. Buna el arasında "keçi su bulandırması" da deyirlər. Bununla Pezeşkian  özünün qiymətini aşağı salmış oldu. O da məlum oldu ki, İran hələ də bizim düşmənimiz Ermənistanla birgədir. Bu səbəbdən də bizim işimizə dəstək vermədi. Ancaq belə hərəkətlərlə Azərbaycana heç bir təsir etmək mümkün deyil. Məsəl var deyərlər: "Çalış bir işə yara, sənli də olur, sənsiz də olur."

Vəli İlyasov, "İki sahil"