16 noyabr 2024 23:58
93

Avropanın Fransanın müstəmləkələrində törətdiyi cinayətlərə göz yumması ən böyük ədalətsizlikdir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti önəmli məqamları ilə diqqət çəkib.  Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı maraqla qarşılanıb. Ölkəmizin başçısı  çıxışında Azərbaycanın son illərdə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə münasibətlərinin yeni mərhələsindən danışıb. Bildirib ki, COP29-a ev sahibliyi edən Azərbaycan, iqlim dəyişiklərinə qarşı qlobal mübarizəsində öz yerini möhkəmləndirmək və kiçik ada dövlətlərinə dəstəyini genişləndirmək üçün mühüm addımlar atır.

Qeyd edək ki, hazırda kiçik ada dövlətləri iqlim dəyişikliyinin ən ciddi təsirlərinə məruz qalan  ərazilərdir. Həmin ölkələr qlobal istiləşmənin nəticəsi olaraq su səviyyələrinin artması, quraqlıq və ekstremal hava şəraiti kimi təhlükələrlə üzləşir. Ölkəmizin başçısı çıxışında inkişaf etmiş bütün ölkələrə, o cümlədən  müstəmləkə keçmişi olanlara müraciət edərək kiçik ada dövlətlərinin qlobal səhnədə səsinin eşidilməsinin və onlara maddi və texniki dəstək göstərilməsinin vacibliyini xatırladıb.

Prezident İlham Əliyev nitqində Azərbaycan tərəfindən kiçik ada dövlətlərinə edilən yardım proqramları barədə də məlumat verib. Bildirdi ki,  Azərbaycan iqlim dəyişikliklərinin təsirinə məruz qalan kiçik ada dövlətlərinə bir çox layihə və proqramlarla dəstəyini nümayiş etdirib. Dövlətimiz bir sıra kiçik ada  ölkələrinə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq məqsədilə yardım göstərib, su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək verib. Həmçinin belə təşəbbüslərə əlavə olaraq ondan çox kiçik ada dövlətindən olan vətəndaşlar Azərbaycanın universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramlarından yararlanıblar. Xüsusilə ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə 80-dən çox ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Təbii ki, Azərbaycan dövlətinin  fəaliyyəti  həm beynəlxalq səviyyədə, həm də regional müstəvidə ölkəmizin  iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm tərəfdaş kimi tanınmasına yardımçı olub.

Prezident İlham Əliyev sözügedən çıxışında COP29 çərçivəsində görülən işlər və Baham Adaları, Tonqa və Tuvalu ilə əməkdaşlıqdan da bəhs edib. Bu ilin mayında COP29 ilə bağlı planları müzakirə etmək üçün Baham adaları, Tonqa və Tuvalu rəhbərləri Azərbaycana səfərlər  etdilər. Dövlət rəhbərimizin  çıxışında önəmli məsələlərdən biri də kiçik ada dövlətlərində ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün «Azərkosmos» peyk məlumatlarından istifadə etmək məqsədilə Azərbaycanın Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalaması olub. Bununla yanaşı, Azərbaycan bu ölkələrdəki birgə layihələri dəstəkləmək üçün 10 milyon ABŞ dolları vəsait ayırıb və bununla da, ətraf mühitin qorunmasına daha bir töfhə verib.

Ölkəmizin başçısının çıxışında önəmli məqamlardan biri də Fransa Polineziyasında və Yeni Kaledoniyada dekolonizasiya problemləri idi.  Baxmayaraq ki, Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdən bəri BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınıb, bu ərazilərin dekolonizasiya prosesi hələ də tamamlanmayıb.  1966-1996-cı illərdə Fransa Polineziyasında Fransanın 193 nüvə sınağı keçirməsi, burada ciddi radiasiya və torpaq zəhərlənməsinə səbəb olub. Fransanın Əlcəzairdə də həyata keçirdiyi 17 nüvə sınağı nəticəsində regionların ekosistemində ciddi pozulmalar yaranması ilə yanaşı , yerli əhali də bu fəsadların uzun müddət təsirinə məruz qalıb.

Karib və Sakit Okean regionundakı dəniz ərazilərinin çətinliklərindən də bəhs edən ölkəmizin başçısı bildirib ki,  Fransanın və Niderlandın buradakı müstəmləkəçilik siyasəti  ekoloji vəziyyəti daha da pisləşdirir. Bəzi hallarda bu icmaların səsi onların metropoliya dövlətləri tərəfindən susdurulur, bu da onların öz müstəqilliklərini və hüquqlarını qorumaq yolunda maneələrlə üzləşməsinə səbəb olur. Lakin Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası Fransa müstəmləkələrində baş verən insan hüquqları pozuntularına göz yummuşdur. Halbuki bu gün 21-ci  əsrdir və artıq  Avropanın kiçik ada dövlətlərinə və digər müstəmləkə ərazilərinə qarşı ədalətli bir yanaşma göstərməsi  və bu ölkələrin öz müqəddəratını təyin etmə hüququna hörmətlə yanaşması mütləqdir.

Prezident İlham Əliyevin sözügedən Sammitdəki çıxışı bir daha göstərdi ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal lider kimi mövqeyini gücləndirmək və xüsusilə həssas və zəif ölkələrə dəstək göstərmək əzmini bundan sonra da davam etdirəcək. Bu, Azərbaycanın təkcə iqlim dəyişikliyinə qarşı mübarizədə deyil, həm də ədalətli bir dünya qurulmasında fəal iştirak etdiyini və geosiyasi məkanda da lider rolunu oynadığını göstərir.

Elçin Zaman, «İki sahil»